Heydər Əliyev: Azərbaycanı məhv olmaqdan xilas edən görkəmli dövlət xadimi

Heydər Əliyev: Azərbaycanı məhv olmaqdan xilas edən görkəmli dövlət xadimi

17 Yanvar 2023 10:36
Bəyəndim (1060) Bəyənmədim (1)

Azərbaycan xalqının həyatında, onun azadlıq mübarizəsində önəmli rol oynayan tarixi şəxsiyyətlər çox olub. Qədimlərdən günümüzə qədər Cavanşir, Babək, Şah İsmayıl, Cavad xan, M.Ə. Rəsulzadə və digər görkəmli sərkərdə və dövlət xadimlərimiz Azərbaycanın müstəqilliyi uğrunda şirin canlarından keçiblər və qəhrəmanlıqları ilə tariximizdə özlərindən sonra şərəfli bir iz buraxıblar. Müstəqil Azərbaycanımızı məhv olmaqdan xilas edərək yaşadan, dövlətçiliyimizi yeni zirvələrə qaldıran görkəmli siyasətçi, dövlət xadimi Heydər Əliyev adını tariximizə qızılı hərflərlə yazdırıb. Azərbaycanımızın qədim yurd yerində, şanlı dövlətçilik ənənələrinə malik olan Naxçıvanda anadan olan Heydər Əliyevin bütün həyatı müstəqilliyimizin əldə edilməsinə həsr edilib. O bu yolda heç nədən çəkinmədi, tutduğu yüksək vəzifələrdən istifadə edərək müstəqilliyimiz uğrunda mübarizəsini davam etdirdi. Yüksək təşkilatçılıq bacarığına, qeyri-adi rəhbərlik istedadına görə onu rəhbər vəzifələrə irəli çəkdilər. Əvvəlcə o dövrdə Ulu Öndəri Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinə rəhbər təyin etdilər. Bu vəzifədə özünün ən güclü keyfiyyətlərini üzə çıxardan Heydər Əliyev 1969-cu ildə Azərbaycan KP MK-ya rəhbər vəzifəyə irəli çəkildi. Qısa müddətdə Azərbaycanı ittifaq respublikaları arasında lider mövqeyə çıxaran Heydər Əliyevin rəhbərliyi dövründə ölkəmiz sürətli elmi, texniki, iqtisadi inkişaf dövrünə qədəm qoydu. Ulu Öndərin dövlətçiliyimizi qorumaq sahəsində atdığı addımlardan biri də o dövrdə qəbul edilən Konstitusiyamızda Azərbaycan dilinin dövlət dili elan edilməsinə nail olması oldu. Bu, ona həyatı bahasına başa gələ bilərdi. Lakin Heydər Əliyev buna baxmayaraq müstəqilliyimizin əldə edilməsinə yönələn cəsarətli bir addım atdı. Ulu Öndər o vaxt bilirdi ki, imperiya gec-tez dağılacaq. Ona görə də müstəqilliyimizə gedən yolda bütün imkanlardan istifadə edirdi. Onun təşəbbüsü ilə yaradılan Naxçıvanski adına hərbi lisey də məhz gələcəkdə müstəqilliyini əldə edəcək Azərbaycan üçün milli hərbi kadrların hazırlanmasına xidmət edirdi. Heydər Əliyev Moskvada yüksək vəzifəyə irəli çəkiləndə də Azərbaycanımızın tərəqqisi, inkişafı, müstəqilliyinin əldə edilməsi üçün fəaliyyətini davam etdirdi. O, Moskvada yüksək vəzifələrdə olanda ermənilərin Qarabağ problemini gündəmə gətirməsinə imkan vermədi. Azərbaycanda azadlıq hərəkatı başlayanda onu dəstəkləyən Heydər Əliyev çətinliklə də olsa doğma vətənimizə qayıdaraq ona doğma olan Naxçıvana getdi. Tezliklə Naxçıvana rəhbərlik etməyə başlayan Heydər Əliyev müstəqilliyimizin əldə edilməsində önəmli rol oynadı. Azərbaycan azadlığını əldə etdikdən sonra hakimiyyətə gələn xalq cəbhəsinin səriştəsiz rəhbərliyi nəticəsində müstəqilliyimizin yenidən itirilməsi təhlükəsi əmələ gəldi. Belə ağır bir vəziyyətdə xalqın tələbi ilə yenıdən ölkəmizə rəhbərlik etməyə başlayan Ulu Öndər çətinliklə də olsa müstəqilliyimizi qoruyub saxlaya bildi. O separatçılardan və erməni işğalçılarından gələn təhlükəni aradan qaldırdı. Həmin dövrdə Ulu Öndərin rəhbərliyi altında xarici şirkətlərlə Xəzər neftini və qazını dünya bazarına nəql edəcək "Əsrin müqaviləsi" imzalandı. Bununla da Azərbaycan iqtisadi, siyasi, elmi, texniki inkişaf yoluna qədəm qoydu. Dövlətçiliyimiz möhkəmləndi, həyata keçirilən islahatlar nəticəsində hüquqi-demokratik dövlət quruculuğu yeni zirvələrə qaldırıldı. Ulu Öndər Heydər Əlivev müstəqil Azərbaycanımızı məhv olmaqdan xilas edərək yeni, müstəqil dövlət quruculuğumuzun memarına çevrildi. Bu gün də Azərbaycan Ulu Öndərin qoyduğu yolla onun layiqli varisi, torpaqlarımızı erməni işğalından azad edən görkəmli dövlət xadimi Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla gələcəyə gedir.

Onu da deyim ki, anadan olmasının 100 illiyi münasibəti ilə Prezident İlham Əliyev tərəfindən 2023-cü il "Heydər Əliyev ili" elan edilib. Biz gənclər adı qəlblərimizdə yaşayan əziz rəhbərimizin bizə vəsiyyət etdiyi kimi yaşayacaq, vətənə sevgimizi, Ulu Öndərə sədaqətimizi əməli fəaliyyətimizlə təsdiq edəcəyik.

Nəsibova İlahə Fuad qızı,

Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakultəsinin I kurs tələbəsi