Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Yaqub Mahmudovun 87 yaşı tamam olur
Bu gün XX-XXI əsr Azərbaycan və Türk dünyası tarixində şərəfli bir iz qoyan, tariximizi saxtalaşdıranlara qarşı qələmi ilə amansız mübarizə aparan və onların əsassız iddialarını alt-üst edərək doğma vətənimizin qədimlərdən türk torpağı olduğunu sənədli mənbələrlə sübut edən Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, tarix elmləri doktoru, professor, AMEA-nın həqiq üzvü, akademik Yaqub Mahmudovun 87 yaşı tamam olur. 87 yaş dünya şöhrətli akademik Yaqub Mahmudovun tarixi elmimizə verdiyi töhfələrin müdriklik zirvəsidir. Elə bir zirvə ki, min illər bundan sonra belə tarix elmimizdə onun adı şərəfli, mübarizələrlə dolu həyat yolu qürur və fəxrlə anılacaq. Hələ sağlığında ikən Azərbaycan və Türk dünyası tarixinin canlı əfsanəsinə çevrilən Akademik Yaqub Mahmudov bu baxımdan xoşbəxt şəxsiyyətlərdəndir. Yaqub Mahmudovun Türk dünyası tarixində qoyduğu şərəfli izlərdə, türk tarixi düşmənlərinə qarşı apardığı gərgin mübarizələrdə isə şübhəsiz ki, onun mənsub olduğu Rəhimuşağı ailəsinin, tarixboyu işğalçılara qarşı dəfələrlə azadlıq mübarizəsinə qalxan və bu yolda saysız-hesabsız qurbanlar verən və qədim Göynük mahalının azadlıqsevər mərkəzi olan Baş Göynük kəndi igidlərinin göstərdiyi qəhrəmanlıqlarının da özünəməxsus rolu olub. O uşaqlıqdan Baş Göynük kəndinin adlı-sanlı, sayılan, seçilən, iidlərindən olan, nəinki Göynük mahalında, həm də, həm də Şəkidə 1918-ci ildə erməni daşnaklarına qarşı silahlı mübarizəyə rəhbərlik edənlərdən, 1930-cu ildə sovet rejiminə qarşı yenidən azadlıq mübarizəsinə qalxan Göynük üsyanının başında dayananlardan biri olan atası Mikayıl kişinin ailəsində vətənpərvərlik, türklük ruhu əsasında böyüyüb. Bu da onun sonrakı həyatının, gələcək mübarizə yolunun müəyyən edilməsində önəmli rol oynayıb. Xüsuisilə Bakı Dövlət Universitetinin tarix fakultəsində oxuduğu illərdə özünü istedadlı, vətənpərvər tələbə kimi göstərmişdi. Onun gənc yaşlarından özünü istedadlı tarixçi kimi göstərməsi hələ o vaxtlar ulu öndər Heydər Əliyevin diqqətini özünə cəlb etmişdi. Bu da sonralar Ulu Öndər heydər Əliyevin xeyir-duası ilə istedadlı gəncin-Yaqub Mahmudovun yüksək vəzifələrə irəli çəkilməsində mühüm rol oynadı. Bu müstəvidə də, sovet rejiminin qılıncının dalının da, qabağının da kəsdiyi bir dövrdə onun tariximizi saxtalaşdıranlara qarşı apardığı ilk böyük və şərəfli mübarizəsi 1966-cı ildə "Ağqoyunlu dövlətinin Venesiya ilə qarşılıqlı əlaqələri (XV əsrin 60–70-ci illəri)" mövzusunda müdafiə etdiyi namizədlik dissertasiyası oldu. Bu dissertasiyası ilə o, Azərbaycan tarixini saxtalaşdıranlara, dövlətçiliyimizin olmadığını iddia edən imperiya nökərlərinə qarşı gələcək həyatında önəmli, taleyüklü rol oynayacaq ağır, gərgin, eyni zamanda şərəfli mübarizələrinin əsasını qoymuş oldu. Dissertasiyanın müdafiə edilməsi isə heç də asan başa gəlmədi. İmperiya nökərləri olan tarixçilər heç cür Azərbaycan dövlətiinin mövcud olmasını qəbul etmək istəmirdilər və bunu sübuta yetirmək üçün əsassız, saxta "elmi" iddialar irəli sürürdülər. Buna baxmayaraq sonda o dövrün gənc və olduqca istedadlı tələbəsi kimi tanınan Yaqub Mahmudov istədiyinə nail oldu. Bu çərçivədə də apardğı mübarizəsini davam etdirən Yaqub Mahmudov 1989-cu ildə tariximizi hər vasitə ilə saxtalaşdıran sovet imperiyasının paytaxtında, M.V. Lomonosov adına Moskva Dövlət Universiteti Tarix fakultəsinin Elmi Şurasında "Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı – XVII əsrin əvvəlləri)" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək həqiqi tariximizin üzə çıxarılmasına daha bir şərəfli töhfə vermiş oldu.
1988-ci ildə azadlıq hərəkati başlayan zaman Yaqub Mahmudov tələbələri ilə bu mübarizənin önündə idi. Buna görə imperiya nökərləri tərəfindən dəfələrlə ağır sınaqlara, təhdidlərə məruz qalsa da, sona kimi mübarizəsini davam etdirdi, sınmadı, əyilmədi.
Ümumiyyətlə hörmətli Yaqub Mahmudovun tarix elmimizin saxta iddialardan təmizlənməsində, həqiqi tariximizin yazılması yolunda apardığı mübarizəsini araşdırmaq üçün illərlə vaxt, cildlərlə kitablar yazmaq lazımdır. Ona görə də hörmətli akademikimizin həqiqi tariximizin yazılması ilə bağlı ağır mübarizəsinə, gərgin əməyinə qısa da olsa nəzər salmaq istəyirik.
Yaqub Mahmudovun gərgin əməyinin, uğurlu elmi araşdırmalarının, Qarabağ, Naxçıvan və İrəvanla bağlı fundamental tədqiqatlarının nəticəsində Qarabağın hüquqi və etnik kimliyi sübut edilib. Təsadüfi deyil ki, Tarix və Etnologiya İnstitutunun direktoru tarix elmləri doktoru Kərim Şükürov deyib: “Azərbaycan tarixinin ana dilində ən gözəl ifadəsi məhz hörmətli akademik Yaqub Mahmudovun adı ilə bağlıdır və o, ana dilini tarixin dilinə çevirib, dövlətçilik ənənələrinin inkişaf etdirilməsində əzmlə xidmət edərək, sistemli şəkildə Azərbaycan tarixinin öyrənilməsində əvəzsiz xidmət göstərən nadir şəxsiyyətlərdəndir”.
Yaqub Mahmudovun ən böyük xidmətlərindən biri də "İrəvan dəftərləri" qeydlərində arxiv materialları əsasında İrəvanın qədim Azərbaycan torpaqları olması ilə bağlı faktların onomastik materiallarla sübuta yetirməsidir.
Yaqub Mahmudovun digər bir önəmli tarixi fəaliyyəti isə ingiloyların gürcü olduğunu sübuta yetirmək istəyənlərin saxta iddialarını ifşa etməsidir. Bu problem XVIII əsrdən başlayır, əsas məqsəd ölkənin daxildən parçalanıb idarə edilməsi üçün ingiloyların gürcüdən dönmə olduğunu sübut etmək və onların yaşadıqları ərazilərin tarixi gürcü torpağı olduğunu isbat etmək olub. Məhz akademik Yaqub Mahmudovun rəhbərliyi ilə qədim bir etnosun milli kimliyi üzə çıxarılıb, onların heç bir etnakonsepsionar əhali qrupuna aid deyil, müstəqil etnos olduqları sübuta yetirilib.
Akademik Yaqub Mahmudovun Azərbaycan tarixi üçün gördüyü mühüm işlərdən biri də on minlərlə arxiv sənədinin Vətənimizə gətirilərək elmi-tədqiqata cəlb edilməsidir. Bu sənədlər içərisində zorakı xristianlaşdırma ilə bağlı 120 səhifəlik materialın böyük əhəmiyyəti var. Sənədlər əsasında 1850-1860-cı illərdə Qaxdakı və Zakataladakı ingiloyların zorakı xristianlaşdırılması, eləcə də onların adlarının gürcü adları ilə əvəz edilməsi faktları aşkarlanıb. Bu isə ingiloyların türk olması faktını sübut edir.
Yaqub Mahmudovun həmmüəllif və naşiri olduğu fundamental tədqiqatlar – "Qarabağ: real tarix, faktlar, sənədlər", "Naxçıvan: tarixi və abidələri" və "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi" kitabları Dövlət Mükafatına layiq görülüb.
Əsərləri bir çox xarici ölkələrdə (Türkiyə, Pakistan, Rusiya, Böyük Britaniya, ABŞ, Qırğızıstan, Almaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Polşa, Ukrayna, İtaliya, Misir, Cənubi Koreya, İsveç və Meksika) nəşr olunub.
Yaqub Mahmudov Türk dünyasının həqiqi tarixinin yazılmasında da böyük xidmətlər göstərib və bununla da dünyanın ən məhur türkoloq tarixçisi kimi şöhrət qazanıb. Bunu faktlar da sübut edir.
Belə ki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (TDABEA) Baş Elmi Şurasının 2025-ci il 14 yanvar tarixli qərarı ilə Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan, türk və ingilis dillərində “Professor Yaqub Mahmudov” adlı kitab çap olunub. Nəfis şəkildə çap olunan kitabın elmi redaktoru TDABEA-nın Ankara şəhərində başqanı, professor Hayrettin İvgindir.
Yeni nəşrdə AMEA-nın müşaviri, akademik Yaqub Mahmudovun həyatı, elmi‐pedaqoji və ictimai‐siyasi fəaliyyəti barədə yığcam məlumat verilir. Nəşrə, həmçinin görkəmli tarixçi alimin həyat və fəaliyyətini əks etdirən fotomateriallar daxil edilib.
Bundan başqa, Yaqub Mahmudov TDABEA-nın Mükafat Komitəsinin 2025-ci il 3 fevral tarixli qərarı ilə “Özgürlük” ordeninə layiq görülüb. Akademikə bu orden Türk dünyasının elm və təhsilindəki böyük xidmətlərinə görə verilib.
Xatırladaq ki, Yaqub Mahmudov 2019-cu ildə TDABEA-nın həqiqi üzvü seçilib və həmin akademiyanın “Beynəlxalq Qızıl Ulduz” medalı (2019), Beynəlxalq Atatürk Mükafatı (2019), 2019-cu il üçün “Türk dünyasında ilin elm adamı” beynəlxalq mükafatı (2020), “İstiqlal” ordeni (2023) və 2022-ci il üçün “Türk dünyasında ilin adamı” beynəlxalq mükafatı (2023) ilə təltif edilib.
AMEA-nın müşaviri, akademik Yaqub Mahmudov "Google Scholar"da "Azərbaycan tarixi" (History of Azerbaijan) üzrə 18 alim arasında 1-ci yeri tutub. Yaqub Mahmudovun əsərlərinə 400-dən çox istinad edilib. Ən çox istinad isə onun "Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı - XVII əsrin əvvəlləri)" (Bakı, 1991) adlı əsərinədir.
Tarixçi alimin “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının onlayn versiyası 9 dildə - Azərbaycan, türk, ingilis, rus, rumın, italyan, ərəb, ispan və alman dillərində Azərbaycan Tarixi Elektron Kitabxanasında və Milli Kitabxananın elektron kataloqunda yerləşdirilib.
Prezident İlham Əliyevin çağırışlarına cavab olaraq yazılan bu əsərin müəllifləri AMEA-nın həqiqi üzvü Yaqub Mahmudov (elmi redaktor və naşir), professor Tofiq Mustafazadə (elmi redaktorun müavini), dosent Güntəkin Nəcəfli (məsul redaktor) və başqalarıdır.
Kitab “İrəvan xanlığı Azərbaycanın dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsidir”, “Xanlığın əhalisi”, “Sosial-iqtisadi həyat”, “Xanlığın sərhədləri, inzibati bölgüsü və idarəçilik sistemi”, “Mədəniyyət”, “Xarici siyasət”, “Rusiya imperiyasının və Qacarlar dövlətinin işğalçılıq planları”, “İrəvan xanlığının Rusiya imperiyası tərəfindən işğalı”, “İşğal olunmuş İrəvan xanlığı ərazisinə ermənilərin İrandan və Osmanlı imperiyasından kütləvi surətdə köçürülməsi” və “İrəvan xanlığı ərazisindəki azərbaycanlılara məxsus yer adlarının kütləvi surətdə dəyişdirilməsi, Müasir vandalizm: tarixi adlara qarşı soyqırım” bölmələrindən ibarətdir.
Akademik Yaqub Mahmudovun Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır” kitabının onlayn versiyası 3 dildə - Azərbaycan, rus və ingilis dillərində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının saytında yerləşdirilib.
“Ermənilərin XIX əsrdə Şimali Azərbaycan torpaqlarına köçürülməsi tarixi həqiqətdir” (rus və ingilis dillərində) və “Ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsinin regional təhlükəsizlik üçün nəticələri” (Azərbaycan dilində) kitablarının onlayn versiyası Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının saytında yerləşdirilib. Bu əsərlərin müəllifləri AMEA-nın müşaviri, akademik Yaqub Mahmudov və tarix elmləri doktoru, dosent Güntəkin Nəcəflidir.
Kitablarda ermənilərin XIX əsrdə Şimali Azərbaycan torpaqlarına köçürülməsi çar Rusiyasının arxiv sənədləri, imperatorun göstərişləri və digər sənədlərlə təkzibedilməz şəkildə sübut edilir. Kitablara, həmçinin erməni saxtakarlığını ifşa edən sənədlər və fotomateriallar da daxil edilib. Nəşrlərdə yazılır ki, XVIII əsrdə Qarabağın dağlıq hissəsində yaşayan alban xristian məlikləri I Pyotra və II Yekaterinaya yazdıqları məktublarında özlərinin erməni deyil, alban olduqlarını təsdiq etmişlər. Bu məktublar erməni “alimləri” tərəfindən saxtalaşdırılaraq, “Alban türkləri” - “Ağvan müsəlmanları”, “Alban Ərsak nəsli” isə “erməni rəisləri nəsli” ifadələri ilə əvəz edilib.
Akademik Yaqub Mahmudov bütünlükdə Azərbaycan tarixinin öyrənilməsi, tarixi həqiqətlərin üzə çıxarılması istiqamətində əvəzedilməz xidmətləri ilə gənclərə örnək olan bir şəxsiyyətdir
Fəxr və qürurla onu da bildirək ki, Yaqub Mahmudov həqiqi tariximizin yazılması sahəsində istedadlı kadrların yetişdirilməsinə verdiyi şərəflı əməyini davam etdirməkdədir. Bu günə kimi onun elmi rəhbərliyi altında 64 nəfər fəlsəfə doktoru və 16 nəfər elmlər doktoru yetişib.
Bu kiçik yazıda hörmətli akademikimiz Yaqub Mahmudovun Azərbaycan, o cümlədən Türk dünyası tarixinə, verdiyi töhfələri tam şəkildə araşdırmaq mümkün deyil. Çünki Yaqub Mahmudovun tariximizə verdiyi töhfələri, Türk dünyası tarıxı qarşısında göstərdiyi xidmətləri bir dəryaya bənzətmək olar. Bizim yazdıqlarımız isə bu dəryadan bir damçı hesab edilə bilər.
Biz bu əziz gündə Azərbaycan və Türk dünyası tarixinin Homeri, Bilgı Xaqanı adlandırılan hörmətli akademik Yaqub Mahmudovu ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı arzulayır, tarix elmimiz qarşısında göstərdiyi xidmətlərə görə qarşısında bir daha baş əyirik.
Əziz MUSTAFA, yazıçı-jurnalist



























.jpg)
.jpg)
.jpg)
































































