Rusiya və Şimali Koreya strateji tərəfdaşa çevriliblər

Rusiya və Şimali Koreya strateji tərəfdaşa çevriliblər

19 İyun 14:14
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya prezidenti Vladimir Putinin Şimali Koreyaya rəsmi səfəri iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalanması ilə nəticələnib. Sənədə imzanı Vladimir Putin və Şimali Koreya lideri Kim Çen İn atıblar.

Sazişə əsasən tərəflərdən birinə hücum ediləcəyi təqdirdə, digəri onun köməyinə gələcək. Bu isə onlar arasında faktiki olaraq yeni təhlükəsizlik ittifaqının yaradılması anlamına gəlir.

Rusiya ilə Şimali Koreya arasında imzalanan sazişdə nəzərdə tutulanların həm də Cənubi Koreyaya qarşı çevrildiyi isə şübhə doğurmur. Belə ki, faktiki olaraq Koreya yarımadasında ABŞ-Cənubi Koreya tandeminə qarşı Rusiya-Şimali Koreya hərbi bloku yaradılıb. Bu blokun isə həm də Çinə qarşı çevrildiyi istisna edilmir.

Təbii ki, tərəflər arasında yaradılan hərbi blok Çinin də bölgədəki maraqlarına toxunaraq Rusiyanın Şimali Koreya üzərində və bölgədə siyasi təsirinin artması deməkdir.

Rusiya ilə Şimali Koreya arasında imzalanan strateji tərəfdaşlıq haqqında anlaşmanın Pxenyanın Koreya yarımadasında əl-qolunun daha da açılması, onun cənub qonşusuna qarşı təcavüzkar siyasətini daha da kəskinləşdirməsi demək olacaq.

Nəhayət bu anlaşma Rusiyaya Ukraynaya qarşı mübarizədə Şimali Koreyadan sərbəst şəkildə silah-sursat, raketlər almağa imkan verəcək və Kim Çen İnin avtomatik olaraq müharibəyə cəlb edilməsinə yol açacaq.

Əziz Mustafa, Oxuməni.az