
Çin Azərbaycanın dostuna, hərbi və iqtisadi müttəfiqinə çevrilir
Son illərdə Azərbaycan-Çin münasibətləri sürətlə inkişaf edərək iqtisadi, siyası və hərbi sahədə strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Təbii ki, bu işdə Ulu Öndər Heydər Əliyevin böyük rolu olub. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyev rəsmi xarici səfərlərindən birini məhz Çinə etmişdi. Ulu Öndər tərəfindən əsası sarsılmaz təməllər üzərində qoyulan Çin-Azərbaycan münasibətlərinin Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə inkişaf etdirilir. Bu da səbəbsiz deyil. Çin dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilib və beynəlxalq səviyyədə böyük nüfuzu olan dövlətlərdən biri olaraq dünya siyasətinin aparıcı liderlərindən hesab edilir.
Bütün bunlar da Azərbaycanı Çinlə daha da yaxınlaşdıran amillərdən birinə çevrilib. Azərbaycanın Çin tərəfindən gündəmə gətirilən “Bir kəmər, bir yol” layihəsində fəal iştirak etməsi və Çin mallarının Orta dəhliz vasitəsi ilə Avropaya nəqlində önəmli rol oynaması da Pekin tərəfindən təqdirlə qarşılanıb. Bu da öz növbəsində Azərbaycan-Çin münasibətlərinə daha bir təkan verərək 2024-cü il iyulun 3-də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”imzalanmasındə önəmli rol oynadı. İmzalanan bəyannamə ilə iki ölkəni faktiki olaraq strateji tərəfdaşa çevirdi.
Yeri gəlmişkən onu da məmnunluqla qeyd edək ki, Prezident İlham Əliyevin dəstəyi nəticəsində hazırda iki ölkə arasında ticari əlaqələrin uğurlu inkişafında önəmli rol oynyan və Çini Orta Asiya-Xəzər və Azərbaycan üzərindən Avropa ilə birləşdirən Orta dəhliz vasitəsi ilə ötən il 378 min ton yük daşınıb. Bu rəqəmin durmadan artması isə iki ölkə arasında iqtisadi inteqrasiyaya verilən yeni bir töhfədir.
Təbii ki, iqtisadi münasibətlərin möhkəm təməllər üzərində qurulması Azərbaycanla Çin arasında ticarət əlaqələrinin sürətlə inkişaf etdirilməsinə gətirib çıxarıb. Belə ki, ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 20,7 faiz artaraq 3,744 milyard dollara yüksəlib və Çin Azərbaycanın əsas xarici ticarət tərəfdaşına çevrilib. Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşıdır və ölkəmizin ümumi xarici ticarət dövriyyəsində 7,9 faiz paya malikdir.
Buna paralel olaraq Çin şirkətləri Azərbaycana həvəslə sərmayə qoyurlar. Belə ki, hazırda ölkəmizdə rəsmi qeydiyyatdan keçən 375 Çin şirkət var. Bu da ölkələrimizi yaxınlaşdıran daha bir mühüm dostluq və strateji tərəfdaşlıq körpüsü hesab edilir.
Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin Çinə bu dövlət səfəri həm geosiyasi, həm də geoiqtisadi baxımdan son dərəcə əhəmiyyətlidir. Səfər çərçivəsində imzlanan çoxsaylı anlaşmalar Azərbaycanla Çin arasında münasibətlərin yeni inkişaf səviyyəsinə qaldırılmasının və iki ölkə arsında strateji tərəfdaşlığın bütün sahələr üzrə inteqrasinanın daha da inkişaf etdiriləcəyinə verilən daha bir töhfə oldu. Prezident İlham Əliyev və Sədr Si Cinpin arasında imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” Bakı-Pekin münasibətlərini strateji, iqtisadi, siyası, hərbi və digər sahələrdə müttəfiqlik səviyyəsinin qaldırılmasının daha bir sübutu kimi qiymətləndirilir.
Bundan əlavə “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in imzalanması da iki ölkə arasında hərtərəfli inteqrasiyaya yol açaraq ölkələrimizin tərəqqisinə və rifahına gətirib çıxaracaq.
Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində imzalanan anlaşmalar zamanı ölkəmizdə bərpaolunan enerhi sahələrinin inkişaf etdirilməsi, Çinin Azərbaycanda külək və günəş enerjisi stansiyalarının tikilməsi nəzərdə tutulub. Bu da Azərbaycana bərpaolunan enerji sahəsini daha da inkişaf etdirməsinə və yeni iş yerlərinin yaradılmasına, nəhayət iqtisadiyyatımıza milardlarla dollar yeni sərmayə qoyulmasına gətirib çıxaracaq.
Təsadüfi deyil ki, məsələyə münasibət bildirən Rusiyanın tanınmış politoloqu Mixail Belyayev “Moskva-Bakı”ya Prezident İlham Əliyevin Çinə səfərini şərh edərkən deyib ki, bu, Azərbaycanın xarici siyasətində son dərəcə mühüm nailiyyətdir, çünki Qərbdə Çin dünyanın ən güclü dövlətlərindən biri kimi qəbul edilir. Onun sözlərinə görə, Azərbaycanın son illərdə fəal şəkildə Pekinlə münasibətləri yeni strateji səviyyəyə qaldıra bilməsi, bu münasibətləri prioritet istiqamətlərdən birinə çevirməsi bir daha Bakının xarici siyasətinin müdrikliyini, düzgün hesablama və uzaqgörənliyini əks etdirir.
Bu müstəvidə də Prezident İlham Əliyevin Çinə səfəri beynəlxalq aləmin də xüsisi diqqət mərkəzindədir. Çin və dünya mətbuatı da Azərbaycan prezidentinin Pekinə səfərini olduqca yüksək səviyyədə işıqlandırıb və bunu tarixi hadisə kimi dəyərləndirib.
Çinin milli xəbər agentliyi olan Sinxuanın “Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparıb” başlıqlı məqaləsində deyilir ki, beynəlxalq vəziyyətin dəyişməsindən asılı olmayaraq Azərbaycan-Çin münasibətləri öz inkişaf dinamikasını qoruyub saxlayıb. Beləliklə iki ölkə qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında inkişaf edərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Sinxua yazır ki, Azərbaycan və Çin bir-birinin milli dövlət suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü, milli şəraitə uyğun inkişaf yolunu dəstəkləyir. Məqalədə “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində iki ölkənin səmərəli əməkdaşlığından da söz açılıb.
Türkiyənin “Anadolu” agentliyinin “Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlıq bəyanatı qəbul edilib” başlıqlı xəbərində Bakı ilə Çin münasibətlərini yüksək səviyyədə inkişaf etdirilməsini regional və beynəlxalq təhlükəsizliyə verilən böyük töhfə kimi dəyərləndirilib.
“CNN Türk” telekanalının Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə Çinə səfəri ilə bağlı xəbərində Si Cinpinin “Çin Azərbaycan ilə münasibətlərə strateji və uzunmüddətli perspektivdən baxır və inkişaf etdirir” fikri vurğulanıb, Pekinin Bakı ilə hərtərəfli əməkdaşlıqda yeni səhifə açmağa hazır olması faktı qabardılıb.
“Nezavisimaya qazeta”nın Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfərinə həsr olunmuş geniş analitik məqaləsində səfərin iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsinə xidmət etdiyi qeyd olunub.
Beləliklə Prezident İlham Əliyevin Çinə səfəri və orada iki ölkə arasında imzalanan anlaşmalar iki dost ölkəni strateji müttəfiqə çevirərək Bakı-Pekin münasibətlərində yeni bir inkişaf və yaxınlaşma dövrünün əsasını qoyub. Beynəlxalq aləmdə yeni dünya nizamının yaradılması prosesinin getdiyi bir dövrdə isə bu, olduqca önəmli hadisədir. Belə ki, Azərbaycan dünyanın lider ölkələrindən biri olan Çinin timsalında önəmli bir müttəfiqini tapır. Çin isə Azərbaycan vasitəsi ilə bölgədə və beynəlxalq səviyyədə öz təsirini daha da gücləndirmək istiqamətində növbəti bir uğurlu addım atmış olur.
Əziz Mustafa, Oxuməni.az