155 ailənin sevinməsi, Qulu Məhərrəmlinin və "Yeni Müsavat" qəzetinin narazı qalması

155 ailənin sevinməsi, Qulu Məhərrəmlinin və "Yeni Müsavat" qəzetinin narazı qalması

23 İyul 2013 00:58
Bəyəndim (0) Bəyənmədim (0)

22 iyul tarixi son illərdə Azərbaycanda tanınan tarixlərdən birinə çevrilib. 138 il bundan əvvəl görkəmli Azərbaycan ictimai xadimi Həsən bəy Zərdabinin buraxdığı "Əkinçi" qəzeti milli mətbuatımızın əsasını qoydu. Bu böyük zaman kəsiyində Zərdabi zəhməti öz müsbət nəticəsini verməkdədir.
Bugünkü Azərbaycan mətbuatı eyni zamanda ölkəmizin inkişafının simvollarından birinə çevrilibdir. Azad qələm, demokratik düşüncə, ciddi analiz və xəbər operativliyi mətbuatımıza xas olan cəhətlərdəndir.
Bu il milli mətbuat günümüz eyni zamanda tarixdə dövlət hesabına jurnalistlər üçün ev tikilib paylanması ilə də yadda qalacaqdır. 2010-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə ayrılan 5 milyon manat vəsaitlə mətbuat işçiləri üçün bina tikintisinə başlandı.
Bu gün təhvil verilən mənzil 155 ailəni ağır mənzil şəraitindən xilas etdi. Siyahı ilə tanışlıq bölgünün həqiqətən də ədalətli olduğunu sübut etdi. Mənzil alanların əksəriyyətini tanıyıram və dövlətin dayağının yerinə düşdüyü göz qarşısındadır.
Təqdirəlayiq haldır ki, vəfat etmiş və mətbuatda xüsusi xidmətləri olan ailələr də yaddan çıxmadı. Bu günlər ciddi müalicə alan Nicat Dağlar burada da unudulmadı. Onun müalicəsini öz üzərinə götürən Prezident, burada onun ailəsinə də mənzil ayırdı.
Eyni zamanda sevinc sevincə qarışıb. Bu gün həmçinin artıq ikinci binanın təməli qoyuldu. Demək, iki ildən sonra yenə 200-ə qədər jurnalist ailəsi mənzillə təmin ediləcəkdir.
Bölgü bütün kriteriyalarla obyektiv oldu. Dərc edilən siyahıda siyasi əqidə, iqtidar və ya müxalifət mətbuatında fəaliyyət deyil, məhz jurnalistin mənzilə olan ehtiyacı nəzərə alınmışdır. Bir mərtəbədə iki fərqli "Yeni" qəzetin müxbirləri yaşayacaqlar. Biri bu hakimiyyətin uğurlarını vurğulayacaq, o biri indiki hakimiyyətin dəyişilməsini tələb edəcəkdir.
Ancaq bu sevinci bölüşməyən də tapıldı. Tanınmış telejurnalist Qulu Məhərrəmli saytların birinə müsahibəsində deyib : " ... dövlətdən ev almaq nə deməkdir? ... Ələbaxımlılıq, asılılıq, xidmət etmək bizim jurnalistlərin qanına yeriyib. Və bunun müqabilində də ev almaq." Görünür binada mənzil alan Nicat Dağlar və ya Qədir Həziyev hələ də müəyyən fəlsəfəni başa düşə bilməyiblər. Necə ki, mən Qulu müəllimi son dövrlərdə başa düşə bilmirəm. İlin əvvəlində "Daş yuxular" əsəri ictimai qınağa səbəb olanda, o müəllifi müdafiə edəndə onu başa düşə bilmədiyim kimi.
Bu gün fərqli formada fərqlənənlərdən biri də "Yeni Müsavat " qəzeti oldu. Bu mətbuat orqanının daima müxalif mövqedən çıxış etməsi hamı üçün məlumdur. Ancaq müxaliflik məgər hər şeyə qarşımı olmalıdır? Qəzetin üç müxbiri mənzil alır, ancaq artıq qəzet bina açılışına dair bəzi xarici mətbuat orqanlarında gedən mənfi fikirləri saytında dərc etməyə tələsir. Nədən belə etdiyini və müxalifliyi özünəməxsus surətdə qəbul etməsi səbəbi isə heç kəsə aydın deyil.
Kimin nə yazmasından asılı olmayaraq isə, Azərbaycan dövlətçilik tarixində artıq parlaq bir səhifə yazıldı. 155 nəfər deyil, bütün cəmiyyət bu böyük hadisəyə sevinir. Necə ki, XIX əsrdə Hacı Zeynalabdin Tağıyev qızlar məktəbi açdırmışdı, 1919-cu ildə ADR hökuməti 200 nəfər gənci ali təhsil üçün Avropa universitetlərinə göndərdi, ötən əsrin 70-80-ci illərində Heydər Əliyev Azərbaycanda 250 yeni müəssisə açdırdı, bu addım da tariximizə şərəf gətirəcək hadisə oldu.

Aydın Mirzəzadə

O.M.