Tarixçilər  önəmli məsələyə toxundular: Bakıda heykəlləri olan və olmayan dahilərimiz

Tarixçilər önəmli məsələyə toxundular: Bakıda heykəlləri olan və olmayan dahilərimiz

3 Avqust 14:54
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan tarix boyu özünün görkəmli qəhrəmanları, işğalçılara qarşı azadlıq mübarizəsinə qalxaraq düşmənlə döyüşdə böyük igidliklər göstərən, bu yolda şirin canlarından keçən və adlarını müstəqillik tariximizə qızıl hərflərlə yazdıran sərkərdələri, dünya şöhrətli siyasətçiləri, diplomatları, elm, incəsənət xadimləri ilə məşhur olub. Bu insanların hər biri isə xalqımızın qəlbində özlərinə əbədiyyət heykəli ucaldıblar. Hətta rusların qəddar bolşevik sistemi "xalqlar həbsxanası" üzərində qurulan SSRİ adlı işğalçı rejim belə həmin qəhrəmanların şərəfinə Bakıda və respublikamızın müxtəlif yerlərində heykəllər ucaldılmasının qarşısını ala bilmədi. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra paytaxtımızda xalqımızın tarixində özünəməxsus şərəfli iz buraxan dünya şöhrətli dahilərimizin yeni heykəlləri ucaldılmağa başladıldı. Bu baxımdan xalqımızın qan yaddaşına əbədi həkk olunan dahilərimizin paytaxtımız Bakıdakı abidələri ilə bağlı tarixçilər Nazim Xəlilov və Elnur Nəciyev ictimaiyyətimiz, o cümlədən tarixsevərlərimiz üçün maraqlı araşdırma aparıblar. Bu müstəvidə də onlar gələcəyimizin qurucuları olan gənclərin, eyni zamanda orta və yaşlı nəslin diqqətini yenidən dünya şöhrətli dahilərimizə cəlb edərək paytaxtımızda onlara olan hörmət və məhəbbətin daha bir gözəl nümunəsini xatırladıblar.

Əlbəttə, bunu böyük tarixçi alim, AMEA-nın həqiqi üzvü Yaqub Mahmudovun yetirmələri olan Nazim Xəlilov və Elnur Nəciyev tərəfindən günümüzdə aparılan olduqca uğurlu bir araşdırma hesab etmək olar. Çünki bizim gələcəyimiz, müstəqilliyimizin əbədi və həmişəyaşar olması ilk növbədə parlaq tarixi keçmişimizi unutmamaqdan, müstəqillik fədailərimizin xatirəsini əbədi yaşatmaqdan asılıdır. Məhz bu baxımdan hər iki tarixçinin günümüz və gələcəyimiz üçün olduqca önəmli olan araşdırmaları diqqətəlayiq hadisələrdəndir. Məsələ ilə bağlı Nazim Xəlilov və Elnur Nəciyevin araşdırmasında bu gün Bakıda heykəlləri ucaldılan dahilərimiz xatırlatnmış, həm də digər elm, incəsənət, siyasət sahəsində dünya şöhrəti qazanan dahilərimizin abidələrinin ucaldılmasına ehtiyac duyulduğunu bildirmişlər. Çünki dahilərin heykəlləri addımbaşı gənclərimizə, xalqımıza tarixi keçmişini xatırladaraq onlara qəhrəmanlıq, mərdlik, vətənpərvərlik ruhunu aşılayır, təbliğ edir və siyasi, ideoloji baxımdan olduqca güclü təsirə malikdir, əvəzedilməz təbliğat vasitəsidir.

“Sovet dövründə Bakıda bu tarixi şəxsiyyətlərimizə heykəllər ucaldılıb: Mirzə Ələkbər Sabir (1922; 1958-ci ildə tunc abidə ilə əvəzlənib), Mirzə Fətəli Axundzadə (1930), Həzi Aslanov (1949), Nizami Gəncəvi (1949), Xurşidbanu Natəvan (1960), Üzeyir Hacıbəyli (1960), Səməd Vurğun (1961), Məhəmməd Füzuli (1962), Mikayıl Müşfiq (1968), Nəriman Nərimanov (1972), Mehdi Hüseynzadə (1973), İmadəddin Nəsimi (1980), Cəfər Cabbarlı (1982), Həsən bəy Zərdabi (1983) və Əliağa Vahid (1990). Diqqət etsək, görərik ki, N.Nərimanovu çıxmaq şərti ilə o zaman heç bir dövlət xadimimizə heykəl ucaldılmayıb.

Müstəqillik dövründə isə Bakıda Şah İsmayıl Xətainin (1993), Hüseyn Cavidin (1993), Yusif Məmmədəliyevin (1998), Əzim Əzimzadənin (2002), Tofiq Bəhramovun (2004), Heydər Əliyevin (2005), Zivər bəy Əhmədbəyovun (2011), Abbasqulu ağa Bakıxanovun (2011), Fikrət Əmirovun (2011), Koroğlunun (2012), Bülbülün (2012), Dədə Qorqudun (2013), Qara Qarayevin (2014), Rəşid Behbudovun (2016), Niyazinin (2017), Albert Aqarunovun (2019), H acı Zeynalabdin Tağıyevin (2022), Müslüm Maqomayevin (2022) və Aşıq Ələsgərin (2024) heykəlləri qoyulub", - deyə tarixçilər xüsusi vurğulayıblar.

Eyni zamanda tarixçilər Nazim Xəlilov və Elnur Nəciyev qeyd ediblər ki, dahilərimizin heykəlləri qədim və zəngin tariximizin küçələrdə yaşadılması və təbliğatıdır. Bununla belə onlar təəssüflə və ürəkyanğısı ilə qeyd ediblər ki, hələ də Bakıda Babəkin, Şəmsəddin Eldənizin, Uzun Həsənin, Sara Xatunun, Şah Abbasın, Nadir şah Əfşarın, Ağaməhəmməd şah Qacarın, Cümhuriyyət qurucularının və digər tarixi şəxsiyyətlərimizin heykəlləri yoxdur.

"Ümid edirik ki, bir gün onların heykəlləri də Bakımızda ucaldılacaq”, - deyə tarixçilər bildiriblər.

Həqiqətən də Nazim Xəlilov və Elnur Nəciyev tariximiz və qan yaddaşımız üçün taleyüklü bir məsələyə diqqəti cəlb ediblər və bizim bütün xalqımız da hər iki tarixçi kimi adları çəkilən dahilərin Bakıda heykəllərinin qoyulacağına ümid edir. Çünki tariximizin yaşadılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi həm bizim gələcəyimiz, həm də müstəqilliyimizin həmişəyaşar olması üçün xüsusi, taleyüklü önəm daşıyır. Hər iki hörmətli tarixçimizə olduqca önəmli bir məsələyə diqqəti cəlb etdikləri üçün minnətdarlıq edir, onlara bu sahədə yeni-yeni uğurlar arzulayırıq!

Əziz MUSTAFA, Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin üzvü