
İslandiyaya biabırçı şəkildə məğlub olduq: 5 sentyabr Azərbaycan futbolunun matəm gününə çevrildi
Bu biabırçı məğlubiyyətdən sonra AFFA-nın baş katibi Cahangir Fərəcullayev jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan millisinin baş məşqçisi istefa verməsə, bu barədə özümüz tədbir görəcəyik.
Santuş isə, rüsvayçı məğlubiyyətdən sonra jurnalistlərə açıqlamasında istefa vermək barədə düşünmədiyini bildirib.
Əslində əsl istefa verməli olan hər ağır məlubiyyətdən sonra Santuş kimilərini gətirib Azərbaycan futboluna rəhbər təyin edərək futbolumuzu məhvə sürükləyən və baş məşqçi postunu uşaq oyuncağına çevirən AFFA rəhbərliyidir.
Azərbaycan futbolu öz tarixində ən ağır, belə demək mümkünsə qara günlərindən birini yaşamaqdadır. Bunu portuqaliyalı Fernandu Santuşun baş məşqçisi olduğu Azərbaycan yığmasının cəmisi 410 min əhalisi olan, dünyada heç də futbol ölkəsi kimi tanınmayan İslandiyaya 0:5 hesabı ilə məğlub olması bir daha sübut etdi. Əslində bu gözlənilən idi. Çünki hələ İslandiya ilə oyun ərəfəsində baş məşqçi Fernandu Santuş diletantcasına,futboldun başı çıxmayan, ada ölkəsinin yığmasının son ildə ən güclü rəqiblərlə qaşılaşmalarda belə müasir futbol nümayiş etdirdiyindən xəbərsiz adamlar kimi danışaraq rəqib üzərində asanlıqla qələbə qazanacağına ümidlər edirdi.
Görünür Santuş İslandiya milli futbol komandasının 2016-cı ildə Avropa çempionatında debüt edərək dörddəbir finala kimi irəliləməsini unutmuşdu. Bu mərhələdə isə islandlar turnirin ev sahibi güclü Fransa millisinə 2:5 hesabı ilə uduzaraq mübarizəni dayandırmağa məcbur olmuşdular. İki il sonra İslandiya millisi Rusiyada keçirilən dünya çempionatında debüt etsə də, bu dəfə qrup mərhələsini keçə bilməyib. Hazırda FİFA reytinqində 70-ci yerdə qərarlaşan İslandiya dünyanın bır-sıra aparıcı futbol ölkələri üzərində belə qələbə qazanıb. Futbol üzrə Azərbaycan yığması isə əksinə 19 dekabr 2024-cü il tarixinə əsasən FİFA reytinqində 117-ci yerdədir. Bu da komandaların hansı gücdə olmasını göstərir.
Amma İslandiya üzərində asanlıqla qələbə qazanacağına ümid etdiyini söyləyən Fernandu Santuş sanki bütün bunlardan xəbərsiz idi. Santuşun bu arxayınçılığı isə Azərbaycan yığmasının İslandiyada biabırçı məğlubiyyətinə gətirib çıxardı. Azərbaycan yığması yalnız ilk 45 dəqiqədə İslandiyaya müqavimət göstərə bildi. Buna baxmayaraq birinci hissənin sonuna əlavə edilən 2-ci dəqiqədə rəqib komandanın oyunçusu Viktor Palsson topu qapımızdan keçirərək hesabı açdı.
Oyunun ikincisi hissəsi başlayar-başlamaz İsak Yohannesson 47-ci dəqiqədə hesabı 2:0-a çatdırdı. O, 56-cı dəqiqədə isə özünün ikinci, komandasının isə 3-cü topunu qapımızdan keçirərək darmadağının əsasını qoydu. Amma islandlar bununla kifayətlənmədilər. Müdafiəmizdə olan çaşqınlıqdan istifadə edən rəqib komandasının oyunçusu Albert Qudmundsson 67-ci dəqiqədə 4-cü, Daniel Leo Qretarsson isə 73-cü dəqiqədə 5-ci topu qapımızdan keçirərək nəinki Azərbaycanın futbol üzrə yığmasını, həm də ümumilikdə fitbolumuzu "dəfn" etdilər. Hələ hesab daha biabırçı, 6,7, hətta 8:0 da ola bilərdi. Amma ada futbolçuları 5-ci qoldan sonra bir az sakitləşdilər və bu, bizi daha biabırçı məğlubiyyətdən xilas etdi...
PS. Bu biabırçı məğlubiyyətdən sonra AFFA-nın baş katibi Cahangir Fərəcullayev jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan millisinin baş məşqçisi istefa verməsə, bu barədə özümüz tədbir görəcəyik.
Santuş isə, biabırçı məğlubiyyətdən sonra jurnalistlərə açıqlamasında istefa vermək barədə düşünmədiyini bildirib.
Əslində əsl istefa verməli olan hər ağır məlubiyyətdən sonra Santuş kimilərini gətirib Azərbaycan futboluna rəhbər təyin edərək futbolumuzu məhvə sürükləyən və baş məşqçi postunu uşaq oyuncağına çevirən AFFA rəhbərliyidir.
Əziz Mustafa
DÇ-2026-nın seçmə mərhələsi, 1-ci tur
5 sentyabr
D qrupu
İslandiya - Azərbaycan - 5:0
Qollar:
Hakimlər: Sander van der Eyk, Rens Blümink, Stefan de Qroot, Mark Naqteqaal
VAR: Jerön Mansxot
AVAR: Klay Ruperti
"Lauqardalsvöllur" stadionu