BİR QADIN TALEYİ

BİR QADIN TALEYİ

26 Oktyabr 12:13
Bəyəndim (21) Bəyənmədim (0)

(REAL HADİSƏLƏR ƏSASINDA)

15-ci hissə

Əvvəli keçən sayımızda

...- Sən dəli olmusan? Necə yəni, Cahanla görüşsün? Qulaq as, bu fikri ağlından çıxart, mən heç vaxt icazə vermərəm ki, atam nəslimizi biabır edən bir fahişə ilə üzləşsin.

- Arzu, sənin fahişə adlandırdığın qız, sənin doğma bacındır. Deyəsən, bunu unutmusan.

- Mən heç nəyi unutmuram, Şərqiyyə. O ki, qaldı Cahana, o, mənim üçün yaddır. Mənim Cahan adında bacım yoxdur, başa düşdün. Bunu ağlında saxla, unitma ki, sən belə bu işə qarışa bilməzsən. Bu evdə atamın arvadı olmaq üçün sən illərlə can vermisən. İndi hansısa bir fahişəyə görə atamı doldurma, başa düşdün. Sən özün öz işinlə məşğul olsan yaxşı olar, bizim ailənin işlərinə qarışmasan yaxşı olar.

- Doğrudan? Unutma ki, mən də bu ailənin üzvüyəm.

- Əsla! Sən heç vaxt bu ailənin üzvü ola bilməzsən. Sən yalnız atamın arvadı ola bilərsən, mənimçünsə, sən heç kəssən. Başa düş, sən heç zaman anam Gülzarı əvəz edə bilməzsən.

- Mən onu əvəzləmək belə istəmirəm. Sadəcə Arzu, sən çox nifrətlə dolusan. Nə oldu sənə? Sən ki, Cahanı çox istəyirdin, birdən-birə nə oldu?

Arzu güldü, elə güldü ki, gülüşünün səsi bütün mətbəxi bürüdü. Şərqiyyə müəllimə Arzuya baxıb bir söz demədi. Bir qədər sonra Arzu üzünə ciddi görkəm verib ona baxaraq dilləndi:

- Mən heç bir zaman Cahanı sevməmişəm, həmişə özümü ona doğma kimi göstərmişəm. Amma əslində, mən bütün varlığımla ona nifrət etmişəm. İndi də sən burda nə düz qoş edirsənsə, əziyyət çəkmə. Cahan heç bir vaxt bu evdə olmayacaq. Ağlından çıxartma, sən əgər isti yerindən olmaq istəmirsənsə, başını lazım olmayan yerə soxma. Sənin vəzifən atama qulluq etməkdir. Sən heç kəssən, sən heç vaxt, heç zaman bu evin xanımı ola bilməzsən.

Şərqiyyə Arzuya baxdı. Arzu isə heç bir söz deməyib ayağa duraraq mətbəxi tərk etdi...

Cahan universitetdə dərsdən çıxmağa hazırlaşırdı ki, telefona gələn mesaja baxdı. Mesaj dayısı Teymurdan idi, Cahanla görüşmək istəyirdi. Cahana hətta ünvanı belə yazmışdı. Öz-özünə: “Dayım mənimlə niyə görüşmək istəyir?” deyə, düşünüb onu yığdı:

- Sən?... hə bilirəm... niyə görüşməliyik axı?...səbəb nədir?...tamam, gəlirəm.

Telefonu söndürüb taksiyə oturaraq dayısı Teymurun ünvanına yollandı.

Cahanın xalası Məlahət də Fazil kimi Cahandan ötrü bərk narahat idi. Elə gün olmurdu ki, işdə, evdə Məlahət Cahanı düşünməsin. Adi vaxtlarda olduğu kimi işdə kabinetində oturub Cahanı fikirləşirdi ki, Fazilin içəri girdiyini gördü. Salamlaşdılar. Fazil stulda oturub Məlahətə baxdı. Məlahət:

- Nəsə olub Fazil?-deyə soruşdu.

- Daha nə olmalıdır ki? Onsuz da olan olub, zatən Məlahət. Son zamanlar Cahandan ötrü bərk narahatam. Onu görməyi elə istəyirəm.

Fazilin dediklərindən Məlahət təəccübləndi. Ona baxıb əlindəki qələmi kənara qoydu:

- Mən düz eşitdim Fazil? Sən Cahan üçün darıxırsan?

- Hə, özü də necə darıxdığımı bir bilsən. Məlahət, mən ona qarşı çox haqsızlıqlar etmişəm. Bəlkə də mənim ona qarşı laqeyidsizliklərimdən başına hadisələr gəlib. Amma tam səmimi deyirəm ki, mən onu görmək, ondan üzrxahlıq etmək istəyirəm.

- Əslində səni gözəl başa düşürəm. Elə mən də sənin kimi onu görmək istəyirəm. Amma onun Bakıda harada olduğunu bilmirəm. O düz 2 il yarım olar ki, Sumqayıtdan çıxıb. Vallah, nə gizlədim, nömrəsin də umutmuşam, unutmasaydım ona zəng edərdim.

- Nömrəsi məndə var, amma ona zəng etməyə cürətim çatmır. Qorxuram ki, mənimlə danışmaz.

Məlahət heç bir söz demədi. Fazildən nömrəni alıb yığdı, ancaq nömrəyə zəng çatmırdı. Fazil ümidsizliyə qapıldı, dərindən ah çəkdi. Bir qədər onunla oturduqdan sonra ayağa durub getdi...

Cahan isə dayısı Teymurun ünvanına gəlmişdi. Bloka girib yuxarı qalxaraq qapıya yaxınlaşdı. Qapını döyüb gözlədi. Bir qədər sonra Teymur qapını açıb Cahanı gördü. Onunla salamlaşıb onu evə dəvət edərək qapını bağladı.

Cahan içəri keçdi. Qonaq otağında oturub dayısı Teymura baxdı. Teymur Cahan ilə üz-üzə oturub siqaret yandırdı:

- Necəsən?

- Bundan sənə nə? Məni niyə çağırmısan, nömrəmi hardan tapmısan?

- Bunun sənin üçün bir əhəmiyyəti var?

- Əlbəttə, çünki səndən hər nə desən gözləmək olar. Çünki sənə nifrət edirəm. Sənə bütün varlığımla nifrət edirəm.

- Cahan...

- Sus! Sənin danışmağa haqqın yoxdur. Sən mənim həyatımı məhv etmisən.

- Bilirəm-deyə, Teymur siqaretini söndürdü:

- Məhz sənə qarşı çox haqsızlıq etdiyimi anlamışam.

- Doğrudan?-deyə, Cahan güldü:

- Məni güldürmə, yaxşı? Sən guya indi peşmansan? İnanmaram ki, sən nəyə görəsə peşman olasan. Bilirsən niyə? Çünki səndə vicdan hissi yoxdur.

- Yox Cahan, sən düz fikirləşmirsən. Mən gerçəkdən peşmanam.

- Peşmansan? Dayı bəs mən? Mənim həyatımı puç edəndə necə, peşman idin, ya yox? Əlbəttə ki, yox. Çünki sən məni elə məhv etmisən ki, bunu sənin mənə etdiyin kömək belə ört-basdır edə bilməz. Sən çox əclafın birisən, əclaf olmasaydın öz doğma bacın qızının həyatını puç etməzdin. İndi deyirsən ki, peşimansan. Bəsdir, sən, Allah, məni güldürmə. Sən özündən başqa kimisə heç zaman düşünən biri deyilsən. Mən nahaq bura gəlmişəm-deyə Cahan ayağa durub getmək istədikdə Teymur onun qolundan tutdu:

- Dayan-deyərək Cahanı saxladı:

- Mən səni bura nəyə görəsə çağırmamışam. Səni çağırmışam ki, səndən üzr istəyim. Məni bağışla Cahan, mən xəstəyəm, öləcəyəm.

- Səni əsla bağışlamaram, bunu ağlından çıxart. Xəstə olduğuna gəlincə isə, sadəcə Allahdan şəfa diləyirəm.

Sözünü bitirən Cahan artıq onu eşitmək istəməyib onun evini tərk etdi.

Axşam idi. Cahan dayısı Teymurun evindən çıxdı. Bir qədər gəzib dolandıqdan sonra evə gəlib qapını açaraq içəri girdi. Jasmini evdə tək görüb ondan Ləmanı soruşdu. Ləmanın evdə olmadığını biləndən sonra otağına keçmək istəyirdi ki, Jasmin:

- Cahan, sən Sərxandan ayrılmısan?-deyə, ona verdiyi sual ilə dayanmağı bir oldu. Jasminə baxdı, ona yaxınlaşıb:

- Hə-dedi:-Mən Sərxandan ayrılmışam, onunla bir olmaq fikrim də yoxdur.

- Niyə Cahan, səbəb nədir?

- Sadəcə onu sevmirəm, bu qədər sadə. Biz bir yerdə ola bilmərik, bizim tam ayrı dünyalarımız var. Bilirsən Jasmin, mən Sərxanı sevdiyim kimi, ona nifrət də edə bilərəm.

- Mən səni başa düşürəm Cahanım, amma bu qədər nifrət səni ancaq məhvə aparacaq. Amma mən sənin Sərxandan ayrılmağını heç istəmirəm.

- Jasmin, mən artıq qərarımı vermişəm. Artıq Sərxan mənim üçün yoxdur. Sən çox şeyi başa düşmürsən.

- Nəyi?

Cahan Jasminə baxdı. Heç bir söz deməyib otaqdan getməyə hazırlaşırdı ki, Jasmin:

- Cahan,-dedi:-Mən istəmirəm ki, sən mənim kimi səhvlər edəsən. Bilirsən də mən də heç rahat həyat yaşamamışam, amma həyatda yaşayıram, yaşamağa çalışıram.

- Necə bəyəm?-deyə, Cahan Jasminə baxdı:-Sən nə demək istəyirsən?

- Yadındadır Cahan, sənlə ilk tanışlığımızda mən azdan, çoxdan sənə yaşadıqlarımı danışmışdım və bu gün də bilirsən ki, mən anama nifrət edirəm. Mən də sənin kimi həyatımda çox əzilmişəm Cahan-deyə, Jasmin doluxsundu.

Cahan ilk dəfə idi ki, Jasmini kədərli görürdü. Qəhər hissi onu boğurdu. Bulud kimi dolmuşdu Jasmin, ağlamaq istəmirdi, sadəcə... Bu hal Cahanın gözündən yayınmadı. Cahan Jasminin əlindən tutub ona baxdı:

- Bəlkə içindəkiləri mənə açıb danışasan, hə?

Jasmin ayağa durdu, pəncərəyə yaxınlaşıb çölə baxaraq dərindən ah çəkib danışmağa başladı:

- ...Atam rəhmətə gedəndə mənim 12 yaşım var idi. Evdə böyük olduğum üçün anam qardaşımı mənim yanımda qoyub işə gedirdi. Mən də həm oxuyur, həm də qardaşıma baxırdım. Anamı yalnız axşamdan-axşama görürdüm. Hər axşam anam siqaret və içki iyi ilə evə gəlir, əlində gətirdiklərin stolun üstünə qoyub otağına keçirdi. Qardaşım balaca olduğu üçün anamın gətirdiklərindən qardaşıma yedirdib onu doyurduqdan sonra yerdə qalanın özüm yeyirdim. Əlbəttə yarı tox, yarı ac qalırdım. Fəqət, buna baxmayaraq çox xoşbəxt idim. Beləcə illər su axarı ilə keçirdi. Anam artıq gecələr bəzən heç evə də gəlmirdi. Gəldiyi zamanlarda isə anamla bərabər müxtəlif əmilərin bizə gəldiyin görürdüm. O “əmilərin” arasında isə daha çox bizə gələn gonbul bir əmi çox vaxt bizdə qalır, anamla bir otaqda yatırdı. Hər gəldiyi zaman isə mənə və qardaşıma müxtəlif şirniyyatlar, oyuncaqlar alırdı. Gələn əminin xeyirxah, səmimi olduğunu düşünürdüm. Amma əslində sən demə bu xeyirxahlığın, səmimiyyətin arxasında başqa şey dayanırdı. Gələn əminin ara- sıra bizdə qalması sonda daima bizdə məskunlaşmasına gətirib çıxardı. Artıq əminin baxışları, davranışları da dəyişmişdi. Anam işdə olduğu müddətdə işdən tez gəldiyi zamanlar əmi məni yanına çağırır, budlarımı sığallayır, yanaqlarımdan, dodağımdan öpür, hər öpdükcə isə mənə hədiyyələr verirdi. Artıq başa düşürdüm ki, ortada nəsə var. Fəqət, bu haqda anama desəm belə o, mənə inanmadı. Beləcə...

Anam evdə yox idi. Qardaşım həyətdə, mən isə hamamdan sonra otağımda oturmuşdum ki, əmi otağıma gəldi. Mənə yaxınlaşdı, əynimdəki dəsmalımı açıb məni yatağa yıxdı. Onun planını anlamışdım, əlindən qaçmağa çalışsam da, bacarmadım. Onun güclü əllərində yaralı göyərçin kimi çabalamağa başladım. Çox çırpındım, amma nə fayda. Mən ləkələnmişdim. Anamın məşuqu məni ləkələyib buraxmışdı. Axşam anam evə gəldiyində olanları ona danışdım, anam isə mənə inanmayıb, məni nəyi var döyərək evdən qovdu. Çarəsiz qalıb ata anamın yanına gedərək onun yanında yaşamağa başladım. Anamla əlaqəmiz tam kəsilsə də qardaşım üçün darıxırdım. Bir müddət sonra qardaşımın xəstəlikdən öldüyünü, anamın isə evi satıb başqa yerə köçdüyünü öyrəndim...

Cahan Jasminə yaxınlaşdı, başına sığal çəkib:

- Bizim həqiqətən də oxşar taleyimiz var Jasmin-deyib, onu qucaqladı.

Səhər açılmışdı. Cahan yuxudan qalxıb otağında oturmuşdu. Evdə tək olduğundan yenə hamiləlik haqqında düşünür, bətnindəki uşaqdan necə qurtulacağını fikirləşirdi. Son zamanlarda yeni bir dost tapmışdı Cahan, tez-tez onunla görüşür, söhbətləşərək ondan məsləhət alırdı. Məhz hamiləliklə bağlı da onunla danışmaq fikrində idi. Qadın xarakterinə malik olan dostu, ən yaxın sirdaşı olan “Ayka” adlı etibarlı dostuna zəng edib onu evinə çağırmışdı. Səbirsizliklə onun yolunu gözləyirdi...

Arzu isə çətin də olsa Cahanın ünvanını öyrənib onunla görüşmək qərarına gəlmişdi. Münasib bir vaxtda Cahanı ziyarətə getməyə hazırlaşan Arzu evdə tək yer-yığış etdiyi zaman qapının zənginə qapıya yaxınlaşdı. Qapını açdığı zaman:

- Sən?-deyə, gələn qonağına baxdı

- Xoş gördük, şəkərim-deyərək gələn qonaq onunla salamlaşıb içəri icazə istədi:-Olar?

Arzu gələn qonağı içəri dəvət etdi. Qapını bağlayıb qonaq otağına keçdilər. Gələn Cahanın özü üçün düşündüyü, güvəndiyi dostu Ayka idi. Ayka qonaq otağında divanda oturub ayağını ayağının üstünə aşırdı. Arzu isə ona baxıb ondan nə vaxt gəldiyini soruşdu...

Ardı gələn sayımızda