Günahın hamısı dollardadır

Günahın hamısı dollardadır

9 İyun 2011 17:14
Bəyəndim (0) Bəyənmədim (0)
Can-canadır, can-cana, ay can, ay can...

Gəlin tanış olaq. Bu, mənəm bəndəniz. Nə qədər yazırsan, deyirsən, xeyri yoxdur. Deyirlər, "Qozbeli qəbirdüzəldər". Amma ki, bunların belindəki donqar nə təhər zaddırsa, qəbirlik deyil. Çətin ki, torpaq bucürlərini qəbul etsin. Heç kəs məndən inciməsin. Sözümü həm bəzi müğənnilərə, həm adını prodüser qoyub əslində özləri də nə məzhəbə qulluq etdiklərini bilməyən üzdəniraqlara, həm də efirlərdən bar-bar bağıraraq "mən Allah adamıyam" deyib şarlatanlıqla məşğul olan imansızlardır. Maraqlıdır, bəs görəsən efirlər bunlara niyə bu imkanı yaradır ki, onlar çıxıb orada ağızlarına gələni danışırlar?

Bir anlıq gözünüzün önünə gətirin. Dünən bir "mahnı" oxuyan, musiqidən qətiyyən xəbəri olmayan biri çıxır və xalqa ağızdolusu vətənpərvərlikdən, qeyrətdən, namusdan dərs keçir. Aparıcı da onların eyiblərini elə ustalıqla ört-basdır edir ki, gəl görəsən. Nə, deməli, torbada pişik var. Ay hörmətli aparıcı, soruşmaq ayıb olmasın, bu müğənni nə qədər verib? Əlbəttə ki, pulu nəzərdə tuturam. Əşi, and içmə. Onsuz da bilirəm, deyən deyilsən. Bilirəm, hamınız yaxanızı çəkirsiniz bir tərəfə. Yenə də günah düşür o dolların üstünə. Bütün bu oyunları çıxardan odur. Yəni deyirsiniz, o nə edə bilər? Gəlin mən dolların nəyə qadir olduğunu xatırladım, siz də yada salın. İllərlə zavodlarda canını qoyan, artıq gəlinini də yataqxanaya və ya kirayə mənzilinə gətirən, sınıq-salxaq bir "jiquli"ni yuxusunda görəndə bütün günü həyəcandan özünə gələ bilməyən binəvalar azdırmı? Ancaq bir xanım lütmadam çıxır bir mahnı oxuyur, səhəri gün elə bir maşında gedir ki, gəl görəsən. Sizcə bunları eləyən nədir? Əlbəttə ki, dollar.

Və ya baxırsan ki, zahirən kişidir. Hər halda şəxsiyyət vəsiqəsində elə yazılıb. Əyninə şalvar geyinib. Ancaq di gəl ki, danışanda arvad kimi elə əzilib-büzülür, elə qadın hərəkətləri edir, adam lap məəttəl qalır. Bir istəyirsən tutasan yaxasından ki, ay.., sənə nə olub ki, belə arvadlaşmısan? Deyirsən, eh, onsuz da yenə cavab eynidir - günah dollardadır.

İndi isə keçək özlərinə "Allah adamı" deyən imansızlara. Deyəsən, Şeyx Nəsrullahın dövrü qayıtdı axı?! Nədənsə dəb düşüb, yerindən duran deyir "falçıyam, özü də ağ magiyayam". Biri deyir "suya baxıb hər şeyi görürəm". Biri başqa şeyə baxıb nəyisə gördüyünü iddia edir. Görün dünyanın harasıdır ki, bunlar milləti cəhalətə götürmək üçün kütləvi informasiya vasitəsilə olan televiziya kanallarından istifadə edirlər. Yenə burada günahkar dollardır. Artıq televiziya kanallarının əksəriyyəti xalqın mənəviyyatını, əqidəsini və ən əsası, psixologiyasını pozmaqla məşğuldur. Görəsən, falçını ekrana çıxarmaq və ona haqq qazandırmaq nə deməkdir? Yumşaq desək, müasirlik içində cəhalət. Yox, bu, belə getməz. Mütləq haralarda olsa gələcək bu Kefli İsgəndər. Onun bu gəlişindən özünüzü gözləyin. Ey Şeyx Nəsrullahın davamçıları. Bəlkə Kefli İsgəndərin də gəlişi ondan asılıdır - zati-aliləri dolardan?

Gecələr kişilərin maviləri yollardadır,

Qız-gəlin ev-eşiksiz, kafelərdə, barlardadır.

Bizdə bir günah varsa, unutmayın, deyin bilək.

Üzüm də gəlmir deməyə, axı günah dollardadır!

Avroda, manatda, bir sözlə, günah puldadır!

Şəlalə Nəriman