Qocaman jurnalistin 68 yaşı tamam olur: Təbrik edirik

Qocaman jurnalistin 68 yaşı tamam olur: Təbrik edirik

Bəyəndim (1) Bəyənmədim (0)

Bu gün əməkdaşımız, istedadlı qələm sahibi, ömrünün 32 ilindən çoxunu mətbuata həsr edən qocaman jurnalist Əziz Mustafanın (Mustafayev Əziz Salam oğlu) 68 yaşı tamam olur. Əziz Mustafanın jurnalistikaya gəlişi məktəb illərindən başlayıb və 1972-1976-cı illərdə "Şəki fəhləsi" qəzetində məqalələrlə çıxış edib. Daha sonra neft mədənində elektrik montyoru, Şərab məhsulları zavodunda və Taxıl məhsulları kombinatında fəhlə, ali təhsilini başa vurandan sonra isə Böyük Dəhnə və Baş Göynük kənd Mədəniyyət Evinin direktoru işləyib. 1993-cü ildən həyatını mətbuata həsr edib. Əvvəlcə "Milli Birlik", sonra "Yeni Azərbaycan" qəzetində xüsusi müxbir kimi çalışıb.

1994-cü ildən "Zaman-Azərbaycan" qəzetində Prezident Aparatı, Milli Məclis, Xarici İşlər Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi üzrə xüsusi müxbir kimi fəaliyyət göstərib. 1995-ci ildə Milli Məclisin fəaliyyətini geniş şəkildə işıqlandırdığına görə bu qurumun xüsusi Təşəkkür məktubunu alıb. 2017-ci ildən "Oxuməni" qəzetində müxbir kimi fəaliyyətini davam etdirməyə başlayıb. Əziz Mustafa yazmaqdan yorulmayan jurnalistlərimizdəndir. O, jurnalistlər arasında keçirilən çoxsaylı müsabiqələrin qalibi olub. Eyni zamanda milli vətənpərvərlik ruhunda yazdığı siyasi analitik yazıların, tarixi məqalələrin və 6 kitabın müəlllifi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

"Oxuməni.az" qəzeti redaksiyası istedadlı qələm sahibi, qocaman jurnalist Əziz Mustafanı 68 yaşı münasibəti ilə təbrik edir, ona mətbuat sahəsində yeni-yeni uğurlar və cansağlığı arzulayır. Qələminiz daha da iti olsun, Əziz müəllim!

Almaz Həsənli