Cənnətin qapıları üç gündür üzümüzə açılıb

Cənnətin qapıları üç gündür üzümüzə açılıb

12 İyul 2013 00:01
Bəyəndim (0) Bəyənmədim (0)
ARAŞDIRMA: Günahdan savaba doğru və ya Ramazan nə üçün digər aylardan üstün sayılır...

Açıq qapılar ayı – cənnətə aparan yol

Bu gün Ramazan ayının üçüncü gününü yaşayırıq. İlk öncə Mübarək Ramazanın gəlişi münasibəti ilə hər birinizi təbrik edib, bu ayın xeyir-bərəkətindən feyz almanızı arzulayıram. Şükürlər olsun ki, bu il də mehriban Allahın lütfü sayəsində on bir ayın soltanı sayılan Ramazan ayı ilə mənəvi həyatımız təravətləndi. Bütün günlərin və anların Uca Tanrının sonsuz qüdrətindən mənşə tapmasına baxmayaraq, Ramazan ayı İlahi dərgahında "Allahın ayı" kimi qələmə alınmışdır. Hədisi-qüdsiyə əsasən, bu ayda düzgün imanla oruc tutan şəxs haqda bütün varlıq aləminin sahibi olan Allah-Taala belə buyurur: "Oruc Mənə məxsusdur, Mən Özüm onun əcrini (əvəzini) verəcəyəm".
Bəşəriyyəti səadətə və xoşbəxtliyə çağıran müqəddəs kitabımız Qurani-Kərimin məhz bu ayın min aydan üstün sayılan "Qədr " gecəsində nazil olması Mübarək Ramazanın Allah-Taala yanında yüksək dəyərinin əyani sübutudur. Elə bu səbəbdəndir ki, cənnət qapılarının açıq tutulduğu Ramazan ayında, oruc tutanların yuxusu, nəfəsi belə ibadət hesab olunur. Bu, o deməkdir ki, Ramazan ayı boyunca oruc tutan şəxsin istənilən əməli - işi, istirahəti, söhbəti, yuxusu, orucu, qidalanması, gəzintisi, nəfəs alıb verməsi və sair bu kimi hərəkəti Allaha ibadət kimi qəbul olunur. Göründüyü kimi, bu ay təkcə möminlərə deyil, digər insanlara da savab qazanmaq üçün sonsuz imkanlar yaradır. Bizə yaradılmış bu imkanlardan istifadə etmək, gələcəyimizi təminat altına almaq, Allah-Taalanın sevimli bəndələrindən birinə çevrilmək isə hər bizimizin öz əlindədir.

Profilaktika ayı - Ruhun tərəqqisi
Allah-Taala Qurani-Kərimdə oruc tutmağın əsas fəlsəfəsini insanda "təqva" hissinin oyanması ilə əlaqələndirir. "Təqva" dedikdə, Allahın buyurduğu gözəl əməlləri yerinə yetirərək, günahdan, pislikdən və çirkinlikdən uzaq qalmaq nəzərdə tutulur.
Elə bu səbəbdən də İslamdan öncəki ümmətlərə də oruc tutmaq vacib olmuşdur: "Ey iman gətirənlər, sizdən qabaqkı ümmətlərə oruc tutmaq vacib olduğu kimi sizə də vacib oldu. Bəlkə (bu minvalla) təqva sahibi olasınız" (Bəqərə surəsi, ayə 183). Göründüyü kimi, Ramazan həyat tərzinin, dünya görüşünün müsbətə doğru dəyişdiyi, mənəviyyatın təmizləndiyi profilaktika ayıdır. Sadə dildə desək, istifadə olunan hər bir şey vaxtaşırı təmirə, bərpaya və ya təmizlənməyə ehtiyac duyduğu kimi, bu ayda insan mənəviyyatı da təmir və bərpa olunaraq düzgün məcraya yönəldilir.

Qələbə ayı - İradənin təntənəsi
Ramazan ayı insan iradəsinin güclənməsi üçün ən gözəl bir fürsətdir. Bu ayda oruc tutmaqla insan öz iradə və əzmini gücləndirə bilər. Doğrudan da səbirli, iradəli və əzmkar olmaq dahi insanların müvəffəqiyyətlərinin ən böyük sirri sayılmışdır. Mübarək Ramazan ayında nəfsimizi cilovlamaqla digər aylarda adət halı almış işlərdən səbirlə uzaq duraraq, iradəmizi möhkəmləndirə bilərik. Məhz oruc tutmaq yüksək səbir tələb etdiyinə görədir ki, Qurani-Kərimdə oruc "səbir" adı ilə də göstərilmişdir: "Namazdan və səbirdən (orucdan) kömək alın" (Bəqərə surəsi, ayə 45). Göründüyü kimi, Ramazan insanın imkanlarının arzularını fəth etdiyi qələbə ayıdır. Sadə dildə desək, insan bu ayda iradəsini gücləndirməklə özünəinamını artırmış olur və gələcəkdə bütün hədəflərinə çata biləcəyinə inanır.

Demokratik ay – sosial bərabərlik
Oruc tutmaq ilahi nemətlərinin qədrini bilməklə yanaşı, varlıların yoxsulları dərk etmələri üçün ən gözəl vasitədir. Elimizdə belə bir məsəl var: "toxun acdan xəbəri olmaz ". Ramazan ayında bu fikir bir daha təsdiqini tapsa da, müəyyən qədər sosial əhəmiyyətini itirir. Çünki hər zaman tox olanlar bu ayda oruc tutmaqla aclığın çətinliyini və yoxsul insanların nə çəkdiyini başa düşürlər. İmam Sadiq (ə) bu barədə buyurur: "Allah-Taala Ramazan ayında insanlara oruc tutmağı ona görə əmr buyurdu ki, varlı və kasıb (aclıq hissini yaşamaqda) bərabər olsun".
Digər hədisdə isə İmam Rza (ə) belə buyurur: "Orucun insanlara vacib olmasının hikməti (varlıların da yoxsullar kimi) aclıq və susuzluğun nə olduğunu dərk etməsi olmuşdur." Bu da onu göstərir ki, Ramazan ayı mənəvi hisslərin oyanmasına, insani dəyərlərin önə çıxmasına, nəticə etibarı ilə sosial bərabərliyin təmin olunmasına xidmət edir. Sadə dildə desək, Ramazan bütün insanların bərabər hüquq və azadlıqlara malik olduqları ən demokratik aydır.

Sağlamlıq ayı - ruhla bədənin vəhdəti

Ramazan ibadətləri təkcə mənəvi və sosial əhəmiyyətlə kifayətlənmir. Onun insan orqanizminə birbaşa təsiri danılmazdır. Əvvəla qeyd edək ki, pozitiv informasiyanın bolluğu, aqressiv emosiyaların azlığı insan psixikasını il boyu yığılıb qalmış mənfi yüklərdən azad edir. Gün ərzində paylaşılan müsbət duyğular, ruh yüksəkliyi, gələcəyə inam hissi, bayram əhval ruhiyyəsi və bu kimi təkrarlanan hallar qanda endorfinin miqdarını artırır ki, bu da ümumən orqanizm üçün arzuolunan sayılır. Müasir psixoterapiyada bu metod geniş istifadə olunur. Belə ki, xalq arasında xoşbəxtlik hormonu adlanan endorfin orqanizmdə maddələr mübadiləsini, daxili orqanların fəaliyyətini, ümumən bioritmi tənzim edir ki, bu da insan orqanizmi baxımından olduqca faydalıdır. Həzrəti Məhəmməd (s) buyurur: "Oruc tutun ki, sağlam olasınız". Oruc tutmağın tibbi əhəmiyyəti müasir elmə məlumdur. Belə ki, Allaha xatir oruc tutan şəxs böyük savab qazanmaqla yanaşı, özünü müalicə də etmiş olur. Təsadüfi deyil ki, orucluq müasir diyetoloqlar tərəfindən silsilə mədə-bağırsaq xəstəliklərinin profilaktik müalicə üsulu kimi qəbul olunur. Xüsusilə də, bütün xəstəliklərin mərkəzi sayılan mədə on bir aydan sonra oruc tutmaqla bir ay yaxşı istirahət imkanı qazanır. Bu da mədənin həzm mexanizminin yenilənməsinə təkan vermiş olur. İslam peyğəmbəri buyurur: "Mədə dərdlərlə dolu bir yerdir, oruc tutmaq isə onun üçün ən yaxşı dərmandır". Şübhəsiz, oruc tutmaq o zaman bizim sağlamlığımızı təmin edə bilər ki, sahur (qəlyanaltı) və iftar (nahar və şam) yeməklərinin yeyilməsində dinin və tibbin göstərişlərinə əməl edək. Əks təqdirdə, sağlamlığımız üçün nəzərdə tutulmuş oruc bizim bədənimizin zərərinə səbəb ola bilər. Xüsusilə izafi qida qəbulu və ya gündəlik rasionda duzlu-istiotlu, həmçinin allergik təamların normadan artıq istifadəsi orqanizmimizin funksiyasını poza bilər. Nəticədə insan qusar və ya xəstələnərsə, təbii ki, orucunu batil edər. Göründüyü kimi, təkcə ac-susuz qalmaq deyil, həm də düzgün qidalanmaq orucun vacib şərtlərindən sayılır.

Hətta ateistlərin (dinsizlərin) geniş istifadə etdikləri "sağlam bədəndə sağlam ruh olar" prinsipinə əsaslansaq belə, əminliklə vurğulaya bilərik ki, Ramazan büsbütün sağlamlıq ayıdır. Sadə dildə desək, bu ayda bədənin bütün orqanları illik ritmini dəyişərək bir növ istirahət etmiş olur. Nəticədə bədənin metabolizmi artır.

Əmin-amanlıq ayı - ictimai sabitlik

Statistikalara görə, Ramazan ayında müsəlman ölkələrində cinayətlərin sayı minimuma çatır. Ona görə ki, müsəlmanların bu aya olan hörməti onları məstedici içki və digər maddələrin qəbulundan çəkindirir. Nəticədə məstlik ucbatından baş verə biləcək bir çox cinayətlər həyata keçmir. Həmçinin, insanlarda Ramazan ayının gəlişi ilə yaranan ilahi sevgisi hər kəsin bir-birinə daha artıq güzəşt etməsinə və mərhəmətli olmasına səbəb olur. Göründüyü kimi, Ramazan nəfsin islah olunduğu əmin-amanlıq ayıdır. Sadə dildə desək, bu ayda insan müttəhim və ya prokuror qismində deyil, vəkil olaraq nəfsinin xoş əməllər sahibi olacağına zamin durur.

Arzuların gerçəkləşdiyi ay – Haqqa doğru bir addım

Əlbəttə, unutmayaq ki, əsl oruc təkcə mədənin yemək və içməkdən boş qalması demək deyil. Həqiqi oruc bütün bədən üzvlərinin ilahi əmrinə tabe olmasıdır. Ürəyin yalnız ilahi eşqi ilə çırpınması, gözün ancaq ilahi gözəllikləri müşahidə etməsi, qulağın qeybət və çirkin sözlər eşitməməsi, dilin yalandan, böhtandan, qeybətdən və nalayiq sözlərdən uzaq qalması da orucun ilahi dərgahında qəbul olmasında əsas şərtlərdən sayılır. Hz. Peyğəmbər (s) xütbələrinin birində belə buyurur: "Hər kim Ramazan ayını susaraq oruc tutub, qulağını, gözünü, dilini, şəhvətini və digər bədən üzvlərini Allahın razılığı üçün yalandan, haramdan və qeybətdən qoruyarsa, uca Allah onu özünə yaxın edər, belə ki, o şəxs Həzrəti İbrahim Xəlilullaha (onun mövqeyinə) çatar və onunla birlikdə olar". Göründüyü kimi, Ramazan arzuların həyata keçdiyi aydır. Sadə dildə desək, məhz bu ayda hər kəs Allaha mümkün qədər yaxınlaşa, müqəddəslərin mövqeyinədək yüksələ bilər.

Sonda hamımıza bu mübarək ayda sağlam bədən, saf mənəviyyat və iman kamilliyi arzulayıram. Ramazan günahların yandırıldığı aydır. Qoy bu alovun işığı gözümüzə nur, istisi qəlbimizə hərarət gətirsin.

İlahiyyatçı alim - Dr. Hacı Tofiq Əsədov

O.M.