
Müasir poeziyanın problemləri...
(Şair, yazıçı - publisist Şahməmmədin ( Tel: 012 409 13 81, 055 201 02 90) son dövr şeir yaradıcılığı əsasında və 69 yaşın astanasında...)
"Artıran söz qədrini sidq ilə, qədrin artırar,
Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz."
Məhəmməd Füzuli
"Tale vermiş birisinə
Başdan-başa bu dünyanı.
O biri də axtarır ki,
Bir qəbirlik yerim hanı?"
T.Q.Şevçenko
"En sevdiyim memleket yeryüzüdür,
Sıram gelince yeryüzüyle örtün üzerimi."
Nazim Hikmət
Sözün qüdrətini, əbədiliyini, mahiyyətini çox ədiblər, şairlər, mövlanələr vəsf etmişlər və onların çox-cox böyük dəyərlərinə zərrə qədər də toxunmadan Mövlanə Füzulu babamızın sözə verdiyi ehyadan yoxdur deyirik!.. Çünki söz haqqında ən böyük kəşfi o etmişdir: "Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl, Edə səni hər saət ol uyğudan bidar söz."
Söz sənətinin Tanrısal gücünü bütün zamanların böyük tənqidçisi və fikir adamı, akademik Yaşar Qarayev belə ifadə edir: "...Zamanın çöhrəsi yalnız zamanın güzgüsündə görünür, ayrı heç yerdə. Maraqlıdır, hətta Zaman da öz əbədiyyətini sənətdə dərk edir. Tanrı görünə bilmək üçün Təbiəti, insan Tanrıya bənzəmək üçün Sənəti kəşf edir. ...Böyük sənəti yaradanlar həmişə Tanrı ilə, Təbiətlə və bir də Tarixlə "həmmüəllif" olurlar".
Kəşfə söykənən həqiqətlərdən biri də budur ki, zamanından, dövründən, istedadının böyüklüyündən, kiçikliyindən asılı olmayaraq sözü dərk edən bütün söz adamları (sözü dərk etməyin özü də bir istedaddır!) Füzuli babamızın bu söz bulağından diz qatlayıb su içmiş və "hər uyğudan bidar" olmaq xatirinə sözün, sənətin Tanrısal sehrinə sığınmışlar. Ədəbi-bədii sözün bu cür sehrinə sığınanlardan və "S Ö Z"ə sidq-ürəkdən ibadət üçün söz mehrabına doğru aramsız addımlayanlardan biri də, ömrünü sözə sərf edən şair, nasir, publisist Şahməmməddir! Özünəməxsus yaradıcılıq yolunda şahrah yerişli Şahməmməd!..
Respublika "Araz" Ali-Ədəbi mükafatı, "Qızıl Qələm", "Zərdabi" mükafatları laureatı, Azərbaycan Yazıçılar Birliyinin və Respublika Jurnalistlər Birliyinin üzvü şair Şahməmmədin imzası ilə mətbuatımızdan çoxdan tanışam və onun yaradıcılıgını ardıcıl izləyirəm...
İş elə gətirmişdi ki, hələ xeyli illər bundan əqdəm onun əlimə düşən "Xatirələr ocağının işığında" (1997) şeirlər kitabını oxuyandan sonra onun yaradıcılığı məndə maraq doğurdu, əvvəllər çap edilmiş kitablarını da əldə edib Şahməmmədin ədəbi şəxsiyyətilə ilıq bir ünsiyyət tapdım və bu ünsiyyətdən doğan bəzi qənaətlərimi "Qəlbini nar kimi kağıza sıxan şair" (1998) məqaləmdə əks etdirib o vaxt oxuculara çatdırdım...
Məqalənin dərcindən sonra şəxsən bir-birimizi tanıdıq və bu tanışlıq yaradıcılıq dostluğuna çevrildi... Bu illər ərzində Şahməmmədin yaradıcılığı xeyli inkişaf etdi, dalbadal iyirmiyə qədər kitabı çap olundu, nəfis şəkildə tərtib edilmiş beşcildlik "Seçilmiş əsərlər"i (2009) qarşımdadır – 45 illik yaradıcılıq yolunda çəkilən gərgin poetik zəhmətin bəhrəsi olan, hərəsi 25-30 çap vərəqi həcmində kərpic-kərpic kitablar... Və bu çoxcildliyin pyedestalından qələm dostum şair Şahməmmədin gülümsər çöhrəli, ciddi baxışlı poeportreti boyaboy canlanır... Bütün bunlar içimdə bu zəngin yaradıcılıq yönünə bir rəğbət doğurdu və Şahməmmədin yaradıcılığı barəsində "Çaylar geriyə axmır..." mini-monoqrafiyası yarandı. (Poeziyanın sirri: Çaylar geriyə axmır, dənizə can atır və yaxud qəlbini nar təkin kağıza sıxan şair Şahməmmədin poeportreti (mini-modern monoqrafiya). Bakı, "MBM" nəşriyyatı, 2009, 104 səh.) Kitabda müasir poeziyamızın bir şəxsin fərdi yaradıcılığı əsasında təkamülü və inkişaf meylləri, struktur xüsusiyyətləri, kompozisiyası, mövzu, məzmun və obrazlar sisteminin mahiyyəti, yaradıcılıqda əldə olunan yeni ədəbi-estetik dəyərlər filoloji fikir işığında şərh edlmiş, tanınmş şair, yazıçı-publisist Şahməmmədin poepotreti canlandırılmışdır...
Bu yaxınlarda Şahməmmədin son illərdə yazdığı və "Kredo" qəzeti 06 fevral 2015, 10 aprel 2015 tarixli saylarında dərc olunan şeirlər silsiləsini oxudum və doğrusu təsirləndim, duyğulandım və bu hisslərin biz yaşda olanlara nə qədər yaxın olmasının fərqinə vardım...
Şahməmməd ruhən şairdir, qəlbən şairdir və ürəyində, içində Allah sevgisi, torpaq, Vətən sevgisi, insan sevgisi, söz sevgisi var. Həyatda sevinc və kədər üzərində köklənməyi, sarı sim üstə "Şirvan gözəlləməsi" ahəngində ötməyi bacarır... Əvvəllər də belə idi, indi də belədir. Onun son illərdə yazdığı və dediyim kimi, mətbuatda dərc etdirdiyi şeirlər şairin yeni ovqatının - ahıllıq çağlarının hiss və duyğularının lirik tərcümanıdır desəm, səhv etmərəm zənnindəyəm...
Şahməmmədin şəxsiyyətini və keçdiyi yaradıcılıq yolunu müasir, gənc oxuculara bildirmək məqsədilə onun haqqında qısa bir arayış təqdim edirəm:
Hörmətli oxucu, Şahməmməd Şahməmmədov 6 avqust 1947-ci ildə Azərbaycan Respublikası, Ağsu rayonu, Ləngəbiz dağ silsiləsində yerləşən Ləngəbiz kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra M.Ə.Sabir adına Şamaxı Pedaqoji Texnikumuna daxil olmuşdur. Texnikumu bitirib, Ağsu rayonunun Cəfərli və Ərəbuşağı kəndlərində 2 il müəllim işləmişdir. Sonra Uzaq Şərqə əsgəri xidmətə getmişdir. Hərbi mükəlləfiyyətini başa vurduqdan sonra təhsilini davam etdirmək üçün Bakı şəhərinə gəlmişdir. ADU-nun hüquq fakültəsinə daxil olmuşdur. Eyni zamanda fəaliyyətini respublikanın hüquq-mühafizə orqanları ilə bağlamışdır. 1982/84-cü illərdə SSRİ DİN-nin Moskva şəhərindəki akademiyasında təhsil almışdır. Bir sıra məsul vəzifələrdə işləmişdir. Serjant rütbəsindən polkovnik rütbəsinə kimi yüksəlmişdir. Bütün bu illər ərzində bədii yaradıcılıq bir an belə olsun onu tərk etməmişdir.
Hörmətli oxucu, o, 50 ildən çox yaradıcılıq yolu keçmişdir. Nəyi görmüşsə, nəyi eşitmişsə, hansı məqamlar duyğularına öz bədii təsirini göstərmişsə, yalnız onları qələmə almışdır. Şairi həmişə Allahın ucalığı, Onun möcüzələri, təbiət, insanlar düşündürmüşdür. Şahməmmədin "Dağlar, səndə nəyim qaldı", "Настало время (Vaxt yetişib)", "Sevməsəydim, yaşamazdım", "Xatirələr ocağının işığında", "Çaylar geri dönmür", "Həyəcan dolu beş il", "Yerlə Göy arasında", "Ləngəbiz", "Bakı polisi: qısa tarixi və müasir dövrü 1840-2005", "İldırımlar qanadında", "Yollar", "Bu gün açılacaq yaylım atəşi", "O sevgini unutmaq olmur", "Nəğmələr dünyası", "+994552010290", "Şahməmməd 2006", "Qurban Bayramov – şəxsiyyətin böyüklüyü, böyüklüyün şəxsiyyəti" kimi kitabları işıq üzü görmüşdür. 2009-cu ildə "Seçilmiş beşcildlik əsərləri" çap olunmuşdur. "Bahar çiçəkləri", "Dünyamız ağ göyərçin", "Pyeslər" kimi almanaxlarda əsərləri dərc olunmuşdur. Bir sıra kitablara redaktorluq etmiş, ön söz yazmışdır.
Şahməmməd ədəbiyyata hay-haraysız gəlmişdir. Mətbuatda "Çiçəklər" adlı ilk şeiri 1966-cı ildə, hələ tələbə ikən çap edilmişdir. Şahməmmədin bir sıra şeirləri rus, fars dillərinə tərcümə edilərək çap olunmuşdur. O təkcə şair deyil, həm də publisistdir. 50 ildən çox yaradıcılıqla məşğul olan Şahməmmədin poetik deyimləri bu gün də tutarlıdır. Onun yaradıcılıq xəritəsi genişdir. Bu da onunla bağlıdır ki, Şahməmməd dünyanın bir çox ölkələrində olmuş, çox gəzmiş, çox görmüşdür. Gördüklərini isə qəlbinin hökmü ilə qələmə almış, söz çalarlarına qataraq bizə çatdırmışdır. Dili şirindir, kövrəkdir, duzludur. Sözdən canlı heykəl yaratmağı bacarır. Onun əsərlərini oxuduqca sözün işığından nur alırsan, kökü suda olan ağaclar kimi dincəlirsən.
Onun haqqında ədəbiyyatımızda özünəməxsus yeri olan şair İlyas Tapdıq, şair-publisist Əli Rza Xələfli, İsgəndər Etibar, Zülfüqar Şahsevənli, filologiya elmləri doktoru, ədəbiyyatşünas-tənqidçi Vaqif Yusifli, Dövlət mükafatı laureatı Məstan Günər, politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Tahir Taisoğlu, filologiya elmləri doktoru Seyfəddin Rzasoy, nizamişünas, yazıçı-dramaturq Ramiz Əkbər, filologiya elmləri üzrə fəlsəfə doktoru Sona Xəyal, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Şahrza Ağayev, Əməkdar mədəniyyət işçisi, publisist Zeynal Babayev, jurnalist Emin Axund, yazıçı-jurnalist Emil Tahiroğlu, yazıçı-jurnalist Natiq Qocaman və s. mətbuat səhifələrində öz fikirlərini söyləmiş, Şahməmmədə bir şair-publisist kimi müxtəlif prizmalardan öz dəyərli qiymətlərini vermişlər. Ədəbiyyatşünas-tənqidçi, alim Qurban Bayramov isə Şahməmmədin yaradıcılığı haqqında mini-monoqrafiya yazmışdır. Bu gün də onun yaradıcılığı ədəbi mühitin diqqətindədir...
Müğənnilərimiz – M.Bağırzadənin, F.Kərimovanın, Z.Məmmədovanın, F.İbadovanın, C.Məmmədovun, T.Vəlizadənin, E.Şirvanlının, Y.Mustafayevin, B.Əşrəfovun, T.Eyvazoğlunun, E.Rəhimovanın, Y.Babayevanın, B.Mehdiqızının, aşıqlardan V.Mahmudoğlunun və s. ifa etdiyi 30-a yaxın mahnının sözlərini məhz Şahməmməd yazmışdır.
O, Azərbaycan yazıçılar və jurnalistlər birliyinin üzvüdür. "Qızıl qələm", "Araz" ali-ədəbi, "Zərdabi" mükafatlarının diplomuna layiq görülmüşdür. Cəmiyyətimizdə ictimai qaydaların qorunmasında bir polis zabiti kimi yaxından iştirak etmişdir. Qarabağ döyüşlərinin iştirakçısı olmuşdur.
Şahməmməd 68 yaşın içindədir. O, "Sanıram ki, dünəndi bu" şeirində keçmişinə nəzər salaraq yazır ki, illərin nə vaxt, necə gəlib keçdiyini hiss etməyib. Bir də baxıb ki, yaşın ahıllıq məqamında var-gəl etməkdədir... Şahməmmədə cansağlığı, yaradıcılıq uğurları arzu edirəm! İnanıram ki, o, ədəbiyyatımıza yeni-yeni qiymətli əsərlər bəxş edəcəkdir...
Neçə on illər olduğu kimi, indinin özündə də Şahməmməd poeziya cəbhəsinin də mərdanə döyüşçülərindən biridir. Və hər bir ağac öz barını verdiyi kimi, hər bir şair də öz ömrünün barını verir, lakin bir fərqlə, şair ömrünün - yaşının hər mərhələsində dəyişir, yeniləşir, başqa bir ovqatda, başqa bir əhvalda, fərqli bir yaşam tərzində, duyğular kökündə olurlar. İstedadlı şairlərin şeirləri onun ömürlüyüdür və Şahməmmədin son dövrdə mətbuatda dərc edilən şeir silsilələrini oxuyanda bu həqiqətin gerçəkliyinin bir daha şahidi oldum...
Onun özünəməxsus poetik kredosunda estetik dəyər səviyyəsində belə bir məqam var: "Oxunmayan şeir ölüm kimi bir şeydir". Ona görə də bir qələm sahibi kimi onun oxucularına belə bir müraciətinə tam haqqı çatır:
Ey oxucu! Dinlə məni bircə anlıq,
Görüşmüşəm çoxunuzla, azınızla.
Biz bir dünya, biz bir yumruq, biz bir canıq,
Qanadlanıb hey uçmuşam yazınızla.
Kəlmə-kəlmə tərəzidə çəkilmişəm,
Titrəmişəm bir oyanış zəngi kimi.
Gözünüzdə ağac kimi əkilmişəm,
Yaşamışam içinizdə sevgi kimi.
Bu, Şahməmmədin əvvəllər qələmə aldığı şeirlərindəndir, bugünkü şeirlərində də öz məramını, estetik mahiyyətini saxlayır, və şair şəxsiyyətinin istək konturlarını ölçüsündə əks edir, "kəlmə-kəlmə söz tərəzisində çəkilən, söz üçün ürəyinin dərisindən" sivrilib oxucularının qənşərinə çıxan şairin obrazı göz önünə gəlir.
Həmçinin, 68 ildən artıq ömrünün 50 ilini qələmə, sözə ləyaqətlə sərf edən təcrübəli bir sənət sahibinin bugünkü bir çox gənc şairlərimizdə "defitsit" olan sözə qarşı məsuliyyət hissinin siqlətli poetik etirafıdır... Etiraf isə tövbə qədər əzizdir, müqəddəsdir!..
Və Şahməmməd həmişə ürəyinin, ruhunun gerçəklikdən oxuduğu, qəlbinin gözü ilə gördüyü, duyduğu, yaşadığı, yanıb-qovrulduğu hissləri, poetik etirafları əsərlərinə gətirdiyindən onun şeirləri oxunaqlıdır, duyumludur...
Çəkirəm saatın əqrəblərini,
Geriyə, bir ömrün gənc illərinə.
Çəkirəm saatın əqrəblərini,
Gör nələr danışır əqrəblər mənə.
("Kredo" qəzeti, 06 fevral 2015).
O, öz şair ömrünün mahiyyətini, mənasını, cövhərini şeirə çevirməyi bacardığından özünəməxsus yaşantısı, duyğusu, öz ağrısı olan bir şair ömrü şeirləşib, başqa sözlə desək, şair ömrü şeirdə, şeir ömrü şairdə reallaşa, əbədiləşə bilib və baxımlı, duyumlu poetik xatirələr tablosu yaranıb:
Keçən ömrüm hardan gəldi, hara getdi?
Keçən ömrüm rəqəmlərin toplusudur.
Doğan-doğdu, ölən-öldü, itən-itdi,
Keçən ömrüm xatirələr tablosudur
Və Şahməmmədin oxucularına təqdim etdiyi bu yeni, hələlik heç bir kitabına düşməyən şeirlər silsilələri sevinclərdən, sevgilərdən, kədər və iztirablardan keçən məhsuldar və həssas şair ömrünün dəyərli, lirik lövhələrini əks etdirən, xatirələrdən doğan, lakin ictimailəşən lirik həqiqətlər silsiləsidir. Ahıl yaşın yaşanılan ruhunun interperetasiyasıdır... Onun müdrik cağında ovqatına tutulan güzgüdür... Ömrün o başından - gənclik çağlarından gələn zəng səsidir, bu səsin oyatdığı xatirələr silsiləsidir:
Dünən mənə zəng vurdular bir ünvandan,
Gözləmirdim, boyum artdı qarış-qarış,
Sanırdm ki, tək qalmışam, daha yadam,
Sən heç demə xatirələr oyanarmış.
Qəfil zəngdən, qəfil səsdən kövrəldim mən,
Asta-asta, addım-addım döndüm geri.
Yuxum qaçdı, yaşım dən-dən, saçım dən-dən,
Başqa rəngdə gördüm göyü, gördüm yeri.
Yada düşdü xatirələr, şirin günlər,
Yada düşdü bir qocanın gənc illəri.
Yada düşdü bircə anda nələr... nələr...
Yada düşdü bir ömrün fəsilləri.
("Kredo" qəzeti 10 aprel 2015).
Həmişə olduğu kimi bu şeirlərində də imitasiya yoxdur, hissin axarı təbiidir. Onun son dövrdə müxtəlif mövzularda qələmə aldığı şeirlərinin əsas xətti, yenə də məhəbbət lirikasıdır ki, biz də bu xətti tutub getdik...
Şahməmmədin son dövrdə dərc etdirdiyi şeir silsiləsindən şandan bal süzülən təki, doğrudan da sevgi, məhəbbət süzülür. Çünki bu sevgi hissi ürəyə, cana hopmuş, müəyyən mərhələlərdən keçmiş, indi isə nostalji impulslardan oyalanan mənbədən gəlir. Məncə, belə olmasaydı, bu dərəcədə səmimi, təbii şeirlər də olmazdı. Onun indiki şeirləri ahıl yaşın mənəvi-psixoloji topoqrafiyasıdır desəm, yanılmaram! Şahməmməd ürəyini qarşısına qoyub qələmə sarılan yazarlardandır... Bu şeirlərdə bu yaşın doğurduğu həzin iztirablar, qayğılar, ağrılar, biganəlikdən sızıldayan ürəyin psixoloji halları əksini tapıbdır, "Məhəbbət də qocalarmış..." şeirində olduğu təki:
Görmək olmur ağ yolları,
Axı niyə qocalmışıq?
Dünya başdan-başa sarı,
Hanı Günəş, hanı işıq?
...İstəyimiz çilik-çilik,
Baxışımız daş olarmış.
Bu dünyada heç bilməzdik,
Məhəbbət də qocalarmış...
(Yenə orada.)
Şahməmmədin poetik obrazlarının klassik biçimi və ifadə yeniliyi, ilk baxışdan diqqəti çəkir. Başqa sözlə, Şahməmməd klassik obrazlara, təşbehlərə təzə ifadə tərzi, orijinal yozum verməyi bacarır. Bu da, ondan irəli gəlir ki, Şahməmməd klassik ədəbiyyatı sevir, duyur, ruhunda, damarında geneloji kod kimi gəzdirir və onun yaradıcılığında intellektual səviyyə açıq-aşkardır, görümlüdür...
V.Q.Belinski məqalələrində dəfələrlə təkrar edirdi ki, "harda həyat varsa, orada poeziya da var!" Mənsə, böyük münəqqidin dahiyanə fikrini, perefraz edərək deyirəm: "Harda məhəbbət, sevgi varsa, orada poeziya da var!"
Bu mənada, Şahməmmədin şeirləri həyatın poeziyasıdır və özü dediyi kimi, onun şeirləri öz şirəsini, öz mayasını təbiətdən, doğma torpaqdan alır, ilk məhəbbətdən, insana sevgidən yaranır:
... Hanı ilk məhəbbətim?
Mənim tək məhəbbətim?
Qəm çək, çək məhəbbətim,
Hara uçdu o sevgi?
...Sən anasan, mən ata,
Gedirik bata-bata.
İlləri sata-sata,
Hara uçdu o sevgi?
O sevgimi gəzirəm,
Deməsə də dözürəm.
Qar yağır birəm-birəm...
Hara uçdu o sevgi.
("O sevgimi gəzirəm..., Yenə orada.)
Çoxları kimi, onun da, şeirləri öz şirəsini, mayasını təbiətdən, doğma torpaqdan, ataya, anaya və insanlara olan məhəbbətdən götürüb. Təbiətin fəlsəfəsini, qanunauyğunluqlarını, təkraredilməzliklərini, duyduqlarını, düşündüklərini şeirə gətirməyə çalışmışdır. Bu insan təbiətidir, ömrün xəzan çağından keçib qış qarına düçar olmuş ömrün həzinliyidir ki, müəllifi sızıldadır... Və elə buna görə də, onun şeirlərindən uşaqlıq, gənclik illərində gördüyü taxıl zəmilərinin bərəkətli ətri gəlir; laləli, çiçəkli, yoncalı biçənəklərin yel vurduqca tellənən lacivərd dalğaları görsənir onun şeirlərindən; nostalji hisslər, duyğular dalğasında bütün Ləngəbiz dağları, Şirvanın yastı yolları boylanır onun şeirləridən...
Klassik realizmlə müasir realizmin qovuşması - gerçəkliyi görmək bacarığı yaradıcılığın ən ümdə problemlərindəndir, o cümlədən də poeziyanın. Müasir poeziyadan yoxalmağa doğru gedən bu məsələdə Şahməmməd indi də təpərlidir və bunun öhdəsindən bacarıqla gəlir. Ümumiyyətlə, onun poeziyasında falş, süni, qondarma heç nə yoxdur. Zəif, güclü, yetərincə onun şeirləri insanın kecirdiyi gerçək hissləri, duyğuları, düşüncələri dürüst, öz istedadının və bacarığının ampluasında poetik əks etdirdiyindən təsirlidir, inandırıcıdır, "Mənim Ləngəbizim" şeirində də bu xətt davam etməkdədir. Burada da nostalji hisslər baş qaldırır, gənclikdə doğma kənddən şəhərə köç, indi ömrün sonlarında şəhərdən kəndə köçə çevrilir və əfsuslar ki, bu son köç olur:
...Quş olub şəhərə uçdum bir zaman,
Ürəyim geriyə uç deyir indi.
Dünya qəribəymiş aman, ay aman,
Xəyalda rənglərim qarışdı, dindi.
...Ləngəbiz torpağı çağırır məni,
Əkib becərməyə qalmayıb gücüm.
Əkmişəm yaddaşa ey torpaq səni,
Köçəcək qoynuna, köçəcək köçüm.
Daş olub göylərdən üstümə yağma,
Unudub hər şeyi dönəcəm sənə.
Bağışla sən məni, dönük çağırma,
Qarışıb torpağa dönəcəm sənə.
(Yenə orada.)
Həyat və ölüm fəlsəfəsi qədim türklərin dünyagörüşündə "Uca Tanrıdan başqa heç nə əbədi deyil!" inamı-inancı ilə bağlıdır. "Oğuz dastan"ında bu inanc belə şərh edilmişdi: "Adem toprakdan yaratılmışdı. Ve sonunda toprak oldu. Biz de hepimiz toprak olacağız. İnsan ne kadar güclü olursa-olsun, bunu unutmamalı və iyilik yapmalı, kötülük deyil." Bu inancdan və bu dastandakı şərhdən Şahməmmədin xəbəri olub-olmamasını bilmirəm. Amma tutaq ki, heç xəbəri də yoxdur... Lakin Şahməmməddə bu inam və inanc genetik bağlarla olmasına bir zərrə qədər də şübhəmiz yoxdur və onun son dövrdəki şeir yaradıcılığı, demək olar ki, bu qədim türkə məxsus performansdan ibarətdir...
Hər bir şairin şeirinin öz rəngi var və bu rəng onu bir şair kimi seçdirir, məhz onun varlığının olduğunu bəlirdir. Şahməmməd poeziyası bu cəhətdən də mükəmməldir və onu şair "mən"ini canlandırır. Bu cəhətdən Şahməmməd bir şair kimi əsl həyat adamıdır. Onun şeirlərində həyatın məntiqi ilə poetik məntiq birləşə bilir; həyat həqiqəti estetik həqiqətə çevrilir. Bax, elə çətini də, budur!.. Əslində, yaradıcılıq da, budur!..
Onun "Atama, anama məktub" şeiri var. Bu indi yazılıb... Olduqca təsirli, kövrək, ibrətamiz, həyati hisslərin tərənnümüdür. Dünyalarını çoxdan dəyişmiş valideynlərə ünvanlanıb... Xatirələr közərir, uşaqlıq və gənclik illərində ata-ananın tükənməz qayğıları canlanır... Həmişə gözləri oğul yolu gözləyən valideynlər təsvir edilir. Şeirin qəhrəmanı da indi ata-anasının yaşındadır... Və bu dünyada az-az gördüyü, az-az görüşdüyü ata-ananın o dünyada əbədi görüşünə hazırlaşır:
Yəqin yenə məni gəzir,
Gözləriniz son mənzildə.
Baxışınız məni əzir,
Gələsiyəm ora mən də.
İntizarda qoymayacam,
Ata, ana, bilin sizi.
Gözlərimə hopub hicran,
Ürəyimdə haqqın səsi.
(Yenə orada)
Şahməmməd yaradıcı şəxsiyyət kimi özünün ahıl çağındakı şairlik psixologiyasını canlandıra bilir və bu şeirlər olduqca təbii fakturada üzə çıxır. Şahməmməd ahıl yaşın ağrılarını, acılarını, son mənzilin vahiməsini ilk məhəbbətin xatirələrinə sığınaraq ovundurur və əslində yaşamaq uğrunda qiyama qalxır. Və bu qiyam onun son dövr qələmə aldığı şeirlərində gizli bir tövrdə, şeirin alt qatında məkanlaşır. Üzdə nostaljidir, pessimist əhvallıdır, alt qatda isə yaşamaq eşqinin alovları tüğyan etməkdədir...
Və bu keyfiyyətlər onun həm bir insan, həm də şair ömrünün tufanlı, ziqzaqlı, amma şərəfli yollarına işıq salır, çıraq tutur, dumanlıqlardan çıxarır, yaşamaq formulu axtarır, bəzən də torpağı daha yaxından, bütün azmanlığı ilə qucmaq istəyi onu qanadlandırır, sevgisini mavi nəğməli mavi dənizə döndərir və deyəsən, şairlik elə bu andan başlayır:
Görüşdük əzizim, çılğın öpüşdük,
Səs gəldi, qəfil səs ayırdı bizi.
Səslərdən toxunmuş bir tora düşdük,
Titrək görməmişdim gülüm, dənizi.
Gecə görüşdük ki, gecədə qalsın,
Sulara baş vurduq silinsin izlər.
Dedik danışarıq biz xısın-xısın,
Dənizə köçübmüş sən demə şəhər.
Uddu lal qayalar gəlişimizi,
Uddu lal qayalar səsimizi də.
Sökdü lal qayalar, sökdü dənizi,
Sökdü lal qayalar, sökdü bizi də.
Minib atımızı döndük şəhərə,
Dodaqlar, öpüşlər asılı qaldı.
Keçdi ürəyimdən o dağ, bu dərə,
Çaylar "çəngi"sini çaldı, nə çaldı.
("Bir gecə görüşü", Kredo qəzeti, 10 aprel 2015).
Müasir poeziyanın fikrimizcə zəif cəhətlərindən biri də poetik mətnin daxili enerjidən, güclü impulsdan bica olmasıdır. Bu cəhətdən Şahməmmədin şeiri fərqlidir və az qala o hər bir şeirini mürəkkəblə deyil, ürəyinin qanı ilə, geneloji kodla yazır, "Qan yaddaşı" şeirində olduğu kimi:
Azərbaycan bayrağında,
Xocalıdır-qan yaddaşı.
Yaddaşların caynağında,
Xocalıdır - qan yaddaşı.
...O gün vardı şaxta, ayaz,
Şair sən də qanınla yaz.
Qəmə sığmaz, dərdə sığmaz,
Xocalıdır - qan yaddaşı.
(Yenə orada)
Yaxşı cəhətlərdən biri budur ki, Şahməmməd bir qələm sahibi olduğunu dərindən-dərin dərk edir və dərk etdiyini, duyğülarını, hisslərini bacarıqla şeirə çevirə bilir... O, söz mülkünün astanasında, kandarında baş girləyənlərdən deyil və söz mülkünün sahibi-sakinlərindəndir. Ulu babaları kimi "SÖZ"ün qədrini, qiymətini, siqlətini içində gəzdirənlərdəndir...
Şahməmməd müdriklik və ahıllıq yaşının bu vədəsində eləcə yaşının, kamalının havasına, ahıllıq çağının psixoloji yaşantılarına güzgü tutan, kövrək hisslərə köklənmiş, nostalji hisslər, duyğularla yoğurulmuş şeirlər yazır, lalə donunda poetik xatirələrini qələmə alır:
İtirmişəm şən günlərin sorağını,
İtirmişəm saçlarımın darağını.
Axtarıram o ürəyin çırağını,
Ağrılarım səni gəzir... Nə etməli?
Hanı əllər tapa məni, əzə məni,
Aparan yox bir axşamlıq sizə məni.
Kim gətirib bu dünyada gözə məni?
Yaş ötdükcə insan bezir... Nə etməli?
Dinlə məni, bir baxışın bəsim olar...
Eşitmirəm! Dərman olsa səsin olar.
Qarmı yağdı? Uzaqlaşıb məndən bahar?
Varlığımdan külək əsir... Nə etməli?
("Bu axara könlüm dözür... Nə etməli?", "Kredo" qəzeti, 06 fevral 2015).
"Bu gecə", "Yağış yağır", "Mən səninləyəm", "Nə vaxtsa", "Bir gecə görüşü", "Günlər... Günlər.." , "İnciməyin məndən, dağlar", "Ürəyimdə haqqın səsi", "Atama, anama məktub", "Etiraf", "Zəng vurdular" qəbildən şeirlərdə uzaqlarda qalan məhəbbətin yanğıları, çınqıları, kül altda qalan qorun öləziyən işartıları həsrət notlarına dönür major-minor havacata çevrilir:
Ürəyimdən bir söz keçir,
Qəbul etsən dil açaram.
Mənə o şərabdan içir,
Qar yağsa da gül açaram.
Boynu bükük bənövşəyəm,
Əllərindən umuram güc.
Heç bilmirən kiməm, nəyəm,
Yerim olub o künc, bu künc.
Məndə, gülüm, qoxun qalıb,
Kölgən yapışıb əlimdən.
Tuşlamağa oxun qalıb,
Nə durmusan, vur sinəmdən!
("Mən səninləyəm", Yenə orada.)
Və yaxud:
Pəncərəmi döyür yağış,
Bəlkə yağış olub o qız?
Göylər sizə düşür alqış,
Mən tək idim evdə yalqız,
Gör yadıma düşdü nələr...
İlk sevgimin, ilk sorağı.
Uzaqlaşır məndən illər,
Söndürüb külək çırağı.
("Yağış yağır", Yenə orada.)
Şahməmməd olduqca maraqlı həyat yolu keçib, yaşının bu müdriklik çağında dəyərli təcrübə toplayıb və onun özü demiş ulduzlu günləri çox olub və indi o ulduzlu günlərin uzaqdan bərq vuran, bu yaşda hamımızın gizli-gizli keçirdiyimiz hissi. ovqatı şeirə çevirir. Olduqca böyük insan, böyük alim, 7-dən 70-ə bütün Azərbaycanın tanıdığı filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev yaş problemləri ilə məşğul olan alimlərin maraqlı bir nəticəsini vaxtaşırı misal gətirər: "İnsanın 65-75 yaş arası ahıllıq, müdriklik çağıdır, 75-85 yaş arası qocalıq gəlir, 85-dən yuxarı isə uzunömürlülük adlanır..."
Sonra, adətən ahıl şairlərin yaradıcılığından danışanda belə bir deyimi də işlədirlər: "Filankəs gənclik həvəsi ilə, gənclər üçün yazıb-yaradır!" Amma, hər gülün öz ətri olduğu kimi, hər yaşın da öz hissləri, öz yaşantıları, öz əhval-ruhiyyəsi var. Şahməmməd hissinə, duyğusuna münasibətdə dürüstdür, məşşatəliklə işi yoxdur, ahıllıq və müdriklik çağında ahıllar və müdriklər üçün Xarı bülbülə dönüb, dadlı-duzlu, xoş avazlı, ulduzlu günləri xatırlayaraq (yox, həm də xatırladaraq) bala-bala "Şirvan şikəstəsi" üstündə ötür, başqa sözlə bu şeirlər bütün ömrün rekviyemidir:
Deyirəm ki, gəl qayıdaq,
Çəkir əlin nazlı günlər.
Yarpaq-yarpaq, budaq-budaq,
Sozalır avazlı günlər.
Əziz, doğma, o küçədə,
Bizi qucardı gecə də.
Yanıb sönərdik necə də,
Hanı dadlı-duzlu günlər?
Uçub gedib gülüşümüz,
Gedər olub gəlişimiz.
Biz deyilik daha o biz,
Hanı o ulduzlu günlər?
("Günlər... Günlər...", "Şairin fevral şeirləri – Dindi xatirələr lalə donunda"
silsiləsindən, Kredo qəzeti, 06 fevral 2015).
Şahməmmədin bütün dünyaya olan sevgisi ağlın və könlün yağından güc alan çıraq olur, poeziya nəhrində üzən gəmisinə bu sevgi mayak olur... Onu həyatın tufanlarından, burulğanlarından keçirir və elə buna görə də, Şahməmmədin bir şair kimi haqqı çatır ki, açıq ürəklə, səmimiyyətlə, təbii ahənglə deyə bilsin və inandırsın ki:
Təzələnir ruhum, canım,
Axı bunu necə danım?
Şeirləşir günüm, ayım,
İlham mənə yaz deyəndə.
... Möcüzəmi sanım bunu,
Axı necə danım bunu.
Uzaqlaşır ömrün sonu?-
İlham mənə yaz deyəndə.
("İlham mənə yaz deyəndə", Kredo qəzeti, 10 aprel 2015).
Əsl İnsan, şair bir çox mənəvi keyfiyyətlərin daşıyıcısıdır... Bu poeziyada əksini tapan mənəvi-əxlaqi buketdir.. Və bu mənəvi-əxlaqi buketin şah qızıl gülü şairin şeirlərində ifadə olunan məhəbbətidir - böyük hərfli Məhəbbət! Bütün ətrafına, mühitinə, dünyasına, Tanrısına MƏHƏBBƏT! Şair olan kəs, əlinə qələm alıb ağ vərəqlə sinə-sinəyə qalmağı bacaran kəs məhz bu cür məhəbbətin qravitasiya – cəzb yükünü önləməyi bacarır:
Əlli il baş-başa yaşayanları,
Ölümmü ayırdı, yoxsa sərt ayaz?
Məhəbbət yükünü daşıyanları,
О biri dünya da ayıra bilməz.
...Çimizdir nurunda qələmimi də,
Məni də çimizdir bilim nur nədir.
Gəl qoşa unudaq gülüm qəmi də,
Qocalıq nə vaxtsa gəldi gedərdır.
("Nə vaxtsa", Yenə orada.)
Mən, bu məqalənin Ramazan bayramı günündə son cümlələrini yazıram. Şahməmmədin son dövr yaradıcılığını belə gördüm, belə dərk etdim və beləcə də şərhə çalışdım... Sətirlər içindən boylanan, ahıl və müdrik yaş dövrünü yaşayan Şahməmmədin ahıllıq çağlarının poeportretini, məhəbbətinə sığınan şair obrazını ədəbi sözün gücü ilə canlandırmağa cəhd elədim və mənə elə gəlir ki, bəqədri-qüvvə buna nail oldum... Təkcə Şahməmmədinmi?!. Şahməmməd bir qələm sahibi kimi bizim müasirimizdir, qələm dostumuzdur, bizim çiyindaşımızdır, yaşdaşımızdır, sıra nəfərimizdir, mənəvi qohumumuzdur, bizim birimizdir. Bu mənada, burada hamımızdan nəsə var... Deməlı, elə hamımızdan yazmışam və bu məqalə ahıl yaş dövrünü yaşayan, bu həzin hissləri aşkar-gizli yaşayan hamımıza həsr olunub... Allah hamımızı biganəlikdən qorusun, bir-birimizə olan istəyimizi, məhəbbətimizi artırsın!.. Amin!!.
Qurban Bayramov
tənqidçi-ədəbiyyatşünas.
17.07.2015.