Araşdırma: Azərbaycanda müəmmalı əsgər ölümləri
Bu gün mart ayının 01-də Şəmkir hərbi birləşməsinin əsgəri, Qazax rayonundakı "N" saylı hərbi hissədə xidmət edən və intihar etdiyi bildirilən Göyçayın Kürdəmiş kənd sakini, 1990-cı il təvəllüdlü Allahverdiyev Seymur Mürvət oğlunun dəfn mərasimi keçirilib. Dəfndə əsgərin qohumları və yaxınları onun intihar etdiyinə inanmadıqlarını, ölümün müəmmalı səbəblərdən baş verdiyini bildiriblər və müvafiq qurumlardan cinayət işinin açılmasını, obyektiv şəkildə istintaq aparılmasını və günahkarların cəzalandırılmasını tələb ediblər. Təəssüf ki, bu, birinci və sonuncu hal deyil. Orduda müəmmalı ölüm faktları artmaqdadır. Lakin maraqlıdır ki, bütün hallarda ölümlər rəsmilər tərəfindən ya bədbəxt hadisə, ya da intihar kimi ictimaiyyətə təqdim olunur.
Xatırladaq ki, fevralın 11-də daha bir əsgər ailəsinə qara xəbər çatmışdı. Valideynlərə Gəncə şəhərindən 5 ay əvvəl hərbi xidmətə çağırılmış əkiz oğullarından biri - Nicat Hüseynovun hərbi hissədən yoxa çıxması xəbəri verilmişdi. 3 günlük axtarışdan sonra 1994-cü il təvəllüdlü Nicat Hüseynovun meyiti hərbi hissənin yaxınlığında olan süni göldən çıxarıldı. Yeri gəlmişkən, Nicatın qardaşı Murad Hüseynov da onunla bir hərbi hissədə qulluq edib. Həmin hərbi hissənin komandirləri ailəsinə Nicatın özünün intihar etdiyi xəbərini veriblər.
Fevralın 15-də dəfn edilən Nicatın anası Şəlalə Hüseynova oğlunun intihar etməsinə inanmadığını deyir. Düşünür ki, oğlunu öldürərək gölə atıblar. Ananın sözlərinə görə, oğlu bir neçə gün əvvəl zəng edərək hərbi hissədə incidildiyini deyib və üstəlik atasından komandirə vermək üçün pul da istəyib:
"Oğlumu incidirdilər"
"Sağ-salamat uşağı 5 ayın içində gətirib atdılar üstümə. 5 ayın içində demirlər də ki, buna nə olub. Heç bir xəstəliyi yox idi. Orda incidirdilər onu, mən ondan şübhələnirəm. Gecə saat 12-də mənimlə danışıb, dəli deyildi ki, gedə özünü suya ata. Uşağımdan pul istəyirdilər". Şəlalə Hüseynova deyir ki, onları şübhəyə salan bir çox məqamlar var. Nicatın atası Habil Hüseynov oğlunu hərbçilərlə birgə 3 gün süni göldə axtarıb. Nəticədə göldə heç bir meyit tapılmadığından evə qayıtmalı olub. Gəncədəki evinə çatan kimi ona xəbər veriblər ki, oğlunun meyiti tapılıb. Nicatın qohumları iddia edirlər ki, meyit 3 gün suda qalmış olsaydı, şişməli idi. Ancaq dediklərinə görə, meyitin üzərində suda qalmasına aid heç bir əlamət olmayıb.
"İntihar deyib, başımın altına yastıq qoyurlar"
"Yoldaşıma heç nə deməyiblər. 3 gün yanında axtardılar, tapmadılar. Ordan aralanıb gələn kimi zəng etdilər ki, tapmışıq, gəl apar. Bu hərbi hissənin ərazisində niyə göl olmalıdır ki? Süni göldür, mənim uşağım üçün tələ qurmuşdular? Psixoloji problemi olmayıb, Naxçıvanskidə oxuyublar. Mənim heç ağlım kəsmir ki, belə bir uşaq özünü öldürə. Heç bir psixi problemi yox, dərdi yox. Elə intihar deyib mənim başımın altına niyə yastıq qoyurlar?" Valideynlərinin bildirdiyinə görə, Nicatla birgə hərbi xidmətdə olan qardaşı Murad onun yoxa çıxmasından cəmi 2 saat qabaq bir yerdə olduqlarını deyib. Nicat ona namaz qılmağa getdiyini bildirib və sonra nə qədər axtarıblarsa, tapa bilməyiblər. Nicatın müəmmalı ölüm səbəbinin müəyyən edilməsi üçün tibbi ekspertiza araşdırmaya başlayıb. Şəlalə Hüseynova deyir ki, oğlunun əsl ölüm səbəbi tapılmayınca acısı keçməyəcək. Şəlalə Hüseynova həmçinin qeyd edir ki, oğlunun yazdığı iddia edilən məktubda mərhum heç kimin günahkar görülməməsini və ata-anasından özünü intihar etdiyinə görə bağışlanmasını diləyib. Ananın dediyinə görə, məktubda sevdiyi qız barədə 1 cümlə belə yazılmayıb.
Müdafiə Nazirliyi təkzib edir
Müdafiə Nazirliyi Nicat Hüseynovun hərbi hissədə pula görə incidilərək öldürülməsi barədə məlumatları təkzib edir. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev bildirib ki, əsgər fevralın 11-də özbaşına hərbi hissəni tərk edib və 14-də meyiti tapılıb. "Ayın 11-də hərbi hissəni özbaşına tərk edib. Ayın 14-də isə meyiti tapılıb. Yəni bu əsgərin ölümü hərbi hissəni tərk edəndən sonra olub. Onun hərbi hissədə incidilməsi və digər problemlər barədə deyilənlər düz deyil".
Əsgər ölümləri
20 günün əsgərinin xəstəlikdən dünyasını dəyişməsi, 7 ayın əsgərinin özünə qəsd etməsi, 45 gün hərbi xidmətdə olan əsgərin meningitdən vəfat etməsi və nəhayət, 17 ayın əsgərinin intihar etməsi. Dünyasını dəyişmiş hər dörd əsgərin yaxınları rəsmi məlumatın gerçəkliklə uzlaşmadığını deyirlər.
20 günün əsgəri qripdən ölüb?
Öncə 20 günün əsgərinin xəstəlikdən dünyasını dəyişməsilə bağlı məlumata baxaq. Hadisə yanvarın 28-i Daxili Qoşunların hospitalında qeydə alınıb. Bəlli olub ki, 2013-cü ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağırılan 1991-ci il təvəllüdlü Rüstəmli Toğrul Kamran oğlu xəstəlikdən vəfat edib. Mərhumun valideyni deyir ki, Toğrul Rüstəmli hərbi xidmətə yollandıqdan sonra iki dəfə yanına gediblər: "Daxili Qoşunlarda xidmət edirdi. Heç bir problemi olmadığını demişdi. Hər şey qaydasında idi. İkinci dəfə yanına gedəndə qripləmişdi. Sonuncu dəfə yanvarın 27-də yanına getmək istəyəndə bizə zəng etdi. Dedi ki, yanıma gəlmək fikriniz varsa, gəlməyin. Qrip olduğunu söylədi, dedi ki, bayıra çıxmaq istəmir. Axşam saatlarında məlum oldu ki, o, Daxili Qoşunların hospitalındadır. Yanvarın 28-i səhər saat 4-5 radələrində dünyasını dəyişib. Bizim dövlətdən, ordudan şikayətimiz yoxdur. Sadəcə, həkim səhlənkarlığı olub. İki həftəyə ekspertiza rəy verəcək. Ondan sonra ətraflı danışa biləcəyik".
Mərhum əsgərin qohumu olan keçmiş deputat Nazim Məmmədov deyir ki, son aylar qeyri-döyüş şəraitində əsgərlərin həyatını itirməsi narahatçılığa səbəb olub: "Yas mərasimində olanda insanların mənə və bir-birlərinə ünvanladığı "Bu nə vaxta qədər davam edəcək", "Ordu rəhbərliyi nə vaxt məsuliyyət daşıyacaq" tipli suallar eşidilirdi. Ölən əsgərlərin valideynlərinin etirazlarına baxmayaraq, ciddi cəzalar yoxdur. Bu da valideynləri övladlarını hərbi xidmətdən yayındırmaq üçün müxtəlif yollar aramağa sövq edəcək. Torpaqları işğal altında olan ölkə üçün bu çox təhlükəlidir. Vəfat etmiş əsgər qohumum elə bir ailədəndir ki, həmin nəsildə üç nəfər ərazi bütövlüyü uğrunda şəhid olub". Nazim Məmmədov daha sonra əlavə edir: "Valideynlərinə məlumat veriblər ki, son iki gündə qrip olub. Niyə əsgəri həmin gün hospitala aparmayıblar? Əsgəri huşunu itirmək məqamında hospitala gətiriblər. Hospitala gələndə də öz ayağıyla gəlib, yəni xərəkdə getməyib. Burada səhlənkarlıq var. Hərbi hissənin müvafiq komandirləri məsuliyyətə cəlb olunmalıdır. Eyni zamanda müalicədə iştirak edən həkimlərin işi araşdırılmalıdır. Toğrul Rüstəmli xəstə idisə, niyə hərbi xidmətə aparılırdı? Qeyri-döyüş şəraitində ölən əsgərlərin sayının artmasına görə Müdafiə Nazirliyinin yaydığı məlumatlara adamlar inanmır. İndi iddia edirlər ki, əsgər müalicə müəssisəsinə vaxtında yerləşdirilməyinə görə ölüb. Qohumum Toğrul məsuliyyətsizliyin qurbanı olub".
"Oğlumu tapança ilə vurublar"
Ötən il dekabrın 9-da hərbi hissədə ölmüş 19 yaşlı əsgər Zeynal Zeynalov Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəyə 2012-ci ilin aprelin 28-də xidmətə çağırılıbmış. Rəsmi məlumatda deyilib ki, o, tabeliyində olan avtomat silahdan açılan atəş nəticəsində həlak olub. Ancaq mərhum əsgərin anası Nazilə xanım bu məlumata şübhəylə yanaşır: "Dediklərinə görə, guya gizir ona təzyiq göstərib, söyüb, təpiklə vurub. Aralanıb gedəndən sonra guya oğlum özünü avtomatla vurub. Ancaq aldığım məlumata görə, oğlumu tapança ilə vurublar. Sən məni vurursan, mən də özümü öldürürəm? Heç nəyə sığmır bu dedikləri. Ört-basdır edirlər hər şeyi". Zeynal Zeynalov böyük qardaşı 20 yaşlı Muradla eyni hərbi hissədə xidmət keçirmiş. Hadisə Muradın doğum günündə baş verib. Ancaq həmin vaxt o hospitalda imiş. Bir müddət orada qalandan sonra yanvarın 29-da Bakıdakı hərbi hissələrdən birinə gətirilib. Onunla birlikdə Bakıya gələn anası Nazilə xanım nigarandır: "Heç bilmirəm övladımı hərbi hissədə əsgər paltarında necə qoyub gedəcəyəm?".
"8 gündən sonra bildik ki, Elşən ölüb"
Başqa bir əsgər Elşən Novruzovun valideyni Səlbi Novruzova oğlunun rəsmilərin bildirdiyi kimi meningitdən ölməsini təkzib edib. O bildirir ki, Elşən zəng vuraraq hərbi hissədə incidildiyini deyib. Oğlunun meningitdən ölmədiyini və onun hərbi hissədə döyülərək öldürüldüyünü iddia edən Səlbi Novruzova indiyədək oğlunun ölüm səbəbləri barədə hərbi prokurorluğun heç bir araşdırma aparmadığını deyib: "Elşən hospitalda olarkən onun yanına girəndə, boyun hissəsinin qızardığını və şişdiyini gördüm. Hərbi hissədən bizə məlumat verdilər ki, siz hərbi hissədən gedən gün komandir və bir neçə əsgər Elşəni döyərək boynundan təpiklə möhkəm vurdular. Nə oldusa, ondan sonra oldu. Bu sözləri deyən əsgərlərin heç biri hazırda həmin hərbi hissədə yoxdur. Biz ikinci dəfə ora gedəndə həmin əsgərləri tapa bilmədik. Elşən hospitalda olanda bütün bədəni tamamilə hərəkətsiz idi. Mən çölə çıxıb səs-küy salanda ki balamı öldürüblər, həkimlər məni sakitləşdirmək üçün Elşənin yaşadığını söylədilər. Təxminən 8 gün bizi aldatdılar ki, Elşən yaşayır. 8 gündən sonra bildik ki, Elşən ölüb. Halbuki balamı ayın 19-u öldürmüşdülər".
Bundan əlavə, əsgər anası bildirib ki, övladlarını hərbi hissənin yaxşı yerinə saldırmaq üçün 1800 manat pul verdikləri Yevlax Hərbi Polisinin əməkdaşı Mirhəmid Nağıyev barəsində də rüşvət alma maddəsi ilə cinayət işi qaldırılıb.
Həmçinin əsgər anası onu da bildirib ki, Mirhəmid Nağıyev onunla bağlı edilən şikayətlərini geri götürmək üçün 30 min manatdan çox pul təklif edib. Mərhum əsgərin atası Nəriman Novruzov oğlunun meyitinə qarşı edilən münasibətdən narazılığını bildirib: "Elşənin cənazəsini evə gətirəndə bütün polisləri və icra başçısını tökdülər ki, hər hansı bir çəkiliş aparılmasın. Hətta imkan vermədilər ki, tabutu açıb meyitə baxaq".
Və ən nəhayət, bu gün
Xəbər verdiyimiz kimi, mart ayının 01-də Şəmkir hərbi birləşməsinin əsgəri, Qazax rayonundakı "N" saylı hərbi hissədə xidmət edən və intihar etdiyi bildirilən Göyçayın Kürdəmiş kənd sakini, 1990-cı il təvəllüdlü Allahverdiyev Seymur Mürvət oğlunun dəfn mərasimi keçirilib. Dəfndə əsgərin qohumları və yaxınları onun intihar etdiyinə inanmadıqlarını, ölümün müəmmalı səbəblərdən baş verdiyini bildiriblər və müvafiq qurumlardan cinayət işinin açılmasını, obyektiv şəkildə istintaq aparılmasını və günahkarların cəzalandırılmasını tələb ediblər.
Son söz əvəzi:
Halbuki, əsl düşmən çox da uzaqda deyildi...
İnarə Rafiqqızı
O.M.



































































.jpg)
.jpg)
.jpg)


























