
Prezidentlərin Əbu-Dabi görüşündə sülhə doğru daha bir addım atılıb
Ötən gün Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşü bölgədə uzunmüddətli sülhün əldə edilməsinə doğru atılan daha bir addım hesab etmək olar. Bu da təsadüfi deyil. Belə ki, Donald Trampın prezident seçilməsindən sonra ABŞ-ın diqqətinin yenidən Cənubi Qafqaza cəlb edilməsi beynəlxalq aləmdə yeni siyasi reallığın əmələ gəldiyini bir daha təsdiq edib. Digər tərəfdən də son İsrail-İran münaqişəsi göstərdi ki, Cənubi Qafqaz ölkələri strateji, iqtisadi və ərazi baxımından Qərb üçün xüsusi əhəmiyyət daşıyır. Nəhayət Rusiya-Ukrayna müharibəsinin davam etməsi Cənubi Qafqazda təsir dairəsi uğrunda mübarizənin yeni mərhələyə qədəm qoyması ilə müşahidə olunmaqdadır. Cənubi Qafqada Qərbin öz təsirini daha da möhkəmləndirməsi isə məhz Azərbaycanla Ermənistan arasında sülh anlaşmasının imzalanmasından asılıdır. Təbii ki, buraya həm də Zəngəzur dəhlizinin reallaşması, iki ölkə arasında sərhədlərin demarkasiyasının həyata keçirilməsi, həm də bölgədə uzunmüddətli sülhə nail olunması daxildir. İki ölkə prezidentlərinin görüşünün təşkil edilməsində Türkiyənin özünəməxsus rolunu da qeyd etmək lazımdır. Məhz Paşinyanın Türkiyəyə səfərindən və orada prezident Ərdoğanla görüşündən sonra Ermənistan tərəfi Əbu-Dabi görüşünə etiraz etmədi.
Buna paralel olaraq ABŞ prezidenti Donald Trampın Zəngəzur dəhlizinin açılmasını dəstəkləməsi və orada nəzarətin neytral dövlətlərdən biri tərəfindən həyata keçirilməsini bildirməsi də Azərbaycan və Ermənistan rəhbərləri arasında Əbu-Dabidə görüş keçirilməsi üçün zəmin yaratdı. Bununla belə iki ölkə rəhbərlərinin Əbu-Dabi görüşü ərəfəsində həm Azərbaycan, həm də Ermənistan politoloqları tərəflər arasında hər hansı sənədin imzalanmayacağını, sülh sazışının əsas müddəaları, Zəngəzur dəhlizinin reallaşması və ona nəzarət barədə, sərhədlərin demarkasiyası ilə bağlı fikir mübadiləsinin aparılacağını proqnozlaşdırmışdılar. Gözlənildiyi kimi oldu və tərəflər adı çəkilən məsələləri müzakirə etdikdən sonra bununla bağlı işlərin davam etdirilməsi barədə razılığa gəldilər. Konkret olaraq tərəflər arasında uzunmüddətli sülh sazişinin imzalanmasına gəlincə, Azərbaycan tərəfinin Ermənistan Konsitutisiyasının dəyişdirilməsi və Azərbaycana qarşı ərazi iddialarından əl çəkilməsi şərti gündəmdə qalır. Ermənistan tərəfi bu məsələnin gələn il keçiriləcək parlament seçkilərindən sonra müzakirə edəcəyini bəyan edib. Lakin istənilən halda parlament seçkilərinin keçirilməsinə qədər tərəflər Zəngəzur dəhlizinin açılması barədə razılığa gələ bilərlər. Bu barədə razılıq əldə edilsə belə, dəhlizin reallaşması vaxt aparacaq. Buna da səbəb Ermənistan tərəfində nəqliyyat strukturunun olmamasıdır. Siyası müşahidəçilərin fikrincə bu prosesin özü də uzanacaq və çox güman ki, onun reallaşması Ermənistanda parlament seçkilərindən sonraya qalacaq. Bundan əlavə yenə də Zəngəzur dəhlizinin reallaşması xarici ölkələrin Ermənistana təzyiq və təsirlərindən, həm də tez-tez ingilis bayrağı kimi külək hansı tərəfdən əssə o tərəfə əyilən Paşinyanın nümayiş etdirəcəyi mövqedən asılı olacaq. Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirliyi tərəfindən verilən rəsmi bəyanatda da iki ölkə rəhbərləri arasında keçirilən görüşün nəticələri yüksək qiymətləndirilib və bunun bölgədə sülh və əmin-amanlığın bərpasına yardım edəcəyi vurğulanıb.
Bir sözlə İlham Əliyev və Nikol Paşinyanın Əbu-Dabi görüşü göstərdi ki, tərəflər hər hansı vasitəçi olmadan öz aralarında razılığa gələr bilərlər və bu da gələcəyə ümidlə baxmağa imkan verir.
Əziz Mustafa