ABŞ-İran müharibəsi: Türkiyə iki od arasında

ABŞ-İran müharibəsi: Türkiyə iki od arasında

Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ və İsrailin İrana hücumundan sonra bölgə dövlətləri çətin seçi qarşısında qalıblar. Buna səbəb isə müharibə ilə bağlı region ölkələrinin müəyyən təhlükələr qarşısında qalmalıdırlar. Hələlik ABŞ-İran müharibəsindən ən çox zərbəyə malik qalanlar BƏƏ, Qətər, Bəhreyndir. Həmin ölkələrin ərazilərində ABŞ hərbi baazlarının olması onların İranın raket hücumlarına məruz qalmaları ilə nəticələnib. Hələlik öz ərazisində ABŞ hərbi bazası olan ölkələrdən yalnız Türkiyə İranın hava hücumlarına məruz qalmayıb. Bunun da müəyyən səbəbləri var. Belə ki, Türkiyə İrana dələrlə dəstək verib və ABŞ-ın İrana hücumuna qarşı çıxıb. Eyni zamanda Türkiyə İrana hücum edən İsrailə münasibətdə düşmən mövqeyində dayanıb və onlar biri-birlərinə barışmaz münasibətdədir.

Buna paralel olaraq Ankara, Tehran, Təl-Əviv və Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ilə birlikdə Yaxın Şərqdəki dörd güc mərkəzindən biridir. Prezident Rəcəb Tayyib Ərdoğan iddia edir ki, dünyada heç bir problem onun ölkəsi olmadan həll edilə bilməz.

Bu müstəvidə də İrana hücuma ilk reaksiya verənlərdən biri Türkiyə Xarici İşlər Nazirliyi oldu. Nazirlik bildirdi ki "İsrail və ABŞ-ın İrana hücumu ilə başlayan və cavab tədbirləri ilə davam edən hadisələr bölgəmizin gələcəyini və qlobal sabitliyi təhdid edir."

Bu, NATO müttəfiqi və "dostu" Donald Trampın hərəkətlərinin dolayı yolla qınanması və ya daha sadə desək, İsrailin regional düşməninin reaksiyası kimi şərh edilə bilər.

Türkiyə ərazisinin İslam Respublikasına hücum üçün istifadə edilmədiyinə zəmanət verdiyini bəyan edib. Eyni zamanda, Xarici İşlər Nazirliyi münaqişənin həllində vasitəçilik etməyi təklif etdi. Bu məqsədlə Xarici İşlər Naziri Hakan Fidan İran, İraq, Səudiyyə Ərəbistanı, Qətər, Suriya, Misir və İndoneziyadan olan həmkarlarına zəng etdi.

28 fevral axşamı dövlət başçısı Ərdoğan da müharibənin başlamasından"dərin kədər və narahatlıq" ifadə etdi. O, Trampın hərəkətlərini pisləməsə də İsraili "Netanyahunun təxribatları" nəticəsində başlatmaqda günahlandırdı. Türkiyə lideri Tramp və İran prezidenti Məsud Pezeşkyanla telefonla danışdığını, lakin müharibə edən tərəflər arasında etimad böhranı səbəbindən "istədiyi nəticəni əldə edə bilmədiyini" söylədi.

Ərdoğan həmçinin İranın Körfəz ölkələrinə raket və pilotsuz təyyarə hücumlarını qəbuledilməz adlandırdı, eyni zamanda İranın özünə hücumları suverenliyin pozulması olduğunu söylədi.
Türkiyənin münaqişəyə münasibətində ortaya çıxan tərəddüdlü davranışını əslində başa düşmək çətin deyil.

Belə ki, İrana hücum edən dövlətlərə münasibətdə hansı mövqe tutmasından asılı olmayaraq Türkiyə Yaxın Şərqdəki sabitliyin pozulmasından açıq şəkildə məmnun deyil. İrandakı potensial xaos gözlənilməz nəticələrlə təhdid edir: İran müharibə edən etnik anklavlara bölünə bilər və onlarla farslar arasında toqquşmalar başlaya bilər. Nəticədə bölgə etnik müharibələr meydanına çevriləcək ki, bu da Türkiyəyə yaxşı heç nə vəd etmir.

Digər bir qorxu isə İranın daxilində rejim tərəfdarları ilə müxalifət arasında toqquşmaların baş verə bilməsi və vətəndaş müharibəsinin başlaması təhlükəsidir. Yəni İranda Suriyadakı hadisələr təkrarlana bilər. Bütün bunlar isə Türkiyə üçün arzuedilən deyil. Çünki İran toqquşmalar meydanına çevriləcəyi təqdirdə Türkiyə ərazisinə qaçqın axını gücləncək. Əgər Suriyadakı vətəndaş müharibəsi zamanı 4-5 milyon qaçqın axını baş vermişdisə, İranda eyni ssenarı təkrarlanacağı təqdirdə Türkiyəyə ən azı 10-12 milyon insan axın edə bilər. Türkiyə isə belə bir yükü daşımağa qadir deyil.

Diqqəti cəlb edən digər bir məqamsa müharibənin İran sərhədlərindən çıxa bilməsi təhlükəsidir. Bu baş verəcəyi təqdirdə Türkiyə özünün neytrallığını qoruyub saxlamaqda çətinlik çəkəcək. Belə bir vəziyyət baş versə Türkiyə ABŞ ilə Fars körfəzi ölkələri və İran arasında seçim etmək məcburiyyətində qalacaq. Bu isə heç də asan olmayacaq. Ona görə ki, Türkiyə NATO çərçivəsində ABŞ-ın mühüm tərəfdaşıdır. Buna paralel olaraq körfəz ölkələri də Türkiyəin əsas investor tərəfdarlarıdırlar. Bir neçə il əvvəl Ərdoğan batan lirəni xilas etmək üçün Qətərdən, BƏƏ-dən və Səudiyyə Ərəbistanından milyardlarla dollar almışdı. İranın Körfəz Əməkdaşlıq Şurası ölkələrinə zərbələri onların iqtisadiyyatına, deməli, Türkiyə iqtisadiyyatına da zərər verir.

Türkiyə açıq şəkildə adı çəkilən ölkələri dəstəkləyəcəyi təqdirdə İranın raket hücumlarına məruz qalacaq. Hadisələrin belə bir istiqamətdə inkişaf etməsi də Türkiyə üçün arzuedilən deyil.
Yəni istənilən halda Səudiyyə Ərəbistanı və Qətərdəki sünni qardaşlarına müəyyən dərəcədə rəğbət bəsləsə də, Ərdoğan İranın məhv edilməsinə icazə verə bilməz. Belə bir müharibə İsraili gücləndirərdi.

Türkiyənin Suriya, Fələstin və Aralıq dənizində İsraillə ciddi toqquşmaları var. İsrail Kürdüstan Fəhlə Partiyasının (PKK) və yunanların müttəfiqidir. PKK, tərksilah olunmasına baxmayaraq, hələ də Türkiyənin ərazi bütövlüyünə təhlükə yaradır. Yunanıstan və Kipr isə Şimali Kiprdə və Egey dənizində Ankara ilə düşmənçilik mövqeyi nümayiş etdirir və AB-yə üzvlük, müdafiə əməkdaşlığı da daxil olmaqla bir çox sahələrdə Avropa ilə yaxınlaşmaya mane olur.

Nəhayət İrana gəlincə Suriya və Cənubi Qafqazda Türkiyə ilə rəqabət aparsa da, indi zəifləyib və iki cəbhədə müharibə aparmaq təhlükəsindən xilas olmaq üçün Ankara ilə dinc münasibətləri qoruyub saxlamağa məcburdur.

Belə bir olduqca mürəkkəb vəziyyətdə bütün müharibə edən tərəflərlə əlverişli münasibətlərin üstünlüklərindən məhrum olmamaq üçün Türkiyə tərəfləri dialoqa çağırır. Bəlkə də Ukraynada vasitəçi kimi təcrübəsini xatırlayan Ərdoğan İranda da bu rolu öz üzərinə götürməkdən çəkinməyəcək..

Ümumilikdə, Türkiyə müttəfiqinin bölgədəki davranışından nəticə çıxaracaq. Buna görə də, Ankara getdikcə vədlərə, dostluğa və NATO-ya deyil, qırıcı təyyarələrinə və dronlarına güvənəcək. Gələcəkdə isə təyyarədaşıyan gəmilərə və bəlkə də hətta nüvə bombasına güvənəcək. Təsadüfi deyil ki, Türkiyə kəşfiyyatı son hesabatında respublikanı hava qüvvələrini gücləndirməklə və texnoloji boşluğu aradan qaldırmaqla "çoxcəbhəli müharibəyə" hazırlamağı təklif edir. Ərdoğan onu ən azı iki dəfə kimin devirməyə çalışdığını çox yaxşı xatırlayır.

Necə deyərlər, İran-ABŞ müharibəsinin davam etməsi Türkiyəyə və qonşu ölkələrə yaxşı heç nə vəd etmir. Konkret olaraq Türkiyənin bölgədəki hadisələrə münasibətdə neytrallığını qoruyub saxlaya bilməsi bu müharibənin uzun müddət davam edib-etməyəcəyindən asılı olacaq. Müharibənin nə qədər davam edib-etməyəcəyini isə indiki vəziyyətdə proqnazlaşdırmaq olduqca çətindir. Çünki istənilən an münaqişə zonasında gözlənilməz vəziyyət meydana çıxa və hadisələr tərəflərin planlaşdırmadığı istiqamətdə inkişaf edə bilər.

Əziz MUSTAFA