Ramazanda nəyisə eləmək yox, eləməmək ibadət sayılır

Ramazanda nəyisə eləmək yox, eləməmək ibadət sayılır

20 İyul 2013 00:01
Bəyəndim (0) Bəyənmədim (0)
Bu müqəddəs ayda kim istəsə, Allahın qonağı ola bilər

Depressiyanın səbəblərindən biri...

Gündəlik həyatda təkrarlanan hadisələr insan ömrünü yeknəsəq və darıxdırıcı edir. Hər gün eyni vaxtda eyni işlərlə məşğul olmaq sözün əsl mənasında adamı yorur. Hətta səhərlər işə və ya dərsə getmək, bir başqa halda zamanını bekarçılıqla keçirmək, səhər, günorta eyni işlərin öhdəsindən gəlmək və ya sadəcə baş qatmaq, axşam isə evə qayıdaraq məişət qayğıları ilə əhatə olunmaq psixikaya mənfi təsir göstərir. Maraqlıdır ki, böyük iş və nüfuz sahibləri də zaman-zaman öz həyat tərzlərindən bezir, onu dəyişmək istəyirlər. Tarixin səhifələrində intihar etmiş və ya peşəsini dəyişmiş şahlara, səltənət sahiblərinə çox rast gəlmək olar. Göründüyü kimi, məsələ insanın üzərinə düşən vəzifənin çətinliyində və asanlığında deyil, onun təkrarlamasındadır. "Təkrar biliyin anasıdır" deyib atalarımız. Lakin heç kimə sirr deyil ki, təkrarçılıq təkrarlananda adamı hədsiz dərəcədə yorur, hətta onun həyata baxışlarını dəyişir. Psixoterapiyada bu hala angedoniya deyilir. Angedoniya insanın bu və ya digər hadisələrə, obyektlərə, insanlara marağının itməsidir ki, nəticə etibarı ilə bədbinliyə, ruh düşkünlüyünə, özünəinamsızlığa gətirib çıxarır. Bu cür hallar mütəmadi təkrarlandıqda, insan depressiyaya düşür. Məhz buna görə insanlar heç olmasa ildə bir dəfə yaşadıqları mühitdən qoparaq, başqa bir aləmə düşməyə çalışırlar. Məzuniyyətlər, ezamiyyətlər, turist səfərləri, vikendlər, festivallar, karnavallar və bu kimi hadisələr birbaşa insan həyatının rəngarəng olunmasına, başqa sözlə desək, insan psixologiyasının reabilitasiyasına xidmət edir. Göründüyü kimi, sağlam həyatın şərtlərindən biri də dəyişiklikdir. Bu, bir növ orqanizm üçün istirahət deməkdir.

Orqanizmin istirahəti

İnsan orqanizmi bütövlükdə istirahətə ehtiyac duyur. Əlbəttə ki, orqanlar ayrı-ayrılıqda fasilələrlə işləyə bilməz. Bu, ümumən orqanizmin məhvi demək olar. Deməli, bu halda istirahət bioloji ritmin dəyişməsi deməkdir. Sadə dildə desək, il boyu müəyyən yüklə işləyən bədən orqanları ən azı bir ay ərzində başqa bir ritmlə çalışmalıdır. Bunun üçün gündəlik həyat tərzi dəyişilməlidir. Əks təqdirdə, orqanlarımız təkrarlanan ritmin, eyni yükün təsiri altında vaxtından əvvəl aşılana və sıradan çıxa bilər. Bir sözlə, ömrü boyu istirahət etməyən insan tez qocalıb ölər.

Sağlam qalmağın yolları

Orucluq da həyat tərzinin dəyişilməsi deməkdir. Deməli, o da insan psixikası və ümumən orqanizmi üçün istirahət funksiyasını daşıyır. Sadə dildə desək, orucluq insanın cismini və ruhunu dincəldir, ona yeni güc, yeni nəfəs verir. Heç təsadüfi deyil ki, müqəddəs Ramazan günahların yandırıldığı, insanın ruhən və cismən təmizləndiyi aydır. Məhz buna görə də müsəlman olduğunu dərk edən hər kəs, hətta mömin olmayanlar belə bu aya xüsusilə hazırlaşır. Təbii ki, bütün cismini, ruhunu, amalını orucluğa hazırlayanlar kimi bu aya sözdə hazırlaşanlar da az deyil. Yəqin elə bu səbəbdəndir ki, oruc tutacağını deyənlər və ya tutmadığı üçün bəhanə gətirənlər, hətta orucun müsbət xüsusiyyətlərindən danışanlar oruc tutanlardan xeyli çoxdur. Halbuki, məsələnin mənəvi tərəfinə toxunmasaq belə, əminliklə qeyd edə bilərik ki, orucluq büsbütün sağlamlıq deməkdir. Daha dəqiq desək, Ramazan ayında tutulan oruc insanların ruhən və cismən sağlam olmaları üçün Allah-Taala tərəfindən yaradılmış imkandır. Bu imkandan istifadə edib etməmək isə hər kəsin öz əlindədir.

Sadəcə orucluq

Ümumiyyətlə, oruc tutan insanların müxtəlif dərəcələri var. Bir qrup insanın orucu ancaq bundan ibarətdir ki, onu batil edən şeylərdən çəkinsinlər. Onlar risalədə orucu batil edən əməllərdən nə yazılıbsa, ondan çəkinərlər. Məsələn, yemək, içmək, cinsi əlaqə kimi işlərdən uzaq olarlar. Kim başını birdəfəlik suya salarsa, dənizə baş vurarsa, sübh azanına qədər cənabətli qalıb qüsul verməzsə, orucu batil olar... Və sairə orucu batil edən bunlara bənzər işlərdən uzaq olarlar. Bunlar hamısı orucun əhkamıdır (hökmləri). İnsan var ki, orucu ancaq bu qədərdir. İşi-gücü bunlara əməl edib-etməməyə fikir verməkdən ibarətdir. Bütün diqqəti orucu batil edən əməlləri etməməkdə qalır. Orucun ən aşağı dərəcəsi budur ki, insan onu batil edən şeylərdən çəkinsin. Bu, orucun vacibi məsələlərindən olsa da, ən aşağı, ibtidai dərəcəsidir. Belələri cəmiyyətdə çoxluq təşkil edir.

Quran oxumaq

Bir qrup insanlar da var ki, tək nəfsin orucu ilə kifayətlənmir. Oruc onlar üçün daha geniş bir məfhumdur, daha ali bir məqsəddir. Orucun ədəbləri var, orucun sirləri var. Onun aliliyi ədəbində və əsrarəngiz olmasındadır. Ramazan ayının ədəblərindən biri Quran oxumaqdır. Bu ayda möminlər Quran oxumağa can atırlar. Bunun mənası nədir? Quran oxumaq hər vaxt yaxşıdır. Amma Ramazan ayı o aydır ki, Quran o ayda nazil olub. Allah-Taala Qurani-Kərimi Peyğəmbərin (s) qəlbinə Ramazan ayında nazil edib. Ona görə də bu ayda Qurandan bir ayə oxuyan, digər aylarda Quranı xətm (sona çatdırmaq) edənin savabını qazanır. Başqa sözlə desək, bu ayda oxunan bir ayə, başqa ayda oxunan 114 surəyə (onun savabına) bərabərdir. Möminlər Ramazan ayını Quran oxumaqla qarşılayırlar. Bu da orucun ədəblərindəndir. Ona görə də hər bir insan Quran oxumağı öyrənməlidir. Peyğəmbər (s) buyurur: "Quran insanın ruhunun mənəvi qidasıdır." Əlbəttə ki, bir ay ərzində hər kəs Quranı ərəbcə oxumağı öyrənə bilməz. Bunun üçün uzun vaxt və ciddi hazırlıq lazımdır. Odur ki, Ramazanda insanlar Quranı ana dillərində və ya dərk edə biləcəkləri dillərin birində mütaliə edə bilərlər. Yetər ki, insanın niyyəti səmimi olsun. Ümumiyyətlə, İslam kor-koranə ibadətlər dini deyil, elmi araşdırmalar dinidir. Belə ki, insan Allah-Taalanın qüdrətini dərk etdikcə Onu daha çox sevir. Dinimizin uzunömürlülüyü, müasir zamanda aktuallığını qoruyub saxlaması, proqressivliyi onun sağlam məntiqə bağlılığı ilə izah olunur.

Allah-Taalanın əziz qonağı

Ramazan ayı həm də ziyafət ayıdır. Peyğəmbər (s) bu barədə belə buyurur: "Ramazan ayında Allah-Taala sizi öz ziyafətinə dəvət edib". Deməli, Allah Ramazan ayının birinci günündən insanları özünə qonaq çağırıb. Kim oruc tutsa, bu dəvəti qəbul etmiş sayılır. Kim oruc tutmadısa, deməli, Allahın dəvətinə etiraz edir. Dəvəti qəbul edən Allah-Taalanın qonağı olur. Qonaqlıqda insanın qabağına yemək qoyarlar. Ev sahibi nə qədər kəramətli şəxs olsa, süfrəsi bir o qədər zəngin olar. Kərim olan Allah bu ayda ziyafət verir, insanları dəvət eləyir, onların qarşısına Quranı süfrə kimi sərir. Allah-Taala oruc tutanlara deyir ki, oruc tutmaq Mənim üçündür, onun mükafatı Mən Özüməm. Oruc tutana Mən Özümü verəcəyəm, o, Özümə qovuşacaq. Bunun izahı nədir? Orucun başqa ibadətlərdən fərqi ondadır ki, ibadətlər əməldir, oruc isə əməllərin tərk edilməsidir. Namaz nədir? Ruku, səcdə və sair. Cihad Allah yolunda vuruşmaq, xüms Allah yolunda xərcləmək. Bütün ibadətlər hamısı əməl eləməkdir. Oruc isə nəsə eləməməkdir. Bir də görürsən soruşurlar ki, oruc tutmaq istəyirəm, nə etməliyəm? Nə etməliyəm yox, nə etməməliyəm, soruşmaq lazımdır. Digər əməllərin, məsələn, namazın, həccin, qurban kəsməyin kənardan görüntüsü var. Lakin orucun kənardan heç bir görüntüsü yoxdur. Orucun vacibində nəyisə eləməyin hökmü yoxdur. Orucun hökmü müəyyən əməlləri tərk etməkdir və bu çox mühüm məsələdir. Allah insanı yaradıb ki, mənəm-mənəmçilikdən azad olsun. Namaz da, digər ibadətlər də günahı etməmək üçündür. Hər bir ibadət günah etməməklə nəticələnirsə, əsil ibadət olur. Orucun fəzilətlərindən biri də budur ki, birbaşa pis əməllərin tərk olunmasına gətirib çıxardır. Allah-Taala Ramazan ayının müəyyən saatlarında hətta halal şeyləri etməyi bizə qadağan edib. Başqa aylarda yemək, su içmək halaldır, bu ayda isə müəyyən saatlarda haramdır. Allah halalları haram edibsə, haramdan danışmağın heç yeri yoxdur. Təsəvvür edin ki, Ramazan ayında qeybət edəsən, spirtli içki içəsən, zina edəsən. Bunların cəzası nə olar?

Ədəbli insan bağışlanılandır

İnsanın ədəbi, həyası olmasa, dini də olmaz. Həya dinin yarısıdır. İnsanın içində bir balaca həya (utanmaq) hissi varsa, o, düzələr, Allah-Taala onu hidayət edər. Allah-Taala Davud peyğəmbərə belə vəhy etdi: "Mən bəndələrimin hamısını əfv edərəm, amma bir şərtim var, günahdan sonra xəcalət çəksinlər, peşman olmasalar, bağışlamaram." Göründüyü kimi, orucluq bizə həyalı, ədəbli, vicdanlı olmağı öyrədir.

Dua etmək
Ramazan ayının ədəblərindən biri də dua etməkdir, Allaha tərəf getməkdir, Onun dərgahına üz tutmaqdır. Bu ayda Allah bizi çağırır. Deyir ki, gəlin, məndən nə istəyirsiniz istəyin, Mən verim. Kim məndən bağışlanmaq istəyir, bağışlayım. Peyğəmbər (s) buyurur: "Dünyada ən bədbəxt insan bilirsiniz kimdir? Ən bədbəxt adam o adamdır ki, Ramazan ayı gəldi, getdi, o, bağışlanmadı. Ondan bədbəxt insan yoxdur. O adam ki Ramazan ayında özünü bağışlada bilmədi, ondan bədbəxti ola bilməz." Peyğəmbərin (s) digər bir xütbəsi: "Ey insanlar, Allahın ayı sizə tərəf gəlir. Özü ilə bərəkət, rəhmət və məğfirət (bağışlanmaq) gətirir. Allah sizi çağırır ki, gəlin əllərinizi Mənim dərgahıma uzadın, nəsə istəyin, Mən də verim." Ədəbli insanlar Allahın hüzurunda durub Ondan nə isə istəyirlər. Orucun ədəblərindən biri budur. Allahın hüzuruna getməmək birmənalı olaraq ədəbsizlikdir. Peyğəmbər (s) buyurur: "Siz azad deyilsiniz, öz ruhunuzu həbs etmisiniz. Günahlarla ruhunuzu qəfəsə salmısınız. O qəfəsdən tövbə ilə xilas olun, bu ayda Allahdan bağışlanmaq istəyin. Allah da mütləq bağışlayar, heç zərrə qədər də şübhəniz olmasın. Hər gün qəfəsin bir qolunu sındırın ki, orucluğun axırında azad olasınız, ruhunuzu azad edəsiniz. İl boyu günahlarla ruhunuzu qəfəsə salmısınız. Ramazan ayı sizin üçün fürsətdir."

Nəticə:

1) Gündəlik qayğılardan yorulan insan heç olmasa ildə bir dəfə məzuniyyətə çıxmalı, başqa bir yerə səyahətə yollanmalı, yaşadığı mühiti və həyat tərzini dəyişməlidir. Əks halda, izafi yorğunluq və ruh düşkünlüyü depressiyaya səbəb ola bilər.

2) Bədən orqanları da bioloji ritmini dəyişmək, funksional imkanlarını artırmaq üçün vaxtaşırı istirahət etməlidir. Bunun üçün insan pəhriz tutmalı, qida rasionunu dəyişməli, pozitiv emosiyalara üstünlük verməlidir.

3) Orucluq vərdiş etdiyimiz əməllərdən, həyat tərzindən imtina etmək olduğu üçün ruhun və bədənin istirahəti deməkdir. O, Allah-Taala tərəfindən hər bir insan üçün yaradılmış imkandır.

4) Ramazanda insan özünə nə etməliyəm yox, nə etməməliyəm sualını verməlidir. Belə ki, ancaq bu ayda vərdişlərdən imtina etmək, nəyisə eləməmək ibadət hesab olunur.

5) Ramazan ayı Allahın ziyafət ayıdır. Bu cür yüksək şərəfə nail olan hər bir insan yaranmış imkanı əldən verməməlidir. Çünki bu ayda insan Allaha daha yaxın olmaq, onun ən əziz qonağına çevrilmək fürsətini qazanır.

6) Ramazan ayında Qurandan bir ayə oxuyan digər aylarda Quranı xətm (sona çatdırmaq) edənin savabını qazanır. Başqa sözlə, bu ayda oxunan bir ayə digər aylarda oxunan 114 surəyə (onun savabına) bərabərdir.

7) İslam elmi din olduğundan, Allah elmə üstünlük verənləri bəyəndiyindən insan Quranı ana dilində və ya başa düşdüyü dillərin birində də mütaliə edə, anlaya və anlada bilər.

8) Müqəddəs Ramazan ayında Allah-Taala hər bir insanın istəyini, duasını qəbul edəcəyini və bu istəkləri yerinə yetirəcəyini vəd edir.

Sıralamanı sonsuzadək uzatmaq olar. Belə ki, Ramazan ayı Allah-Taalanın insan üçün yaratdığı sonsuz imkanlar ayıdır. Hər bir ağıllı insan bu imkanlardan ədəb-ərkanla istifadə etməlidir. Allah bizi ağıllı, ədəbli, ibadətkar bəndələrindən etsin, amin!
Mərdan Qaraisayev

O.M.