Həkim, dj, jurnalist, yoxsa sadəcə qəhrəman...

Həkim, dj, jurnalist, yoxsa sadəcə qəhrəman...

15 İyun 2011 12:04
Bəyəndim (0) Bəyənmədim (0)
Bu gün Çingiz Mustafayev şəhidlik zirvəsinə yüksəldi

ƏBƏDİ YAŞAYANLAR

Şanlı tarixə malik olan Azərbaycan torpağının qəhrəmanları çoxdur. Onların keçdiyi şərəfli ömür yolu bizlər üçün həyat məktəbi, qürur mənbəyidir. Odur ki, bu insanları tez-tez yada salmaq, əziz xatirələrini yaşatmaq hər birimizin vətəndaşlıq borcudur. Biz də bu amala əsaslanaraq, "Əbədi yaşayanlar" adlı yeni rubrikanı sizlərə təqdim etmək qərarına gəldik. Bu gün qəhrəmanlarımızdan birini - Azərbaycan Respublikasının Milli Qəhrəmanı Çingiz Mustafayevi birlikdə yada salacağıq. Nə üçün Məhz Çingiz Mustafayevi? Ona görə ki, o da bizimlə eyni peşəni - jurnalistikanı özünə sənət seçmişdi. Digər tərəfdən bu gün qəhrəmanımızın şəhidlik zirvəsinə ucaldığı gündür. Və ən nəhayət, milli qurtuluş günüdür. Deməli, siyasi əqidəsindən, sosial mənsubiyyətindən, düşüncə fərqliliyindən asılı olmayaraq, hamımız şəxsi ambisiyalarımızdan qurtulmalı, qəhrəmanlarımızın müqəddəs amalı ətrafında birləşməliyik.

... Yaşasaydı, 51 yaşına qədəm basmış olacaqdı. Lakin o, bir insan ömrünə sığışmaq istəmədi. Şərəfli ölümü seçdi ki, başqalarını yaşatsın, özü isə əbədiyyən qəlblərdə yaşasın. Elə də oldu. Gənc ikən həyatla vidalaşan Çingiz xatirələrdə məğrur, cəsarətli, yaraşıqlı bir oğlan kimi qalmağı bacardı.

QISA ARAYIŞ:

Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqust ayının 29-da hərbçi ailəsində dünyaya gəlib. 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib. 1992-ci ilin 15 iyun günü dünyasını dəyişib. 32 illik qısa ömür yolunda böyük bir qəhrəmanlıq salnaməsi yarada bilib. 1993-cü ildən Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüb.

DÖRD DOST, DÖRD YOLDAŞ

Onlar dörd dost idilər - Rasim İmanov, Akif Salmanov, Pərviz Əliyev və Çingiz Mustafayev. Hər birinin qəlbi həyat eşqi ilə çırpınırdı. Dostları ümumi maraqlar, pop-musiqiyə duyduqları tükənməz məhəbbət, bir də İnşaat Mühəndisləri İnstitutunun nəzdində fəaliyyət göstərən "Cəngi" qrupu birləşdirirdi. O vaxtlar dördü də subay idi. Gənclik çılğınlığı ilə yaşayırdılar. Nə vaxtsa ailə quracaqları ağıllarına belə gəlmirdi. Sonradan Rasim, Pərviz və Akif növbə ilə sultanlığa vida etməli oldular. Çingiz isə hələ də bu barədə ciddi düşünmək fikrində deyildi.

"ÇİNGİZ DOXTUR"

80-ci illərin axırları idi. Çingiz İnşaat Mühəndisləri İnstitutunun tələbə sanatoriyasında baş həkim vəzifəsinə təyin edilmişdi. Hamı onu "Çingiz doxtur" deyə çağırırdı. O da yeni işində canla-başla çalışırdı. Belə ki, novatorluq bacarığı, bitib-tükənmək bilməyən gənclik fantaziyası ona stimul verirdi. O, qısa müddət ərzində sanatoriyada köklü islahatları həyata keçirməyə nail oldu. Miqyaslı təmir-bərpa işlərinə start verilməklə yanaşı, müəssisənin nəzdində videosalon, disko-bar fəaliyyətə başladı. Hər cür komplekslərdən, təkəbbürdən uzaq olan "Çingiz doxtur" burada təşkil olunan diskotekalarda aparıcılıq missiyasını öz üzərinə götürdü.

TƏSADÜFİ GÖRÜŞ

1990-cı ilin iyul ayı bitmək üzrə idi. İnşaat Mühəndisləri İnstitutunun "Sevinc" özfəaliyyət qrupu Bolqarıstana yollanacaqdı. İnstitutun həmkarlar ittifaqının sədri Elxan müəllim Çingizdən səfər zamanı bu dəstəyə rəhbərlik etməsini xahiş etdi. Bu zaman ansamblın solisti olan zərif bir tələbə qız otağa daxil oldu. Çingiz ilk əvvəl tərəddüd etsə də, qızı görər-görməz dərhal razılığını bildirdi.

O, qatarda gedərkən Rəfiqə ilə yaxından tanış olmaq imkanı qazandı. Onların bu dostluğu elə səfərdəcə məhəbbət romanına çevrildi. Çingiz ürəyini açdığı qızdan razılıq cavabını aldı. Sonralar bu məhəbbət valideynlərin və qohumların xeyir-duası ilə rəsmiyyətə çevrildi.

Beləcə, Çingizin Fuad balası dünyaya göz açdı.

VƏTƏN SƏNİ ÇAĞIRIR!

Çingiz Mustafayev 1991-ci ilin oktyabr ayından etibarən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi fəaliyyətə başladı. Cəsarəti, sərbəst düşüncə tərzi ilə çoxlarından seçilən Çingiz vətənin çağırışına biganə qala bilməzdi. O, peşəkar jurnalist olmasa da, peşəkar vətənpərvər kimi cəbhəyə üz tutmaq yolunu seçdi və tezliklə döyüş meydanlarında özünü bir jurnalist, əsgər, zabit kimi sübuta yetirə bildi. Onun yaratdığı "215 kl" studiyası təmas xəttindən birbaşa kadrlar çəkib göstərir, o zamanın senzurasına rəğmən cəmiyyəti düzgün informasiya ilə təmin edirdi. Qətiyyətlə demək olar ki, Çingiz Mustafayev birinci Qarabağ müharibəsinin 1992-ci ilədək salnaməsini yaratmağı bacardı. Nə qədər ağır olsa da, qeyd etməliyik ki, onun bir jurnalist kimi fəaliyyətinin şah əsəri "Xocalı soyqırımı"na aid çəkdiyi süjetdir. Dünya tamaşaçısı onu məhz bu tükürpərdici kadrlardan sonra tanımağa başladı. Xatırladım ki, ermənilər növbəti dəfə riyakarlıq nümayiş etdirərək, Avropa tamaşaçılarına hadisənin azərbaycanlılar tərəfindən törədildiyini və şəhidlərin ermənilər olduğunu bildirirdilər. Lakin Çingizin titrək səsi, şirin ləhcəsi ilə dilə gətirdiyi azərbaycanca kəlmələr, ağılar, fəryadlar, küfrlər tezliklə həqiqəti üzə çıxardı. Bununla da Avropa ölkələrinin telekanallarında dəfələrlə nümayiş etdirilən kadrlar ətrafında spikulyasiyalara birdəfəlik son qoyuldu. Onun çəkdiyi cəmi beş-altı dəqiqəlik süjet, sözün əsl mənasında, informasiya cəbhəsində dönüş nöqtəsinə çevrildi. Əzabkeş erməni obrazı haqqında yaradılmış mif həqiqi erməni xislətinin ifşası ilə əvəzləndi.

Qəribədir ki, o dövrdə mərkəzi imperiyaya yarınmaq istəyən bəzi "məmurlar", "ziyalılar", "peşəkar jurnalistlər" qəzet səhifələrində Çingizi tənqid, hətta təhqir etməkdən belə çəkinmirdilər. Onlar həyatını təhlükəyə atan bu qəhrəmanın əməyini gözdən salmağa çalışır, onu rişxəndlə disko-jakey, yalançı qəhrəman adlandırırdılar. Halbuki həmin üzdəniraq söz sahiblərindən fərqli olaraq, Çingiz isti kreslosunu könüllü surətdə soyuq səngərlərə dəyişmişdi.

QƏHRƏMAN ƏSGƏR

Çingiz Mustafayevin şücaəti cəbhənin ön xəttində lentə aldığı görüntülərlə bitmirdi. O, zaman-zaman səriştəsiz hərbçilərin, təxribat yaratmaq istəyən satqınların ifşası ilə də məşğul olurdu. Laçından çıxan əsgərlərə onların geri qayıtması barədə verdiyi kəskin, qətiyyətli əmrlər, bu əmrlərin yerinə yetirilmədiyi zaman Çingizin emosional reaksiyası, dilə gətirmək məcburiyyətində qaldığı təhqiramiz kəlmələr onun qəhrəman ruhundan xəbər verirdi.

SON DÖYÜŞ

1992-ci ilin isti iyun günü idi. Çingiz Mustafayev, qardaşı Vahid Naxış və "ANS" şirkətinin digər əməkdaşı Şakir Eminbəyli aramsız döyüşlər gedən Naxçıvanik kəndinə gəlmişdilər. Onlar burada ermənilərin həmlələrini və azərbaycanlı qəbiristanlığının dağıdılması barədə həqiqətləri çəkəcəkdilər. Elə də oldu. Çəkiliş bitdikdən sonra Vahid geri dönməyi və vaxt itirmədən kadrları Rusiyanın "Vesti" proqramına çatdırmalı olduqlarını bildirdi. Bu vaxt döyüşçülərdən biri televiziyada çıxış etmək üçün icazə istədi. Kövrək döyüşçü ruhundan xəbərdar olan Çingiz onun sözünü yerə salmadı. Təkidlə yoldaşlarını dala qayıtmağa razı saldıqdan sonra növbəti dəfə kamerasını işə saldı. Şəxsi şücaətini, qorxmazlığını tamaşaçılara nümayiş etdirmək istəyən əsgər müsahibə zamanı gözlənilmədən Pir dağındakı erməni mövqelərinə tərəf atəş açmağa başladı. Ermənilər minomyotlardan aramsız atəşlə cavab verdilər. Təhlükələrə məhəl qoymayan Çingiz mərmi yağışı altında çəkilişlərinə davam edirdi. O, itki verən əsgərlərimizin rəşadətli müqavimətini lentə köçürür, eyni zamanda döyüşçülərimizə ehtiyatlı olmağı tapşırırdı. Birdən yaxınlıqda partlayan mərmi onu sifətindən yaraladı. Kamera əlindən düşdü. Lakin Çingiz soyuqqanlığını itirmədən "Onlar məni yaraladılar! Tez kameranı götürün! - deyə əsgərlərə tapşırıq verdi.

Get-gedə heydən düşən Çingizi və onun hələ də fəaliyyətdə olan kamerasını hərbçilər BTR maşınına qaldırdılar. Qəfil partlayış bu dəfə maşını zədələdi və yaralı jurnalist yerə yıxıldı. İki döyüşçü onu dikəltməyə cəhd edərkən erməni snayperlərinin gülləsi ilə şəhid oldular. Üçüncü döyüşçü çətinliklə də olsa, Çingizi maşına qaldıra bildi. Lakin yaxınlıqda partlayan mərmi onun bədənini ikiyə böldü, Çingiz isə növbəti dəfə ayağından ağır yaralandı...

SON SÖZ ƏVƏZİ:

Çingiz Mustafayev bir jurnalist kimi cəbhədə doğuldu, elə cəbhədə də dünyasını dəyişdi. 1992-ci ilin 15 iyun tarixində Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı qəhrəmancasına şəhid oldu. Lakin son anadək kamerasını söndürmədi. O, kimilərinin yaddaşında həkim, kimilərinin yaraşıqlı oğlan, kimilərinin Dj, kimilərinin jurnalist kimi qalsa da, hamının qəlbində QƏHRƏMAN kimi əbədi məskən sala bildi. Əziz oxucular, gəlin qəlbimizin səsinə qulaq asaq, zaman-zaman qəhrəmanlarımızı yada salaq. İnanın ki, onların narahat ruhları bizləri də qəhrəman olmağa səsləyir...

Murad ŞAHMƏMMƏDOV

O.M.

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.