
ARAŞDIRMA: Siqaret, alkoqol, qumar və uşaq tərbiyəsi
İnsanlar həyatdan müxtəlif cür zövq alırlar. Hərənin öz sevdiyi məşğuliyyəti və ya hobbisi olur. Bu da təbii haldır. Lakin aramızda elə insanlar da var ki, pis vərdişləri həyat tərzinə çeviriblər. Siqaret çəkmək, spirtli içki qəbul etmək, mərc oyunları oynamaq kimi vərdişlər qanunla qadağan olunmasa da, bundan da pis vərdişlərin əsirinə çevrilənlər var. Təəssüflə qeyd etməliyəm ki, indi nəinki kişilər, hətta qadınlar da zərərli alışqanlıqlarından azad ola bilmirlər. Nəticədə bir anlıq zövqə görə həm öz həyatlarını, həm də ətrafdakıların taleyini təhlükə altına atmış olurlar. Bu da nəticə etibarı ilə fəsadsız ötüşmür. Qanunla qadağan olunmuş narkotikə, qumara, fahişəliyə toxunmadan digər pis vərdişlərin timsalında açıq-aydın görə bilərik ki, nəyəsə aludə olmaq hər bir halda həm insanın özünü, həm də ailəsini uçuruma aparır.
Zəhər saçan əjdaha
Müasir zamanda kişilərlə bərabər qadınlar da siqaret çəkməyə başlayıblar. Hətta bəziləri daha da irəli gedərək sükan arxasında, evdə, ictimai yerlərdə tüstülətməkdən çəkinmirlər. Bunu dəbin tələbi hesab edənlər də var. Təbii ki, bu, ilk növbədə həmin insanların öz səhhətinə ziyandır. Tutaq ki, onlar bu yolla şüurlu şəkildə intihar etməyə razıdırlar. Bəs uşaqlar? Axı siqaret çəkən valideynlərin övladları da onlarla bərabər zəhərlənirlər. Həm də passiv siqaret çəkənlər daha çox zəhərlənmiş olurlar. Deməli, bu vərdiş valideyni dolayısı ilə övladının qatili edir. Belə ailələrdə böyüyən uşaqlar sözün hər mənasında daxilən zəhərlənmiş olurlar.
Şüşədəki cin
Nədənsə cəmiyyətimizdə qəribə bir məntiq formalaşıb. İmkanlı adam spirtli içki aludəçisi olanda ona "yeyib-içən" adam deyirlər. Kasıb içəndə isə əyyaş adlandırırlar. Necə adlandırılmağından asılı olmayaraq spirtli içki düşkünü birmənalı şəkildə özünün və ətrafdakıların düşməninə çevrilir. Çünki bu tip vərdişdən ilk növbədə ailə üzvləri əziyyət çəkir. Həmin şəxslə yanaşı ailə üzvləri də nüfuzdan düşür. Statistika göstərir ki, bu gün problemli ailələrin çoxunda ərlər spirtli içki ilə sıx əlaqəli olurlar. Ailə büdcəsinə vurulan ziyana toxunmadan əminliklə deyə bilərik ki, əyyaşlıq xəyanətə qədər gətirib çıxara bilir. Ər evinə gətirəcək pulu yerli-yersiz xərcləyir. Bu səbəbdən evinə gedən yolu unutmağa başlayır, yəni ailəsi ilə birlikdə olmaq əvəzinə gününü butulka yoldaşlarının yanında keçirməyə üstünlük verir. Təbii ki, evdə söz-söhbətlər baş qaldırır, mübahisələr düşür və tezliklə münaqişələrə çevrilir. Əyyaş valideyn nəinki uşaqlarının tərbiyəsinə vaxt ayıra bilir, tam əksinə, onlara pis nümunə olur. Aradakı bütün sərhədlər götürülür. Evdə, sözün əsl mənasında, müharibə şəraiti hökm sürür. Bu da gələcəkdə valideyn-övlad münasibətlərində təsirsiz ötüşmür. Digər tərəfdən, mütəmadi sərxoş olma halları vaxtsız ölümlərə, ən yaxşı halda boşanmalara gətirib çıxarır. Nəticədə uşaqlar natamam ailələrdə böyüməli olurlar. Heç kimə sirr deyil ki, əyyaş kişilərin həyat yoldaşları üçün xəyanət etmək imkanları daha da geniş olur. Xəyanət edib etməmək isə onların öz insafına və tərbiyəsinə qalır. Belə bir şəraitdə böyüyən övladların gələcəyini təxmin etmək isə elə də çətin deyil.
Mərc oyunları
Təəssüflə qeyd etməliyəm ki, indi "Topaz" kimi mərc oyunları hər yerdə geniş reklam olunur. Bu isə qumarın təbliğ olunması deməkdir. Nəticədə Topazdan az-çox məlumatı olan hər kəs bu oyunun iştirakçısı olur və vaxtında əyləci basmasa, əsirinə çevrilir. Sonuncu cümləyə görə məni qınamağa tələsməyin. Bəli, indi yalnız o kəslər Topaz oynamır ki, ondan başı çıxmır. Əlbəttə, bu halda söhbət təkcə milli futbol liqamızın rəsmi sponsorundan getmir, indi dövriyyəsi heç də ondan geri qalmayan "qara totalizatorlar" da az deyil. Bu sıraya ailə ortamlarında qurulan mərc oyunlarını da əlavə etsək, cəmiyyətimizdə qumarın miqyasının nə qədər geniş olduğunu anlaya bilərik. Qumar maddi maraqlar üzərində qurulan, nəyisə hərraca qoymaq şərti ilə başqasının əmlakını ələ keçirmək yoludur. Bu zaman oyun hiylə, nadir hallarda isə bəxt üzərində qurulur. Qumarda həmişə qazanmaq olmur, amma itirmək olur. Ən azı qarşılıqlı hörməti, səmimiyyəti, sükunəti itirirsən. Qazancın isə əsəb olur. Söhbət təkcə qumarbazın əsəbindən getmir. Onun ailə üzvlərinin, daha çox övladların iztirablarından gedir. Təcrübə göstərir ki, qumarda puldan sonra hörmət, onun ardınca vicdan, ən axırda isə namus hərraca qoyulur. Belə ailələrdə böyüyüb boya başa çatan uşaqlardan qeyri-adi heç nə gözləmək olmaz.
Haşiyə
Bir anlıq təsəvvür edək ki, qışda uşaqları ziyarətə gələn Şaxta baba sərxoşdur, damağında siqaret dişlərini ağarda-ağarda övladımıza yaxınlaşır. Yəqin ki, biz bu halı bayram təbəssümü ilə qarşılayarıq. Uşaqlar üçünsə bu, ən pis yeni il sürprizi adlana bilər.
Novruz bayramının gözlənilən personajları da eyni vəziyyətdə vahimə yaradar. Deməli, övladlarımızın ən əziz adamı olan biz valideynlər onların uşaq dünyasının kabusuna çevrilməməliyik.
Etiraf dolu məktub
İllərdən bəri məhbus olduğum bu dəmir barmaqlıqlar ardında, bu cəzaçəkmə müəssisəsində bir günüm min ilə dönərkən hər gün həyatımı, uşaqlığımı məhv edən o adama lənət oxuyuram. Lənət oxumaq isə heç bir işə yaramır.
Hər insan öz həyat yolunu özü seçərmiş. Nə etsə, etdikləri qarşısına çıxarmış. Hətta bir atalar sözü də vardır ki, "nə əkərsən, onu da biçərsən". Atalardamı səhv edir? Mənə seçim verilməmişdi. Həyatımı yaşamağım üçün, yaxşı və ya pis insan olmağım üçün qarşıma variantlar qoyulmamışdı. Bir həyat var idi. Yaşamaq məcburiyyətində olduğum həyat.
Zaman keçirdi. Özümü dərk edəndən bəri həyatımı məhv edən o adam tərəfindən şiddətə məruz qalırdım. Uşaq olmadan böyüyürdüm. Hər uşaq öz nağıllar aləmində yaşadığı halda mən uşaqlığımdan bəri qorxu filminin tən ortasında idim. Anamı itirdikdən sonra məni əlindən gəldiyi qədər qorumağa, müdafiə etməyə çalışan bir insan olmadığından, həyatım daha da ağırlaşırdı. Məruz qaldığım şiddətlərdən əlavə, elə uşaqlığımı məhv edən o adam tərəfindən işləməyə, onun tuluğunu spirtli içkiylə doldurmaq üçün pul qazanmağa təhrik edildim. Bir sözlə, elə bu adam tərəfindən istismara məruz qaldım. Pul əldə etməyin ən sadə yolu isə mənə siqaret satdırmaq olmuşdu. Və mən siqaret satarkən hələ çox kiçik yaşda bu zəhərli maddənin aludəçisinə çevrildim.
Sonra bir qədər də böyüdüm. Beləcə, bu gedişlə uşaqlıq dövrümü başa vurdum. Dəyişənsə heç bir şey olmadı. Mən uçurumun dibinə daha da enir, o dərinlikdə daha da itirdim gündən-günə. Zaman məruz qaldığım şiddətlərlə, əngəllənmiş təhsilimlə ötüb keçirdi... Bu zamanın axarında siqareti müxtəlif narkotik maddələr əvəz etməyə başlamışdı. Əvəz etdikcə də bir asılılıq yaratmışdı. İstəsəm də ondan imtina edə bilmirdim. Bilməzdim də... Bir zamanlar həyatımı məhv edən o adamın içki tələbatını ödəmək üçün pul qazansam da, artıq deyil siqaret satmaqdan, oğurluq, müxtəlif fırıldaq işlərdən əldə etdiyim gəliri elə öz narkotik tələbatımı ödəməyə sərf edirdim.
Zamanın amansız axışında mən də artıq böyümüş, həddi-buluğa çatmışdım. Artıq yeniyetmə deyil, olqun bir gənc olmuşdum. Amma bir az fərqli bir gənc. Hər fırıldaq işin içindən mən çıxar və hər yerdə sözümü keçirərdim. Bir zamanlar mən şiddətə məruz qalsam da, artıq özüm insanları şiddətə məruz qoymağa başlayırdım... Amma mən bu ola bilməzdim. Sanki vəhşiləşdirilmişdim. İnsani dəyərlərimi tamamilə itirmişdim. Bir gün içkinin məndə yaratdığı sərxoşluqla, məhv olmuş uşaqlığım və qaranlıq gələcəyim gözümün önündən keçdi. O an içimdə nifrət hissi bütün hisslərə hakim kəsildi. O adamın, anamın qatilinin məni qıcıqlandıran, çilədən çıxaran tək sözü ilə heç gözümü belə qırpmadan onu həyatımdan sildim. Onun həyatını əbədiyyən qaraltdım. Həm də böyük zövqlə...
Uşaqlığımı, həyatımı məhv edən o adama nifrət edirəm. Lakin nifrət etmək bir işə yaramır. Artıq bu dəmir barmaqlıqlar arxasından zəif bir işıq görürəm. O işığın sısqa şüası mənə günəşin şəfəqini xatırladır. Tək təsəllim var: "Qaranlıq gecədən sonra mütləq işıqlı sabah açılır".
Yeri gəlmişkən:
Əziz oxucular, sizə təqdim etdiyim məktub yaradıcı təxəyyülün məhsulu kimi görünə bilər. Olsun. Razılaşın ki, bu gün düzgün tərbiyə olunmadıqları üçün valideyn qatili adı ilə cəzaçəkmə müəssisələrində ömür çürüdən övladlar az deyil.
Son söz əvəzi:
Şənliklərdə, tədbirlərdə müxtəlif bəhanələr altında yeyib-içirik, nə dediyimizin fərqinə varmadan gülüb danışırıq, şəxsiyyətimizə layiq olmayan hərəkətlərə yolveririk, hətta bizə təəccüblə baxan övladlarımızın sağlığına badələr qaldırırıq. Lakin düşünmürük ki, biz siqaret çəkməklə, spirtli içki düşkünü olmaqla, qumar oynamaqla ilk növbədə uşaqlarımızın sağlığına ziyan vurmuş oluruq. Hamınıza sağlam düşüncə və sağlam həyat arzusu ilə...
Etibar Axundov
Mediainfo.az