DİQQƏT! Bu gecə hər birimizin bir illik taleyi həll olunacaq

DİQQƏT! Bu gecə hər birimizin bir illik taleyi həll olunacaq

27 İyul 2013 17:26
Bəyəndim (0) Bəyənmədim (0)
Ramazanın 19; 21 və 23-cü gecələrinin birində günahlarımız bağışlana, ruzimiz arta, sağlamlığımız güclənə, yəni taleyimiz yaxşıya doğru dəyişə bilər və ya...

Allah-Taalanın hədiyyə göndərdiyi gecə

Bu gecə Ramazan ayının 19-cu gününə qədəm basacağıq. Həmin gecəyə Qədr gecəsi də deyilir. Bütün günlərin və anların Uca Tanrının sonsuz qüdrətindən mənşə tapmasına baxmayaraq, Ramazan ayı İlahi dərgahında "Allahın ayı", Qədr gecələri isə onun xüsusi günləri kimi qələmə alınmışdır. Hədisi-qüdsiyə əsasən, bu ayda düzgün imanla oruc tutan şəxs haqda bütün varlıq aləminin sahibi olan Allah-Taala belə buyurur: "Oruc Mənə məxsusdur, Mən Özüm onun əcrini (əvəzini) verəcəyəm". Bəşəriyyəti səadətə və xoşbəxtliyə çağıran müqəddəs kitabımız Qurani-Kərimin məhz bu ayın "Qədr " gecəsində nazil olması Mübarək Ramazanın Allah-Taala yanında yüksək dəyərinin əyani sübutudur.

Bəli, Ramazanın 19; 21 və 23-cü gecələri xüsusi əhəmiyyətli gecələr sayılır ki, hər birinin qüdrəti digər günlərdən, həftələrdən, hətta aylardan qat-qat üstündür. Bu gecə Allah-Taala bizə xoşbəxt, sağlam, ruzili olmaq üçün xüsusi imkanlar yaradacaq. Bu imkanlardan istifadə etmək isə bizdən asılıdır.

Müqəddəs kitabın nazil olduğu (yerə endiyi) gecə

İl ərzində gecələrin və gündüzlərin içində ən əzəmətlisi və əhəmiyyətlisi Qədr gecəsi sayılır. Belə ki, əbədi xoşbəxtliyin bələdçisi olan Qurani Kərim məhz Qədr gecəsində Peyğəmbərin (s) qəlbinə (ruhuna) nazil olub. O, Ramazan ayının 19, 21, və 23-cü gecələrindən birinə təsadüf edir. Allah-Taala "Qədr" surəsində buyurur: "Biz Quranı Qədr gecəsində nazil elədik. Peyğəmbər, sən nə bilirsən ki, nədir Qədr gecəsi?" Görün Qədr gecəsi nə qədər əzəmətli, nə qədər kəramətli gecədir ki, Allah hətta peyğəmbərinə "sən nə bilirsən nədir Qədr gecəsi" deyir. Daha sonra Allah-Taala "Qədr" surəsində buyurur: "Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir".

Bir illik azuqə verilən gecə

Bu gecə mələklərin hamısı Allahın izni ilə yerə gəlir. Onlar bir növ insanların qonağı olurlar. Təbii ki, Allahın qonağını layiqincə qarşılamaq lazımdır. Mələklər bizdən xüsusi bir qulluq istəmirlər, əksinə kiçik bir diqqət müqabilində özləri ilə gətirdikləri hədiyyələri verməyə çalışırlar. Həyat, sağlamlıq, ruzi-bərəkət, xoşbəxtlik kimi hədiyyələr bu gecə bizi gözləyir. Bir sözlə, Qədr gecəsində hər bir insanın qarşıdakı bir il üçün taleyi həll olunur. Deməli, biz bu gecə oyaq qalmaqla bir illik azuqəmizi toplaya bilərik.

Taleyimizin həll olunduğu hesabat gecəsi

Ümumiyyətlə, Qədr gecəsinin fəzilətini başa düşənin gözünə yuxu getməz, istəsə də, yata bilməz. Bu gecə bizim müqəddəratımız, gələn ilə qədər başımıza gələnlər təyin olunur. İnsan taleyini əməlləri və duaları sayəsində özü qazanır. Allah bu gecə bizim vəziyyətimizə baxır, keçmişimizə nəzər salır və gələcəyimizi təyin edir. Qədr gecəsində özümüz öz taleyimizi qururuq. Allah tərəfindən bir illik həyat xəttimiz təyin olunur. Odur ki, bu vacib gecəyə biganə qalmaq, qərarların verilməsində iştirak etməmək mümkün deyil.

Nigarançılıq gecəsi

Yer üzünün əksər insanını 3 oxşar cəhət birləşdirir: keçmişə görə təəssüf, gələcək üçün narahatlıq, bu gündən narazılıq. Qədr gecəsi də istisna deyil. Bu gecə bizim iki nigarançılığımız var. Bir, keçmişimizə görə nigaranıq, bir də gələcəyimizə görə. Keçmişimizdən nigaran qalmağımızın səbəbi Allah-Taalanın bizi bağışlayıb-bağışlamamağına görə nigarançılığımızdır. İkinci nigarançılığımız bundan ibarətdir ki, görəsən, gələcəyimiz necə olacaq? Bu iki nigarançılıq arasında qalan adam necə yata bilər? Görəsən, məni bağışladılar, gələn il məni nə gözləyir? Hər şey bu gecə həll olunursa, mən necə yata bilərəm? Bizim həyatımız zəncirvaridir. Hər bir hadisənin, keçən ildən bu günə qədər elədiyimiz hər bir işin gələcəyə təsiri var. Odur ki, gərək keçmişimizə baxaraq günahlarımızı yada salaq. Bir halda ki bizim taleyimiz keçmişimizdən asılıdır, haqlı olaraq gələcəyimizin necə olacağından qorxmalıyıq. Günahlarımız bu gecə bizi qorxutmalıdır. Müqəddəratımız keçmişimizə bağlıdırsa, bizim axırımız necə olacaq? Bəs çıxış yolu nədir? Çıxış yolu budur: gərək bu gecə keçmişimizi bağışlatdıraq ki, gələcəyimiz yaxşı olsun. İbadətlərimizlə günahlarımızın üstündən xətt çəkdirməliyik.

Səmimiyyət gecəsi

Biz bu gecə mələklərlə görüşə niyə tələsməliyik? Ona görə tələsməliyik ki, taleyimiz həll olunur. Bir halda ki, taleyimiz Allahın ixtiyarındadır, bu gecə mələklər vasitəsilə Ona müraciət etməliyik. Bu gecə Qurani-Kərim peyğəmbərin (s) qəlbinə nazil olduğu kimi, Allahın hər bir kəlməsi qəlbimizdə yer tapmalıdır. Biz bunu hiss eləməliyik. Allahın ən pak varlıqları olan mələkləri səmimi olduğumuza inandıra bilsək, Onun etibarını daha çox qazanmış olarıq. Onda günahlarımız da bağışlanar, buna uyğun saf gələcəyimiz də qurular. Təbii ki, səmimi ola bilsək və həyatımızı yaxşıya doğru dəyişməyə qərar versək. Burada söhbət təkcə ibadətdən getmir, həyata baxışların, düşüncələrin, əməllərin, bir sözlə, xasiyyətin müsbətə doğru dəyişilməsi nəzərdə tutulur.

İbadətlər gecəsi

Ümumiyyətlə, Ramazan ayında, o cümlədən Qədr gecələrində bütün günahlardan uzaq durmaq, oruc tutmaq, Quran oxumaq, bir sözlə, Allaha yaxın olmaq lazımdır. Belə ki, məhz Qədr gecələrində məxsusi əməllərlə ibadət edənlər Allaha daha yaxın ola bilirlər. Qədr gecəsinin şərtləri namaz qılmaq, Quran oxumaq, dua etmək və nigaran qalmaqdır. Gərək ürəyimiz döyünsün ki, görəsən, nə olacaq? Bu gün mömin olmayan sadə vətəndaşların əllərini Allah dərgahına uzadaraq dua etməkləri də ibadət sayılır, yetər ki, keçmişin və gələcəyin haqda düşünəsən.

Tövbə gecəsi

Bu gün həm də Qiyamət gününə bənzəyir. Elə təsəvvür edin ki, Məhşər günüdür, gəlib dayanmışıq Allahın hüzurunda. Bu gecə kiçik qiyamət günüdür, çünki biz nə etmişiksə, əməllərimizin mükafatını verirlər. Biz nə etmişiksə, onun nəticəsini alacağıq. Amma Qədr gecəsinin Böyük Qiyamət günü ilə bir fərqi var. Fərq bundan ibarətdir ki, bizə bu gecə danışmaq üçün icazə, yəni tövbə etmək fürsəti verilib. Bu mühüm fərqdir. Həmin fərqi saymasaq, bu gecə eynilə Qiyamət günü kimidir. Qiyamət günü üçün deyilir: "O gün ağızlarına möhür vurular, danışmağa icazə verilməz. Nə qədər sözlər danışdınız, indi lal olun, danışmayın! Qulaq asın, əməllərinizə baxın!" Amma bu gecə bizə danışmaq icazəsi verilib. Allahdan bağışlanmaq üçün dua etmək imkanı yaradılıb. Bu gecə tövbə etmək imkanı olan Qiyamət günüdür. Hər birimiz Allah-Taalaya deyə biləcəyik: "İlahi, keçmişim bərbad gündədir, günahın içində itib-batmışam, olar ki, düzəldəsən?" Allah da bu müqəddəs gündə bizim səmimi etiraflarımızı, dualarımızı geri çevirməyəcək, inşallah. O, həm bəndələrini bağışlayacaq, həm də onları düzgün yola yönəldəcək.

Mühüm qərarlar gecəsi

Bu gecənin hər saatında bizim üçün bir müqəddərat həll olunur. Allah-Taala belə günlərdə mələklərə buyurar: "Bu bəndəmə bu il çox ruzi verərsiniz, çünki ruzisi az olanda Məndən uzaqlaşır. Bu bəndəmə isə ruzini bir az verərsiniz, çünki onun ruzisi çox olanda Məndən uzaqlaşır. Bu bəndəmin həyatına bu il üçün ziyarətlər yazın. Bu bəndəmin axır ilidir, onun üçün ölüm yazın." Bunun hamısını Qədr gecəsində dəyişmək imkanımız var. Bu fürsəti Allah bizə bu gecə verib. Gələcəyi dəyişmək imkanımız var.

Bağışlanılan gecə

Bu gecə taleyimizdə çox həlledici, çox mühüm gecədir. Nə baş verdiyini başa düşəndə adam həyəcanlanır. Hərdən görürük ki, uşaq atasını əsəbiləşdirir. Ata onu vurmaq üçün əlini qaldırır, görür ki, uşaq əsir. Tez əlini aşağı salır, vurmur, cəzalandırmır, bağışlayır onu. Allah daha rəhimlidir. Odur ki, gəlin bu gecə ibadət edək, bağışlanmaq istəyək. Mütləq Allahın rəhmi gələr, bağışlayar, cəzalandırmaz bizi. Çünki bu gecə göyün bütün rəhmət qapıları açıqdır bəndələrin üzünə. Bu gecə tövbə, bağışlanmaq gecəsidir, Allah özü göndərib elçilərini (mələkləri). Allah-Taala mərhəmətlidir, mütləq bağışlayar. Ona şərik qoşan, qocalıb əldən düşmüş Züleyxanı cavanlaşdıran Allah yəqin ki, bizi də bağışlayar.

Saf məhəbbət gecəsi

Allah-Taala Həzrət Davuda deyir: "Kim birini sevsə, onun sözünə inanar. Məni sevənlər, Mənə inansınlar. Kim birini özünə məşuq seçsə, onun hər işinə razı olar. Davud, kim birinə bağlanarsa, ona etimad eləyər, kim Məni sevibsə, Mənə etimad eləyər. Ən çətin məqamda ümidini Mənə bağlayar. Yusif peyğəmbər qardaşları tərəfindən quyunun dibinə atıldı. Əli hər şeydən üzüləndə, onlara baxıb güldü və dedi ki, bir baxdım sizə, arxalandım ki, mənim bu qədər qardaşım var, kim mənə neyləyə bilər? İndi Allah belə elədi ki, arxalandığım qardaşlarım məni quyuya atdılar. Orada onun əli hər şeydən üzüldü, kim ona yardım etdi? Allah bir karvan göndərdi, onu quyunun dibindən çıxartdılar. Kim birini sevərsə, Ey Davud, ona etimad eləyər. Kim bir məşuqa aşiq olarsa, ona qovuşmaq üçün yola çıxar. Namaz qılmaq, oruc tutmaq məşuqa (Allaha) qovuşmaq yoludur. O nə desə, ona əməl eləyər. Ey Davud, Məni zikr eləyənlər (yada salanlar) bilsinlər ki, Mən də onları zikr eləyirəm. Kimlər məni yad eləyir, bilsinlər ki, onlar Mənim yadımdadırlar. Mənə itaət eləyənlər bilsinlər ki, cənnətim onlar üçündür. İtaətin nəticəsi cənnətdir. Mənə aşiq olanlar bilsinlər ki, Mənim məhəbbətim onlar üçündür. Məni sevənlər bilsinlər ki, Mən onlara məxsusam... İtaət eləyənlər bilsinlər ki, ziyafətimdə Mənim qonağımdırlar. Kim Mənim qonağım olsa, şeytan ona heç nə edə bilməz. Ya Davud, günahkar bəndələrimi də Öz rəhmətimdən məyus eləmirəm. Naümid olmasınlar. Birdən ümidsizliyə qapanarlar, elə fikirləşərlər ki, onları qapıdan qovan olar. Yox, əsla elə deyil. Barışmaq istəsələr, tövbə etsələr, bilsinlər ki, Mən onları sevirəm, Mənim onlara qarşı məhəbbətim var. Allah tövbə edənləri bağışladım demir, onları sevirəm deyir. Deyir ki, Məni çağırsalar, dualarını qəbul edərəm. Xəstədirlərsə, onları Mən sağaldaram. Kiçik müsibətlər verərəm ki, günahları yuyulub getsin. Elə edərəm ki, Mənə qovuşanda tərtəmiz, günahsız olsunlar".

Son söz əvəzi:

Bu gecə, daha dəqiq desək, 28 iyul 2013-cü il saat 00:00-da, nəhayət ki, gözlədiyimiz an gəlib çatacaq – Qədr gecəsi yetişəcək. Allahın göndərdiyi bütün mələklər bizim qonağımız olacaq. Həmin gecə bir illik taleyimizlə bərabər bütün həyatımızı dəyişə bilərik. Mütləq tövbə etməliyik. Allah bağışlayan və mehribandır. Allah-Taala Qurani-Kərimin "Nəsr" surəsində buyurur: "Rəbbini Hənd-səna ilə təsdiq et və Ondan bağışlanmağını dilə. O, tövbələri qəbul edəndir!"

Mərdan Qaraisayev

O.M.