Yenə də İslandiyaya məğlub olduq: Uğursuz oyun, kədərli nəticə... Video

Yenə də İslandiyaya məğlub olduq: Uğursuz oyun, kədərli nəticə... Video

Bəyəndim (3) Bəyənmədim (0)

Futbol üzrə Azərbaycan yığmasının Dünya çempionatının seçmə yarışlarında uğursuz çıxışları davam edir. Bu dəfə Azərbaycan yığması öz meydanında heç də futbol ölkəsi sayılmayan və əhalisi bizdən təqribən 16-18 dəfə az olan və soyuq adada yerləşən İslandiyaya Bakıda 0:2 hesabı ilə məğlub olub. Halbuki Ayxan Abbasovun baş məşqçi təyin edilməsindən sonra Azərbaycan yığması daha uğurla çıxış etməyə başlamışdı.

Ona görə də yüzminlərlə azərkeş komandamızın İslandiya ilə oyunda qalib gələ bilməsə də ən azı heç-heçə oynayacağına və bununla da Reykyavikdəki biabırçı məğlubiyyətin təsadüfi olduğuna ümid edirdi. Amma ümidlər özünü doğrultmadı və yenidən meydandan kədərli nəticə ilə başıaşağı ayrıldıq. Oyuna gəlincə, 20-ci dəqiqədə İslandiya yığmasının cinah oyunçusu Albert Qudmundsson sərrast zərbə ilə hesabı açdı. 39-cu dəqiqədə müdafiəçi Sverrir İnqason ikinci topu qapımızdan keçirərək komandamızın heç-heçəyə olan ümidlərini boşa çıxardı. İkinci hissədə də hesab dəyişmədi və islandlar sadəcə olaraq meydanda məşqə çıxmış kimi oynadılar.

Mənə anlaşılmaz gələn sadəcə olaraq komandamızın bəzi oyunçularının, o cümlədən Cəfərquliyevin oyun ərəfəsində "müəmmalı" xəstəliyə tutularaq oynamaması oldu. İslandiya ilə oyunda meydanda Cəfərquliyevin olmaması özünü aydın şəkildə hiss etdirirdi...

Ayxan Abbasovun rəhbərliyi altında milli komandanın keçirdiyi dörd oyundan bəlkə də ən məyusedicisi budur. Allah futbol yığmamızı 16 noyabrda keçiriləcək Fransa ilə oyunda daha biabırçı məğlubiyyətddən qorusun...

Əziz MUSTAFA