
Vətən müharıbəsi şəhidi Alı Həsənliyə həsr olunmuş film təqdim edildi-Fotolar
“Nizami” kinoteatrında (Kino Mərkəzi) Vətən müharıbəsi şəhidi Alı Nofəl oğlu Həsənliyə həsr olunmuş, Bəhruz Vaqifoğlunun rejissorluğu ilə çəkilmiş “Hər şey yaxşı olacaq, hər sonda bir ümid var” bədii-sənədli filminin təqdimat mərasimi baş tutub.
Tədbirdə şəhidin ailə üzvləri, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, aparatın əməkdaşları, YAP Nizami Rayon Təşkilatının sədri Ramil Vəlibəyov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov, şəhid ailələri, qazilər, filmin yaradıcı heyəti, QHT-lərin və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Mərasim dövlət himninin səsləndirilməsi ilə başlamış, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov açaraq iştirakçıları salamlamış, şəhid Alı Həsənlinin keçdiyi şərəfli döyüş yolundan, şəhid ailələrinə, qazilərə göstərilən dövlət qayğısından bəhs edib.
Tədbirdə çıxış edən YAP Nizami Rayon Təşkilatının sədri Ramil Vəlibəyov və şəhidin məzunu olduğu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov şəhid Alı Həsənlinin qəhrəmanlığından bəhs ediblər.
Qəhrəman şəhidin atası Nofəl Həsənov çıxış edərək filmin ərsəyə gəlməsində əməyi olanlara və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
Çıxışlardan sonra film tədbir iştirakçılarına nümayiş etdirilib.
44 günlük İkinci Qarabağ müharıbəsinin qəhrəmanlarından biri, şəhidlik zirvəsinə ucalmış Alı Nofəl oğlu Həsənlinin həyatına həsr olunmuş bu film, onun döyüş meydanındakı qəhrəmanlıq anlarını, cəsarətini və fədakarlığını bədii-sənədli üslubda canlandırır. Alının həyat hekayəsi, döyüşlərdəki şücaət və şəhidlikdən sonra yaxınlarının onun xatirəsi ilə yaşamaq uğrunda verdiyi mübarizə filmin əsasını təşkil edir. Onun adının əbədiləşdirilməsi, doğmalarının həsrət və qürurla dolu həyatları emosional və təsirli səhnələrlə tamaşaçıya çatdırılır. Bu film,bir şəhidin ölməz xatirəsinə və Vətən uğrunda canından keşmiş qəhrəmanın mirasına hörmət rəmzidir.
Qeyd edək ki, Vətən müharıbəsi şəhidi Alı Nofəl oğlu Həsənli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda aparılan döyüşlərdə iştirak edib, oktyabrın 21-da Füzuli rayonunun Gecəgözlü kəndi istiqamətində gedən döyüş əməliyyatlarında qəhrəmancasına şəhid olub.
Alı Nofəl oğlu Həsənli ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Vətən uğrunda" və " Füzulinın azad olunmasına görə" medalları ilə təltif edilib.
Almaz Həsənli, Oxuməni.az