Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə uğurla həyata keçirilən COP29 tədbiri Azərbaycanın beynəlxalq aləmdə gücünün, dövlətçilik qüdrətinin nümayişinə çevrildi
Azərbaycanın beynəlxalq aləmdə gündən-günə nüfuzunun artması artıq danılmaz faktlardan birinə çevrilib. Xüsusi ilə ölkəmizin beynəlxalq aləmdə böyük əhəmiyyət daşıyan tədbirlərə dəfələrlə uğurla ev sahibliyi etməsi Azərbaycanın müstəqil dövlət kimi dünyada nüfuzunun daha da möhkəmlənməsində önəmli rol oynamaqdadır. Bu baxımdan noyabr ayının 11-də Bakıda bəşəriyyətin gələcəyi üçün böyük önəm daşıyan və iqlim dəyişiklikərinə həsr edilən COP29-un keçirilməsi və belə bir möhtəşəm tədbirə ölkəmizin ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq aləmdə taleyüklü məsələlərin həllində önəmli, lider dövlət rolunu oynadığının bir daha bütün dünyaya sübut edilməsi oldu.
Digər tərəfdən də Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun ildən-ilə möhkəmləsinin digər bir mühüm sübutu da bəşəriyyətin gələcəyi üçün önəmli olan qərarların qəbul edilməsində dünyanın 80-dən artıq ölkəsinin prezidentlərinin, vitse prezidentlərinin və 80 minə yaxın insanın iştirak etməsidir. Azərbaycana düşmən olan bəzi ölkələrin COP29 ərəfəsində ölkəmizin üzərinə qarayaxmalara başlama, tədbiri boykot etmə cəhdləri isə uğursuzluqla və onların biabırçı məğlubiyyəti ilə nəticələndi.
Təbii ki, bütün bunlarda XX əsr dünya siyasətininən məşhur simalarından biri olan Ulu Öndər Heydər Əliyevin siyasi və mənəvi varisi, Azərbaycanımızın dünya siyasətində böyük nüfuzu olan dövlətə çevrilməsində qlobal səviyyədə əvəzsiz xidmətləri olan Prezident İlham Əliyevin önəmli xidmətləri var. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə uğurla həyata keçirilən COP29 tədbiri Azərbaycanın beynəlxalq aləmdə gücünün, dövlətçilik qüdrətinin parlaq şəkildə nümayişinə çevrildi. Beləliklə Azərbaycan qlobal səviyyəli COP29 tədbirinə ev sahibliyi edərək beynəlxalq arenada öz mövqeyini daha da möhkəmləndirdi. Buna paralel olaraq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçirilməsi, təkcə ölkəmiz üçün deyil, iqlim dəyişikliklərindən əziyyət çəkən bütün bölgələr, o cümlədən Cənubi Qafqaz üçün də mühüm tarixi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizədə qətiyyətlə mübarizə aparması və bu çərçivədə yaşıl enerjiyə keçid məsələsində dünyanın bütün dövlətlərinə nümunə olacaq lider rolunu oynaması ölkəmizin bəşəriyyətin gələcəyinə verən ən önəmli töhfələrdən biri hesab edilə bilər. Bu müstəvidə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın COP29 çərçivəsində keçirdiyi görüşlərdə ölkəmizin iqlim dəyişikliklərində oynadığı rolun beynəlxalq aləmə çatdırılmasında böyük xidmətləri olduğunu xüsusi qeyd etmək lazımdır.
Bunu Birinci vitse-prezident Mehriban xanım Əliyevanın noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Yaşıl Zonada “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda keçirilən konfransdakı çıxışı da sübut edir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva öz çıxışında deyib ki, Azərbaycan COP29-a ev sahibliyi etmək öhdəliyini üzərinə götürməklə, Qlobal Cənub və Qlobal Şimal, eləcə də inkişaf etmiş və inkişaf edən ölkələr arasında körpülər salmağa çalışır: "Məqsədimiz bu məsələnin həllinə verdiyimiz töhfəni ortaq gələcəyə verəcəyimiz töhfəyə çevirməkdən ibarətdir. Bununla belə, bəzi hallarda dəstək vermək və konstruktiv dialoq aparmaq əvəzinə, biz çoxsaylı qərb mətbuatında böhtan və qarayaxma kampaniyalarının hədəfinə çevrilmişik”.
Azərbaycan qlobal iqlim dəyişiklikləri ilə mübarizədə karbon emissiyalarını minimuma endirməyə nail olub və yaşıl enerji sahəsində böyük uğurlara imza atıb. Belə ki, ölkəmizdə günəş və külək enerjilərindən istifadə edilməsi sahəsində yeni stansiyaların inşası sahəsində kifayət qədər böyük tədbirlər həyata keçirilməkdədir. Bu da yaxın gələcəkdə nəinki Azərbaycanın təmiz yaşıl enerjiyə keşməsinə, həm də neft və qazımız kimi dünyaya bərpa olunan enerji ixrac etməsinə imkan verəcək. Artıq bununla bağlı mühüm addımlar atılıb və yaşıl enerjinin Avropaya nəql edilməsi və dənizin dibi ilə kabel çəkilməsi barədə müvafiq anlaşma da imzalanıb. Bu çərçivədə də Azərbaycanda yaşıl enerjidən istifadənin yaxın 5-6 il ərzində 30 faizə çatdırılmasının nəzərdə tutulması ölkəmizin faktiki olaraq bu sahədə lider ölkəyə çevriləcəyini göstərir.
COP 29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin dünya bazarına nəql edilməsi və bu məqsədlə Xəzərin dibindən kabel çəkilməsi barədə müvafiq anlaşma imzalanması Azərbaycanı həm də enerji nəqliyyatı qovşağına çevirəcək.
Faktiki olaraq iqlim dəyişiklikləri ilə mübarizəyə Azərbaycanın verdiyi töhfələrin bəşəriyyəti gözləyən təbii fəlakətlərdən xilas etməsində önəmli rol oynayacağı şübhə doğurmur. Nəhayət bir daha qeyd edək ki, dünyanın çoxsaylı ölkələrindən dövlət, hökumət başçılarının, ayrı-ayrı nüfuzlu beynəlxalq təşkilatların yüksək vəzifəli rəsmilərinin, mütəxəssislərin, nüfuzlu media resurslarının nümayəndələrinin və digər şəxslərin qatıldığı bu beynlxalq tədbir Azərbaycanın beynəlxalq nüfuzunun artmasının daha bir parlaq nümayişi deməkdir.
Ölkəmizdə keçirilən COP29 həm də Azərbaycanın humanitar problemlərin, mədəniyyətlərarası dialoq və digər bu kimi önəmli məsələlərin müzakirə olunduğu vahid məkana, Bakının dünyanın sülh və dialoq mərkəzinə çevrildiyini göstərir.
Azərbaycanda baş tutan COP29 tədbiri digər bir mühüm məsələnin də önəmini ortaya çıxardı. Belə ki, COP29-un Bakı toplantısı göstərdi ki, əvvəllər geosiyasət əsasən təhlükəsizlik və iqtisadi narahatlıqlarla ifadə olunurdusa, hazırda iqlim dəyişikliyi mövzusu sürətlə kritik geosiyasi məsələyə çevrilir. Bu çərçivədə də COP29 Azərbaycanın Ermənistanla sülh əldə edilməsi yönündə səylərinin, sülhsevər siyasətinin beynəlxalq aləmdə dəstəklənməsi deməkdir.
Təsadüfi deyil ki, Almaniyanın "Der Spiegel" nəşri yazır: "Bakı qlobal səviyyədə iqlim mövzusunda mühüm qərarların qəbul olunduğu bir mərkəzə çevrildi".
Qardaş Türkiyənin "Hürriyet" qəzeti isə yazır ki, Bakı, COP29 ilə qlobal diqqət mərkəzinə çevrildi: "COP29 Azərbaycana həm nüfuz qazandırdı, həm də iqtisadiyyatına müsbət təsir etdi".
"The Vashington Post" ölkəmizdə keçirilən bu tədbirin bəşəriyyətin gələcəyi üçün taleyüklü önəm daşıdığına diqqəti cəlb edərək yazır: "Azərbaycanın COP29 təşkilatçılığı bir çox böyük ölkələr üçün nümunə olacaq. Bu tədbir iqlim məsələlərində qlobal dialoqu irəliyə aparmağa kömək etdi."
Belə nümunələrin sayını çox artırmaq olar. COP29-un Azərbaycanda keçirilməsi iqtisadı baxımdan da önəmli hesab edilə bilər. Qeyd etdiyimiz kimi tədbirə dünyanın hər yerindən 80 minə yaxın adam qatılmışdı və otellerdə də boş yer tapmaq demək olar mümkün deyildi. Bakiya gələn on minlərlə insan respublikamızın görməli yerlərinə, o cümlədən işğaldan azad edilən torpaqlarımıza səfər edərək ölkəmizlə daha yaxından tanış oldular. Bu isə Azərbaycana həm iqtisadi, həm də siyasi, mədəni divident gətirdi.
Bakıda keçirilən COP29 tədbiri Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu xarici və daxili siyasətinin, Azərbaycanın beynəlxalq aləmdə gündən-günə artmaqda olan nüfuzunun parlaq nümayişi demək oldu və bunun müsbət nəticələrini yaxın gələcəkdə öz üzərimizdə daha çox hiss edəcəyik.
Emin Axundov