Röya onun ümid çiçəyi idi

Röya onun ümid çiçəyi idi

1 İyul 2011 22:58
Bəyəndim (0) Bəyənmədim (0)
Bir ananın fəryadı

Həyat şirin olduğu qədər də zalım, zülmkardır bəzən. Həyat, sən niyə çox vaxt hökmünü belə sərt verirsən? Nədən xoş günlərin içində acılar yaşadırsan?! Həyat, sən niyə belə qəribəsən?..

... O, şirin nağıllara deyil, real həyat hekayəsinə çox inanırdı. Çünki reallıqda gördüyü işlərin bəhrəsi göz önündəydi. Nağıllarsa onu hərdən uşaqlığına, şirin xatirələrə aparardı. Bəzən uşaq olmaq istərdi. Qayğısız və ərköyün bir uşaq... Amma artıq anaydı və 23 yaşlı bir qızı vardı. Bu qızcığaz ona şirin nağıllar yaşadırdı. Lakin nə Mətanət xanım, nə də qızı Röya ağıllarına belə gətirmirdilər ki, nə zamansa bu şirin nağıllar onlara böyük bir acını yaşatmaqla bərabər bir faciə qapılarını döyəcək...

... Mətanət xanımla ilk tanışlığımız bir neçə il öncəyə təsadüf edir. Onun təqdimat mərasiminə mən də dəvətliydim. Mətanət xanımın hər kəsi mehribanlıqla qarşılaması nəzərimdən qaçmadı. Və beləliklə, biz yaxından tanış olduq. Dostluğumuz davam etdi. Düzdür, mütəmadi olaraq görüşə bilməsək də, ara-sıra zəngləşir, telefon əlaqəsi saxlayırdıq. Hətta doğum günümdə də o məni tək qoymadı. Qızı Röyayla ad günümə təşrif buyuran Mətanət xanım mənə ən xoş sözlərini söylədi. Çox kövrək insandır bu xanım. Odur ki, dilə gətirdiyi arzularındakı sözlərin özündə belə bir təsəlli vardı. Lakin son aylarda səhhətimlə əlaqədar tez-tez vətəndən uzaqlara getdiyim üçün Mətanət xanım məndən xəbərsizdi. Bir gün onunla telefon əlaqəsi saxlayıb başıma gələnləri danışdım. Onun bu dərəcədə kövrələcəyini heç ağlıma gətirməmişdim. Əslində bu barədə düşünməliydim. Çünki Mətanət xanımın bütün varlığıyla notlara köçürdüyü nəğmələrdən böyük bir ürək sahibi olduğu açıq-aşkar duyulurdu. Mətanət xanım səhhətimdə problem olduğunu bilən kimi mənə ürək-dirək verməyə başladı və "Qızım da sizə salam göndərir. Bilirsiz də, o sizi nə qədər çox istəyir", - dedi. Daha sonra məni evlərinə qonaq dəvət edən Mətanət xanıma bildirdim ki, yenə vətəndən uzaq düşüb həkimə gedirəm. Mətanət xanım, "Elə isə qayıdan kimi mütləq sizi gözləyirəm. Bax, Röya da deyir ki, sizi qızınızla bərabər gözləyəcəyik. Özünüzdən muğayat olun", - dedi.

Bəli, yola düşüb gedəndə heç düşünmədim ki, Mətanət xanımın evinə artıq qonaq kimi deyil, yas mərasiminə getməli olacağam... Bu mənim üçün çox ağırdı...

Artıq həkimdən gəlmişdim və Mətanət xanımgilə qonaq getməyə hazırlaşırdım. Yəni bir-iki günə zəngləşib görüşəcəkdik.

... Həmin gün mən yas mərasimindəydim. 17 illik rəfiqəmin ölümündən artıq bir il ötürdü və belə bir ağır gündə göz yaşlarıma boğulub əyləşmişdim. Bu vaxt telefona zəng gəldi. Zəng edən televiziyadan yaxşı tanıdığımız Lətafət xanım idi. Mən dəstəyi qaldıran kimi o, "Mətiş, mən bilirəm ki, sənin Mətanət Dadaşova ilə səmimi münasibətiniz var. İndicə radioda eşitdim ki, o qızı ilə avtomobil qəzasına uğrayıb və Röya dünyasını dəyişib" (Qeyd: Bu xəbər radioda Oxumeni.az-a istinadən yayılmışdı). Qulaqlarıma inanmadım və təkrar-təkrar soruşdum: "Bəlkə yanlış xəbərdir? Dəqiq bilirsən?!" Həyəcanımı görən qızım hələ nə baş verdiyini bilməsə də, bəd xəbər aldığımı yəqin etmişdi. Odur ki, əllərimi bərk-bərk sıxaraq məni sakitləşdirməyə çalışdı:

- Axı sənə həkim həyəcanlanmamağı dönə-dönə tapşırıb.

Doğrudan da ağır əməliyyatdan çıxan zaman həkim qəti şəkildə bildirmişdi: "Sizə nə qəfil xəbər eşidib kədərlənmək, nə qəfil olaraq sevinmək, nə də ağır məclislərdə, yəni yas mərasimlərində iştirak etmək olmaz!" Lakin həyatın öz mürəkkəb qanunları var. Və insan yaxınlarını itirən zaman heç nə barədə düşünmür. Təbii ki, xəbər məni elə sarsıtmışdı ki, göz yaşlarımı saxlamaq mümkün deyildi. Mən Mətanət xanımın ən yaxın rəfiqələrindən olan Sara xanımla telefon əlaqəsi saxladım və xəbərin doğruluğunu təsdiqləyən Sara xanım hadisəni danışdı.

Mətanət xanım, qızı Röya, tanışları Təravət və Xoşqədəm xanım Şabran rayonuna toy məclisinə gedirlərmiş. "Hyunday Sonata" markalı maşını Röya idarə edirmiş. Qarşıdan gələn maşını görən Röya idarəetməni itirir. Daha doğrusu, nə qədər çalışırsa, qarşıdakı maşından qaça bilmir. Beləliklə, 23 yaşlı Röya elə hadisə yerindəcə dünyasını dəyişir. O birilər yaralansalar da, Təravət xanımı xilas etmək mümkün olmur. Mətanət xanımla Xoşqədəm xanımı təcili olaraq Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirirlər. Amma Mətanət xanım qızının ölümündən xəbərsiz haldaydı. Bəstəkar xanımı daha sonra Bakı şəhərinə - 1 saylı şəhər xəstəxanasına çatdırırlar. Xəstəxanada hələ də Röyanın ölümündən bixəbər ana tez-tez huşunu itirir və sayıqlamağa başlayır: "Röya, çox dərinə getmə. Qızım, eşidirsən?!" Lakin onun başının üstündən bir an da olsun uzaqlaşmayan Sara xanım hətta Mətanət xanımın verdiyi qəfil sual qarşısında aciz qalır. Ana: "Sara, yalvarıram, düzünü de, Röya ölüb?" Sara xanım isə göz yaşlarını saxlaya bilmir. Lakin "Yox, yox, Röyanın ayağı sınıb", - deyə güclə danışa bilir. Daha sonra əlavə edir: "Kaş Röyanın telefonu açıq olardı. Əlaqə saxlayıb vəziyyətini öyrənərdik".

Artıq Röyanın dəfn mərasiminə xəstəxanadan evə çatdırılan ananın hayqırtısını duymamaq çətin deyil...

Qeyd edək ki, Röyanın 23 yaşı iyun ayının 28-də, yəni dəfnindən bir gün sonra olacaqdı. Röya artıq bir neçə ay idi ki, nişanlanmışdı. Qusarda yaşayan qayınanası isə gəlinin doğum gününə quzu da almışdı. Həmin gün rayonda təmtəraqla ad günü keçiriləcəkdi. Hətta qayınanası qab-qacaqları belə yeniləmişdi. Gəlininin ad günü xüsusi qeyd olunmalıydı deyə. Toyun vaxtı isə sentyabr ayına planlaşdırılırdı. Sadəcə iki restoran arasında seçim qalmışdı...

Bu barədə mənim üçün yazmaq bilsəydiniz nə qədər çətin və ağırdır. Ana olmaq kəlmələrin yetmədiyi bir duyğudur. Bu gün bir ananın dərdli gözlərindən axan göz yaşlarını silmək və onu ovutmaq daha çətindir. Qaranlıq buludların dilə gəldiyi bir vaxtda Mətanət xanım çətin ki, piano arxasına keçib həzin musiqilərini dilə gətirəcəkdi. Bəlkə də nə vaxtsa yazacaq. Amma artıq ünü çatmadığı, əli yetmədiyi qızına həsr olunacaqdı bu nəğmələr. Görəsən, yazdıqları yarasına su səpəcəkdimi?! Suallar quyuya atılan daşlar kimiydi. Röya onun ən yaxın sirdaşıydı. Keçmişin silinməyən izləri bu gündən artıq Mətanət xanımın yuxularını ərşə çəkəcəkdi... Bir ana için-için ağlayacaqdı...

Röya onun ümid çiçəyiydi. Bu çiçəyi rüzgar əlindən aldı və üzdü...

Allah rəhmət eləsin!

Mətanət Şamilqızı

O.M.