
Başsız qalan ailə
Cahanda unudulmaz yaxşılıqla ad eyləyən,
Məzlumların halına hər vaxtı imdad eyləyən.
Axirətin savabın qazanacaq bu dünyada,
Qəlblərin sevindirib yetimləri yad eyləyən.
Həyatı yaşamadan dərk etmək çətindir. İnsan yaşadıqca, həyatın hər üzünü gördükcə onu öyrənir. Hər bir yolun enişi-yoxuşu olduğu halda, həyatın da həm mülayim, həm də sərt üzü çoxdur. İnsan sevinc və xoş anlarla yanaşı, dərd də, qəm də çəkir. Əgər kədər olmasaydı, şadlığın sevinc hissi şirin olmazdı. Həyat şirin olduğu qədər acı anlar da yaşadır. Bu keşməkeşli həyatda ömürlər beləcə yaşanır, beləcə keçir. İnsan bu dünyada əbədi olmadığını bilsə də, yenə özünə doğma yuva qurur. Az və ya çoxluğundan asılı olmayaraq, ömrünü mənalı yaşamağa çalışır. Çünki özündən sonra xoş bir xatirə, bir yadigar qoyacağını düşünür. Ancaq təəssüflər olsun ki, bunu dərk etməyənlər də var. Hətta elə insan var ki, öz doğma ailə və övladlarının taleyi ilə belə maraqlanmır. Onların gələcəyini düşünmədən özü üçün yaşayır. Günahı olmayan övlad isə zülmə məhkum olaraq əziyyət çəkir. Axı tarixən ailəyə bağlılıq, övlada məhəbbət hər bir valideynin qəlbinə ali hisslər və qırılmaz tellərlə hakim kəsilir. Fəqət tarix tarixliyində qalsa da, bəzi insanlar öz insanlığında qalmayaraq bu duyğulardan uzaq düşürlər.
Bu gün də ata laqeydliyindən əzab və əziyyət çəkən Ulduz (adı şərtidir - İ.Rəvan) Əsgərovanın taleyindən söhbət açacağıq.
1986-cı ildə Sabirabad rayonunda anadan olan Ulduz ailədə 2 bacı, 1 qardaş olurlar. Atası Sübhan tez-tez Rusiyaya gedir və ildə bir dəfə gəlib ailəsinə baş çəkir. Axırıncı dəfə 1992-ci ildə Ulduzun 6 yaşı olanda Sübhan Rusiyaya getməzdən qabaq ailəsini Şamaxıya, ata yurduna gətirərək orada yerləşdirir və deyir:
- Bu dəfə gedib orada yerbəyer olum, gəlib sizi də aparacağam. Sonra çoxlu nar götürərək satmaq üçün başqa mal aparanlarla yola düşür. Lakin mallarını satmağa aparanların hamısı qayıtsa da, Sübhan qayıtmır. Ulduzun anası Qızbəs hər dəfə Rusiyaya gedib-gələn tanıdığı insanlardan Sübhanı xəbər alır. Hər dəfə də eyni cavabı eşidir: "Sübhanı gördük, bizə dedi ki, ailəmə deyin 10 günə gələcəyəm". Lakin bu 10 günlər aylara, aylar isə illərə dönərək, həmin vaxtdan bu günə kimi düz 19 ildir ki, Sübhan ailə-uşağını başsız qoyaraq qayıtmır. Belə ki, Sübhan getdiyi vaxtdan 4 il keçəndən sonra Rusiyada həbs olunur. Həbsxanada ailəsi yadına düşür və məktub yazıb onlardan namuslarını qorumağı və ağıllı olmaqlarını tələb edir. Eyni zamanda məktubda bildirir ki, həbsdən çıxan kimi gələcək. Lakin Sübhan həbsdən çıxandan sonra da gəlmir. Üstündən 7 il keçəndən sonra Sübhan yenə də - ikinci dəfə həbs olunur. Yenə eyni məktublar, yenə eyni sözlər yazaraq ailəsindən namus tələb edir. Göndərdiyi məktubların birində yazır: "Məni bağışlayın, mən sizi aldatdım, bu dəfə də adam vurub tutulmuşam. Əgər mən burada ölsəm, yenə özünüzdən muğayat olun, namusunuzu qoruyun. Sağ çıxsam, qayıdıb gələcəyəm".
Aradan bir xeyli vaxt keçsə də, xəbər çıxmadığından Qızbəsgil Sübhanın Rusiyada cəza çəkdiyi müəssisə ilə əlaqə saxlayırlar. Oradan cavab alırlar ki, Sübhan artıq çoxdan azadlığa buraxılıb. Bundan sonra Qızbəs və uşaqları ondan ümidlərini kəsirlər və başa düşürlər ki, Sübhan indiyə kimi onları aldadıb. Qızbəs xalça toxuyub satmaqla uşaqlarını saxlayır. Eyni zamanda Qızbəsin qohumları köməkləşib onlar üçün balaca bir həyət alaraq ev də tikirlər. Ulduz 1993-cü ildə Şamaxı rayon 2 saylı orta məktəbin birinci sinfinə gedir. Dərslərini yaxşı oxuyan Ulduzun ən çox sevdiyi fənlər coğrafiya, biologiya fənləri olur. Çünki arzusu orta məktəbi bitirəndən sonra ali təhsil alaraq həkim olmaq olur. Lakin həyat onun bu arzusunu ürəyində qoyur. Ulduz 7-ci sinifdə oxuyanda 2000-ci ildə anası Qızbəs və qardaşı Ağsu rayonunda yaşayan qohumlarıgildən Şamaxıya gələrkən yolda avtomobil qəzasına düşürlər. Qardaşının qolu sınaraq əyri qalır. Anası Qızbəs isə 3 gün komada qalandan sonra vəfat edir. Yetim uşaqlar başsız qalmasınlar deyə, birini bibi, birini dayı və axırıncını da xala götürüb saxlayır. Beləcə, uşaqlar bir-birlərindən ayrı qalırlar. Ulduz bibisinin yanında - Bakıda, bacısı ilə qardaşı isə rayonda, dayı və xalanın yanında yaşayırlar. Qardaşı yay tətilində Bakıya gələrək Ulduzla görüşür. Ulduz anasının qırxına kimi bibisinin yanında qalır. Sonra Badamdar qəsəbəsində kirayə yaşayan əmisi gəlib onu öz yanına aparır. Ancaq burada da Ulduzun bəxti gətirmir. Əmisinin yoldaşı onu yola vermədiyinə görə 15 yaşlı Ulduz şəhərə çıxıb iş axtarır ki, onlardan minnət götürməsin. Nəhayət, Ulduz iş taparaq mağazada satıcı işləyir.
həm qardaşına pul göndərir, həm də özünü dolandırır. Çünki əmisi arvadı onunla soyuq rəftar etməkdən əlavə onu sıxıntı və gərginlik içində saxlayır. İşləyəndən sonra Ulduz ancaq yatmaqdan-yatmağa əmisigilə gəlir. Əmisi demək olar ki, onun həyatı ilə maraqlanmır. Hər dəfə yemək zamanı əmisigil onu dilucu yemək üçün süfrəyə çağırsalar da, Ulduz ac ola-ola özünü tox kimi
göstərib getmir. Və hər gecə öz yerində gizli-gizli ağlayır. Allahdan özünə ölüm arzulayaraq canını bu zülmlərdən qurtarmaq istəyir.
Əmisi 2004-cü ildə Ulduzgilə məxsus olan rayondakı evlərini 3000$ pula satır. Ulduzgilə də deyir ki, bu pula Bakıda yataqxanaların birində sizə yer alacağam. Lakin əmisi həmin puldan bir manat belə Ulduzgilə xərcləmir. Həmin pulları özünün "çirkli biznesində" dövriyyəyə buraxaraq qanunsuz yolla gəlir əldə edir. Əmisi bu yolla pul qazanaraq elə həmin qəsəbədə də torpaq sahəsi alıb özünə şəxsi ev tikdirir. Bununla belə, əmisinin həyat yoldaşı Ulduzu bir an belə orada görmək istəmir. Ulduzun həyatı ilə maraqlanmayan, satdığı evlərinin pulundan onlara heç nə xərcləməyən əmisi də sanki onları unudaraq ancaq və ancaq öz "çirkli" alveri ilə məşğul olur.
Ulduzun bacısı rayonda ailə qurub orada da yaşayır. Qardaşı isə məktəbi bitirib Bakıya, bacısının yanına gəlir. Bacı-qardaş bir müddət əmisigildə qalırlar. Ancaq bir neçə aydan sonra Ulduzun əmisi vəfat edir. Əmisi vəfat edəndən üç gün sonra, dekabr ayının şaxtalı və soyuq qış günündə əmisi arvadı onları evdən çıxardır. Ulduzun qardaşı məcbur olub yenidən rayona qayıdaraq dayısıgildə yaşayır. Ulduz isə qışın soyuq havasında çöllərdə qalmasın deyə, işlədiyi mağazada gecələmək üçün müdirdən icazə alır. 1-2 gün mağazada şəraitsiz vəziyyətdə qalandan sonra Ulduzun işçi yoldaşı qız onu evlərinə apararaq yanında saxlayır. Ulduz bir həftə orada qalandan sonra qardaşı da rayondan Bakıya gəlir və özünə iş tapır. Beləcə, bacı-qardaş işləyərək kirayə ev tutub bir yerdə qalırlar. Əmisinin və onun arvadının zülmündən canları qurtardığına görə sevinirlər.
Lakin son aylar Ulduz da işləmədiyindən evin bütün maddi ağırlığı tək qardaşının üzərində qalıb. Ulduzun hər günü ağlamaqla keçir. Çünki indiki durumunda tək qardaşından başqa heç kimi yoxdur. Ailə quran bacısının da maddi durumu yaxşı olmadığından gec-gec görüşürlər. Yalnız hərdən mobil telefon vasitəsilə əlaqə saxlayırlar. İndi Ulduz əvvəlkitək işləyib qardaşına dayaq olmaq üçün iş axtarır.
Son söz əvəzi: Hər kəs nə edirsə - yaxşı da, pis də özü üçün edir. Pislər günahlarını, yaxşılar isə savablarını artırırlar. Yetimin malına göz dikib onun haqqını yemək isə ən böyük günahdır. İnsan pis və dar günündə ümidlə yaxınlarına üz tutur, lakin əmi kimi bir arxa olan şəxs də ona pənah gətirənin qəlbini qırırsa, buna necə haqq qazandırmaq olar? Bir hədisdə deyilir: "Allahın ən çox sevdiyi ev yetimə hörmət və qayğı göstərilən evdir". Əlavə olaraq buyurulur: "Bir şəxs bir yetimin başına sığal çəkərək onun qəlbini sevindirərsə, həmin şəxsə saysız-hesabsız savab yazılar". Əksinə, onun əlindəkini də alıb yemək və onu öz haqqından məhrum eləmək heç bir insanlığa sığmır. Əgər belə bir halda ona insan demək olarsa.
İsa Rəvan
O.M.