
O, qaçıb boşandığına görə tək qaldı
Həyat təsadüflərlə doludur. Bəzən həyatın sonrakı hadisələri də bu təsadüflərdən başlayır. Təsadüflərin isə həm xoş, həm də acı nəticəsi olur. Təsadüfi tanışlıq da ilk əvvəl yaxınlıq, bağlılıq, dostluq və nəhayət, sevgiyə də çevrilir. Məhz bu sevgi əsasında da sonu və ömrü bilinməyən ailə həyatı qurulur. Ailənin möhkəmlənməsi və sevgini yaşaması üçün hər zaman qayğı tələb olunur. Əgər ailə diqqət və qayğıdan uzaq olarsa, təbii ki, sarsılacaq. Buna görə də ailə daxilində kənar müdaxilələrə yol verilməməlidir.
Bu gün də ilk sevgisinə qarşı sonradan xəyanət görən və ailə həyatını tam axıradək yaşamayıb ayrılan Leyla İsmayılovanın taleyindən danışacağıq.
1974-cü il dekabr ayının 10-da Neftçala rayonunda anadan olan Leyla ailədə 5 qardaş, 2 bacı olurlar. Evin sonbeşiyi olan Leyla 4 aylıq ikən atası vəfat edir. Atasından sonra ailənin maddi durumu çətinləşir. Belə olduqda anası Fəzilə 1980-ci ildə ailəni dolandırmaq və işləmək üçün Leylanı da götürərək Bakıya gəlir. Burada Fəzilə Mənzil-İstismar İdarələrinin birində işə girir. Qalmağa yeri olmadığından onunla bir yerdə işləyən qadın onları öz evinə apararaq otağın birini Fəzilə ilə balaca Leylaya müvəqqəti yaşamağa verir. Fəzilə hər gün işə gedir, Leyla isə ev sahibinin uşaqları ilə qalır. Fəzilə işləyərək aldığı məvacibdən həm rayona pul göndərir, həm də Leyla ilə özünü saxlayır. Vəziyyətinin çətin olduğuna görə elə onunla işləyən qadının köməkliyi ilə bir ildən sonra ona ev verilir. Fəzilə rayona gedərək 2 evli oğlu ailəsi ilə ayrı yaşadığından, 2 oğlu da Rusiyada olduğundan kiçik oğlunu və qızını da özü ilə Bakıya - təzə aldığı evinə gətirir.
1982-ci ildə Leyla Yasamal rayon 31 saylı məktəbin 1-ci sinfinə gedir. 1990-ci ildə 9-cu sinfi bitirəndən sonra istəyi ilə Nərimanov rayonunda yerləşən 82 saylı texniki-peşə məktəbinin üst geyimləri üzrə modelyer kursuna daxil olur və 3 il orada oxuyur. 1992-ci il yanvar ayının 21-də Leyla metrodan çıxıb dərsə gedərkən məktəbin yaxınlığında Vaqif (adı şərtidir) adlı bir oğlan onu görür, xoşu gəlir və yaxınlaşıb tanış olur. Vaqif zabit olduğunu və hərbidə qulluq etdiyini bildirir. Onlar cəmi 4 gün görüşürlər. Çünki Vaqif yanvarın 25-də Qarabağa - döyüş bölgəsinə, "Daşaltı" əməliyyatına gedir. Gedəndə Leylanın şəklini də özü ilə aparır. Yanvarın 26-da isə Vaqif Daşaltı uğrunda gedən döyüşdə ağır yaralanır. Onu təcili əməliyyat olunmaq üçün Bakıya - Daxili İşlər Nazirliyinin hospitalına aparırlar. Leylanın isə bunlardan xəbəri olmur. Səhəri gün Leyla dərsə gedərkən məktəbin yaxınlığında öz şəklini başqa bir adamın əlində görür. Belə ki, həmin adam şəkli əlində tutaraq həm şəklə, həm də gəlib-gedən qızlara baxır. Leyla maraqlanmaq istəyir ki, soruşsun "şəklim səndə nə gəzir", ancaq bir qədər tərəddüd edir və soruşmadan keçib gedir. Sonra həmin adam onun arxasınca qaçaraq yaxınlaşıb, "Sizin adınız Leyladır?" - deyə soruşur. Leyla "bəli" deyərək cavab verir.
- Siz Vaqifi tanıyırsınız?
Leyla "Bəli, tanıyıram, nə olub ki?!" - deyə həyəcanla maraqlanır. Həmin adam bildirir ki, Vaqif xəstəxanadadır, sizi gözləyir. Leyla onunla bir yerdə xəstəxanaya gedir. Vaqif əməliyyatdan çıxsa da, hələ də narkozdan ayılmadığına görə anası yanında olur. Leyla onu bu vəziyyətdə görüb şoka düşür, bir qədər qalandan sonra qayıdıb dərsinə gedir. Axşam dərsdən çıxıb yenə də xəstəxanaya gəlir. Vaqif artıq ayılmış vəziyyətdə olur. Onlar görüşürlər və Leyla ağlayır. Beləcə, Leyla hər gün dərsdən çıxaraq 6 ay ərzində xəstəxanaya - Vaqifin yanına gedib onu yoxlayır. Evlərində isə gec gəldiyinə görə hər gün mübahisə düşür, anası, qardaşı onu döyür, danlayırlar. Ancaq Leyla harada olduğunu demir və yenə də Vaqifə baş çəkməkdə davam edir. Növbəti dəfə Leyla xəstəxanaya gedəndə Vaqifin anası və bacısı da orada olurlar. Vaqifin anası onu kənara çəkib deyir:
- Heç özünü yorma, get özünə başqasını seç. Mən oğluma öz xalam nəvəsini alacağam. Amma bu söhbəti Vaqif bilməməlidir.
Leyla bu sözlərdən sarsılsa da, belə vəziyyətdə Vaqifin qəlbini qırmamaq üçün tam sağalıb ayağa qalxana qədər yanına gedib-gələrək ona mənəvi dayaq olur. Vaqifin bacısı isə Leylaya xoş münasibət göstərir. Vaqif tam sağalandan sonra Leyla onunla əlaqəsini kəsir.
Leyla məktəbi qurtararaq işləyir. 1 il 8 ay Vaqif onu axtarır. Leylanı görmək üçün onların məhəlləsinə gəlsə də, qızın adına xələl gətirməmək üçün kimsədən onu soruşmur. Nəhayət, bir gün Vaqif bacısını da özü ilə götürərək Leylagilin evinə tərəf gedir və bacısına onların evini göstərib oraya göndərir. Evdə Leyla ilə anası olur. Vaqifin bacısı onlara gəlir, Leyla ilə rəfiqəsi kimi görüşür, söhbət edirlər. Sonra anası eşitməsin deyə həyətə çıxırlar. Yolun kənarında onları gözləyən Vaqifin yanına gəlib görüşür və səhəri günə görüş təyin edirlər. Sabahısı görüşürlər, sonra Vaqif onu yaşadığı Sumqayıt şəhərinə apararaq evlənmək təklif edir. Leyla bir qədər fikirləşib razılıq verir. Lakin Vaqifin anasıgil razı olmadıqlarından elçi gəlmirlər. Gənclər öz aralarında "qaçmağa" razılaşırlar. Leyla qaçacağı barədə evdə təkcə gəlinlərinə deyir. 1994-cü ilin sentyabrın 26-da Vaqif Leylanı qaçırdaraq Sumqayıtda yaşayan ailəli bacısıgilə aparır. Vaqifin valideynləri oraya gəlmir, ancaq qardaş və bacısı tez-tez gəlib onları yoxlayırlar. Anasıgil Leylanı axtaranda gəlinləri onun Sumqayıta qaçdığını deyir. Anası Sumqayıta gələrək Vaqifin anasından, "Bu nə məsələdir?" - deyə soruşur. Onlar da deyir ki, bizim də xəbərimiz yoxdur, istəyib, qaçırıb.
Həmin il noyabrın 18-də Vaqiflə Leylanın toyları olur. Onlar normal bir ailə həyatı yaşayırlar. Ancaq qayınanası elə ilk gündən Leyla ilə soyuq davranır. Leylanın 2 il övladı olmur. Bu səbəbdən qayınanası, "Mənə qısır gəlin lazım deyil", - deyərək onu boşatdırmaq istəyir. Vaqif isə boşanmır, həkimə müraciət edir. Həkim bildirir ki, bu problem Vaqifin özündədir. Müalicə üçün dərmanlar yazır və Vaqif 3 ay müalicə olunur. Bu müalicədən sonra 1997-ci ildə Dəniz adında qızları, 1999-cu ildə Asiman adlı qızları, 2000-ci ildə Sahil adında oğlanları dünyaya gəlir. Lakin sonradan Vaqif başqa bir qadınla gəzdiyindən ailəsindən soyuyur. Leylagil ailəliklə bağ evində qaldıqlarından bundan xəbəri olmur.
Bir gün Leyla evin havasını dəyişmək üçün uşaqlarını da götürərək şəhərə gəlir. Otaqları səliqəyə salıb yataq otağına keçəndə öz yataq taxtlarını pis vəziyyətdə görür. Yeri düzəldərkən yataq mələfəsində ləkələr və qadına aid başqa bir "şey" görür. Vaqifdən "bu nədir?" - deyə soruşur. Vaqif deyir:
- Öz işinlə məşğul ol, bu mənim şəxsi işimdir. Mən kişiyəm, özüm bilərəm, qıraqda gəzərəm də, gəzmərəm də.
Leyla uşaqlar duymasın deyə daha heç nə demir, ancaq qəlbi qırılır. Sonra Leyla Vaqifə "Mən səndən boşanacağam", - desə də, o da Leylaya "Özün bilərsən", - deyir. 1 ay sonra Leyla boşanmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət edir. Lakin oğlu Sahil 5 aylıq olduğundan məhkəmədə ona bildirirlər ki, uşağın 1 yaşı tamam olmalıdır, gözlə, uşağın 1 yaşı olsun, sonra. Leyla da gözləməli olur. Bu 7 ay Leylaya 7 il kimi görünür. Həmin müddət ərzində Leyla Vaqifdən ayrı başqa otaqda yatır. Sanki qayınanasıgil də bu işə razı imişlər kimi heç nə demirlər. Leyla artıq dözə bilmədiyindən heç məhkəməni də gözləmədən uşaqlarını da götürüb ata evinə gedir.
2002-ci ildə Vaqif Leylanın xəbəri olmadan məhkəmə yolu ilə ondan rəsmi surətdə boşanır və həmin gəzdiyi qadını alır. 2003-cü ildə isə Leyla Sumqayıt Şəhər Məhkəməsinə təzədən müraciət edir. Məhkəməyə sədrlik edən hakim qanuni formada tələb olunduğu kimi məsələni Leylanın xeyrinə həll edir. Leylanın uşaqlarına aliment kəsilir və Sumqayıt şəhərində 2 otaqdan ibarət ev alınır. Leyla orada hər dəfə Vaqiflə rastlaşmasın deyə həmin evi sataraq Bakı şəhərində özünə ev alır. Uşaqlar böyüdükcə aliment alsa da, Leyla onların tələbatını istədiyi kimi ödəyə bilmir. Vaqif hər həftənin şənbə-bazar günü adam göndərərək uşaqları görmək üçün onları yanına gətizdirir. Bu minvalla Vaqif 6 il uşaqları ilə görüşür. Nəhayət, uşaqlar Leylaya deyirlər ki, sən bizim istədiklərimizi ödəyə bilmirsən, biz atamızın yanında qalmaq istəyirik. Bu sözləri eşidən Leyla çox sarsılır. Uşaqların onun tərəfindən öyrədildiyini də başa düşür. Ancaq nə qədər etsə də, xeyri olmur.
Yay tətilində uşaqlar atalarının yanına gedərək orada qalır və analarının yanına qayıtmırlar. Leyla Vaqifdən uşaqları geri göndərməsini istəyir. Ancaq Vaqif deyir ki, uşaqlar səni istəmirlər, gəl məhkəmədə uşaqlardan imtina ərizəsi yaz. Leyla bildirir ki, mən heç vaxt uşaqlarımdan imtina etmərəm. Onları sən öyrətdiyin üçün onlar səni istəyirlərsə, qoy qalsınlar yanında, saxla. Amma mən də onları görməliyəm. Vaqif də onunla razılaşır. Lakin həmin il - 2009-cu ildə Leyla uşaqları görə bilmir. 2010-cu ilin yay tətilində isə Vaqif uşaqları bir həftəlik analarının yanına göndərir və sonra da gəlib aparır. Bu da Leylaya bir dərd olur və o, ana fəryadı ilə yaşayır...
2009-cu ildə Leyla işə düzəlir. 2 ay normal maaş alır, lakin sonralar getdikcə hər ay maaşı azalır. Belə olduqda o, şöbə müdirinin yanına gedir ki, səbəbi öyrənsin. Şöbə müdiri deyir:
- Mən dedim, bəlkə sən keçən ayda başa düşərsən.
Leyla soruşur:
- Nəyi başa düşərəm?
- Sən mənimlə yatmalısan.
Leyla hirslənir və "Məni başqaları ilə səhv salmısan!" - deyərək otağı tərk edir və işdən çıxır. O, hal-hazırda işləmir. Maddi durumu da çətindir. Evinin və qəlbinin boşluğundan özündə bir ehtiyac hiss edir.
Leylanın dediklərindən:
- Atasız böyüdüyümdən ata nəvazişi görməmişəm. Həmişə ata nəvazişinə ehtiyacım olub. Özbaşına qaçıb ailə həyatı qurduğumdan yaxınlarım məndən üz döndəriblər. Mən indi doğma şəhərimdə sanki bir qərib kimiyəm. Məni anlayan insana, əsl sevgi və qayğıya ehtiyacım var. Ancaq bundan sonra yenə də xəyanətə qurban olmaq istəmirəm. Öz tənha həyatımdan da bezmişəm. Doğru-dürüst yaşam tərzinə ehtiyacım, sevib-sevilməyə mənim də haqqım var.
Əslində, bu yerdə müəllifdən son söz əvəzi olmalı idi. Lakin son söz deməyə hələ tələsmirik. Obyektivlik naminə əks tərəfin də fikirlərini dinləməyə hazırıq.
İsa Rəvan
O.M.