Sonuncu status: "Əlvida, Bakı"

Sonuncu status: "Əlvida, Bakı"

14 Mart 2013 21:34
Bəyəndim (0) Bəyənmədim (0)
“Bu həyatda ən asan şey ölməkdir, çətin olan isə yaşamaq və sən asanın deyil, çətinin öhdəsindən gəl!”

Kompüter arxasında əyləşib, "Odnoklassniki" sosial şəbəkəsində ismarışlarıma göz gəzdirərkən oxuduğum bir ismarışla gözlərim doldu. O ankı hisslərimi izah etməkdə çətinlik çəkirəm... Özümü bir qədər toplayıb o son statusu oxumağa başladım:

"Səni düşünməmək istəyirəm. Amma, bax, özüm-özümlə bacarmıram. Yazmaq istəyirəm... Səndən, həyatımdan, hər şeydən. Əslində, bəzən buralardan çıxıb getmək də istəyirəm. Amma sonra olmaz deyirəm... Dar bir Bakı küçəsi ilə irəliləyirəm. Saat 7-8 arası. Hara gedirəm, bunu belə bilmirəm. Səssizdi küçələr, eyni mənim kimi. Bakı, sən niyə susqunsan ki? Sənin dərdinə yanıram. Ən azından, mən içimdəkiləri kağızlara boşaldıram. Amma sən... Bunu belə edə bilmirsən. Küləklərinlə əsib gurlayırsan. Qisasını beləmi alırsan? Səni kim üzdü ki?.. Üstümə yağış damlalarını tökürsən. Sən dəmi ağlayırsan? Mənim dərdiməmi şərik olursan? Yanımda bir sən varsan .Məni bir tək sən başa düşərsən. Amma ağlama. Sənin göz yaşlarına dözə bilmərəm axı... Sənin yerinə mən ağlaram. Bu mənim alın yazımmı, səncə? Yox, deyil! Bir gün mən də onu düşünməyəcəyəm! Yox...Yox... O bir gün olmayacaq. Çünki mən də olmayacağam. Mən gedirəm, Bakı. Özümü sənin, Xəzərinin qoynuna təslim edirəm. Ən doğrusu budur çünki. Arxamca ağlama. Amma səndən son bir istəyim var. Bakı, sevgilimə yaxşı bax. Onu kimsələrin üzməsinə izin vermə. Sevdiyim də mənim kimi özünü sənin Xəzərinin qoynuna atmaq istəyərsə, onu qəbul eləmə. O da səni çox sevir... Əlvida, Bakı... Əlvida, sevgilim. Sizinçün çox darıxacağam. Hər bir insanınçün darıxacağam... Bu gün bir sakinin daha səni tərk edir... Bir mahnıda eşitmişdim. Dayan, sənə də xatırladım. Belə deyilirdi o mahnının sözlərində: "Səni axtararkən özümü itirməkdən yoruldum. Tapdığımı zənn etdiyimdə, özümdən ayrı düşdüm. Bu, qəribə bir əlvida olacaq. Çünki, əslində, hər zaman içindəsən. Nə qədər uzağa getsəm də, getdiyim hər yerdə mənimləsən. Amma söyləyəcək söz yox. Gedirəm mən, əlvida!"
Statusu oxuyub bitirdikdən sonra göz yaşlarım buna bənd imiş kimi qaynayıb, daşmağa başladı. Etiraf edim ki, titrək əllərimlə üzümü tutub, hönkürtü ilə ağladım. Və bir neçə gün fikirlərimi, düşüncələrimi tamamilə bürüdü bu hadisə. Hələ də bu hadisənin təsirindən yaxa qurtarmış sayılmaram, əslində. 20 yaşında gənc bir qız sevgilisinə görə intihar etmişdi. Sırf sevgilisi onu atıb getdi deyə özünü Xəzərin neft qoxan sularına qərq etmişdi... Hadisələrə yaxından-uzaqdan şahid olduğumdan onu bilirəm ki, sevdiyi insan heç bir səbəb yox ikən onu tərk etmişdi. Bir daha geri gəlməmək üzrə onun həyatından getmişdi. Sonra isə bu tərk etmənin səbəbi aşkara çıxdı. Başqa bir qıza görə tərk edilib, hissləri ilə oynanılan gənc qız həyatının ən böyük səhvini edərək, canına qıydı. Və bu addımı atarkən nə geridə buraxdıqlarını, nə də yaşaya biləcəklərini düşündü. Son yazdığı statusu ilə Bakı və Bakının timsalında sevdiyi adamla vidalaşaraq canına qıydı. Onu da qeyd edim ki, həmin qızın sevgilisindən ayrıldıqdan sonra bu və ya bu tipli statuslarına öyrəşən dostları, sonuncu statusun intihar etirafı ola biləcəyini ağıllarına belə gətirməmişdilər. Hətta bu statusa məzəli rəy yazanlar da olmuşdu.
İnsanlar özlərini xoşbəxt, bəzən adi hiss etdikləri kimi, bədbəxt olduqlarını sandıqları zamanlar da vardır. Bədbəxtlik də, xoşbəxtlik də sadəcə zamanlarla mövcud olar. Anlara sığar. İnsanlar anlarla özlərini bədbəxt və ya xoşbəxt hiss edərlər. Xoşbəxtlik də, bədbəxtlik də hər kəsin müxtəlif cür qəbul etdiyi bir qavramdır. Bəzi insanlar kiçik bir problemlə həyatlarına nifrət belə edərlər. Bəziləri isə həyatın nəbzini tuta bilmədiyindən, xoşbəxtliyi burunlarının üstündə unutduqları eynək kimi ətraflarında axtararlar. Bəziləri də elə məhz intihar etmiş o gənc qız kimi pessimist düşüncələrlə özlərini, xoşbəxt olmaq üçün bolca səbəbləri var ikən bədbəxtlik nöqtəsinə qədər sürükləyərlər...Və kim bilir, elə həmin pessimist düşüncələrlə özlərini bədbəxtlik nöqtəsinə sürükləyən, beynində intihar planları ilə gəzən, bəlkə elə bu an intihar etməkdə olan neçə-neçə gənc qız və oğlanlar var... Ən kiçik problemlə bədbəxt olduqlarını sanan, xoşbəxtlik kəlməsi ilə yadlaşmış neçə-neçə insan var... Bəs sən, əziz OXUcu, heç özünə sual verdinmi "niyə xoşbəxt deyiləm" deyə?... Xoşbəxt deyilsən? Onda var gücünlə qışqır. "Mən xoşbəxt deyiləm!" de. Elə qışqır ki, dəqiq və yaxşı eşidəsən nə dediyini. Sonra necə xoşbəxt olmadığını kar bir insana izah etməyə çalış. Sonra get pəncərədən bax. Həyat necə davam edir, bax. Körpə bir uşağın məsum gülümsəməsinə bax. Mavi səmaya, ağaclara, quşlara bax. Sonra bütün bu gördüklərini kor bir insana izah etməyə çalış. Var olmağında bir məna axtarırsan? Özünü dəyərsiz, lazımsız hiss edirsən? Əllərinə, ayaqlarına bax və bunu əlil birinə şikayət et. Özünü bədbəxt hesab edirsən? Onda bunu da gözü önündə doğmalarını itirmiş bir uşağa danış. Danış! Onlar başa düşərlər səni!.. Və yenə sən əgər bu havanı ciyərlərinə çəkirsənsə, hava ürəyinə yol alıb, beyninə ötürülürsə, özün üçün, xoşbəxt olmağın üçün səbəblər yarat. Bu həyatda ən asan şey ölməkdir. Çətin olan isə yaşamaq. Və sən asanın deyil, çətinin öhdəsindən gəl!
Səltənət Arzudovum (27.02.2013; saat 17:29)

O.M.