
PSJ "Arsenal"ı məğlub edərək Çempionlar Liqasının finalına doğru ilk addım atıb-Video
Londonun "Arsenal" və Parisin PSJ klubları Çempionlar Liqasının 2024/25 mövsümünün yarımfinal mərhələsinin ilk oyununda üz-üzə gəliblər. İngiltərə paytaxtının “Emireyts” stadionunda keçirilən görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Oyun olduqca maraqlı şəkildə keçib və rəqiblər bir-birinə yaxşı tanımağa imkan tapmamış görüşdə hesab açılıb.
Artıq 4-cü dəqiqədə meydan sahiblərinin müdafiəçiləri rəqib hücumçulara həddindən artıq sərbəstlik veriblər. Dembele topu meydanın mərkəzində qəbul edərək sakitcə "Topçular"ın cərimə meydançasına doğru irəliləyib. Daha sonra o, topu Kvaratsxeliyaya ötürüb. Gürcü cərimə meydançasına daxil olaraq bir neçə müdafiəçini aldadaraq topu yenidən Dembeleyə qaytarıb. Dembele isə sərrast zərbə ilə hesabı açıb. Bu, fransalı hücumçunun hazırkı Çempionlar Liqasında səkkizinci qolu olub.
Erkən qol "Arsenal"a ağır təsir edib. Onlar çətinliklə özlərinə gələrək rəqib qapılarına aramsız hücumlar təşkil etsələr də birinci hissədə hesabda tarazlığı bərpa edə bilməyiblər.
İkinci hissə də "Arsenal"ın hücumları ilə başlayıb. Marinonun zərbəsindən sonra top tora daxil olub. Lakin "Arsenal" azarkeşlərinin sevinci uzun keçməyib. VAR baxışı zamanı qolun vurulması zamanı oyundankənar vəziyyət olduğu bildirilib. Nəticədə qol hesaba alınmayıb və minimal hesab oyunun sonuna kimi dəyişməyib.
PSJ tarixində ilk dəfə avrokuboklarda “Arsenal”ı məğlub etdi. Buna qədər rəqiblər müxtəlif turnirlərdə beş oyun keçirib. İngilislər iki dəfə qalib gəlib, daha üç görüş isə heç-heçə başa çatıb.
Beləliklə PSJ "Arsenal"ı məğlub edərək Çempionlar Liqasının finalına doğru addım atıb.
PSJ-nin finala yüksəlib-yüksəlməməsi isə bu komandalar arasında mayın 7-də Parisdəki məşhur "Park de Princes" satdionunda keçiriləcək cavab oyununda müəyyənləşəcək.
Əziz Mustafa