ARAŞDIRMA-Müsəlmanlara gülənlərin gülünc vəziyyəti

ARAŞDIRMA-Müsəlmanlara gülənlərin gülünc vəziyyəti

20 Sentyabr 2012 09:59
Bəyəndim (0) Bəyənmədim (0)
Biz isə dəyərlərimizə hörmətlə yanaşmalıyıq

ABŞ-da və Avropada məlum hadisələrin ardı-arası kəsilmir. Üzdəniraq karikaturalar artıq ayrı-ayrı dövlət rəsmiləri səviyyəsində reklam olunur. Vicdanlarını itirmiş "azad söz sahibləri" müqəddəs dəyərlərimizə təcavüz etdiklərini düşünürlər. Bəli, bəli, səhv duymadınız, məhz düşünürlər. Ona görə bu ifadəni işlətdim ki, onların təsvir etdikləri personajlar saqqalı, çuxalı və əmmaməli kişidən başqa bir şey deyil. Bir anlıq fikirləşin, Məhəmməd Peyğəmbəri zahirən təsvir edən bir yazı varmı və ya onun şəklini çəkən olubmu? Təbii ki, yox. Hətta Amerika kino xadimlərinin lentə aldıqları ciddi dini filmlərdə də peyğəmbərimizin siması və ya kölgəsi göstərilməyib. Bu, ona görə belə olub ki, insanlar peyğəmbərimizi xatırlayarkən istər-istəməz kinodakı obrazı təsəvvür edə bilərdilər. Nəticədə, müqəddəs dəyərlərimiz təhrif və təhqir olunmuş sayılardı. Gördüyünüz kimi, biz müsəlmanlar həmişə öz dəyərlərimizə hörmət və məhəbbətlə yanaşmışıq. Halbuki, həmin Hollivud kino sənayesi İsa peyğəmbəri adi bir aktyorun ifasında, o qədər də təsirli olmayan dərəcədə canlandırmışdı. Bundan əlavə, İsa peyğəmbərin obrazı heykəllərdə, qeyri-peşəkarcasına düzəldilmiş oyuncaqlarda, şəkillərdə təsvir olunmuşdur. Təbii ki, bu obrazı yaradarkən müəlliflər ilk növbədə "Turin örtüyü" adlı xristian dəyərinə əsaslanmağa çalışmışlar. Bu mövzuya dəfələrlə toxunmuşuq.

Oxumayanlar üçün təkrar edirəm ki, "Turin örtüyü" adlı parça müasir dövrədək İsa peyğəmbərin kəfəni sayılırdı. Bütün dünyanın xaçpərəstləri ona sitayiş edirdilər. Orada əks olunan insan cizgilərinin İsa Peyğəmbərə məxsus olduğu bildirilirdi. Lakin 80-ci illərdə Vatikanın rəsmi razılığı ilə kəfən elmi cəhətdən tədqiqata cəlb olundu. Çox keçmədən Amerika alimləri bütün dünyaya elan etdilər ki, "Turin örtüyü" heç də İsa peyğəmbərin kəfəni olmayıb və o saxtakarlıq nümunəsidir. Bu isə o deməkdir ki, bəzi fundamental məsələlər istər-istəməz şübhə altına alınır. Nə isə, xristian mənəviyyatındakı boşluqlar haqda danışmaqla bitmir. Məhz müsəlmanlara qarşı yönələn qısqanclığın təməlində də bu boşluqlar durur. Necə olmasa, bizim dinimiz daha mütərəqqi və sonuncu olanıdır. Bununla belə, məyus olmağına dəyməz. Öz dəyərlərinə hörmətsiz yanaşan xaçpərəstlər bizim dəyərlərə təcavüz etməkdə acizdirlər. Ən azı ona görə ki, karikaturada təsvir etdikləri saqqalı terrorist obrazı adi bir personajdır. Bunu yalnız belə qəbul etmək lazımdır. Çünki müqəddəs peyğəmbərimizin nurlu simasını görən olmayıb.

SON SÖZ ƏVƏZİ: Türk xalqlarının belə bir məsəli var, hər qoyun öz ayağından asılır. Məsələyə bu prizmadan yanaşsaq, görərik ki, axirət dünyasında hər kəs öz günahına görə cavab verməli olacaq. Odur ki, gəlin bu barədə dərindən düşünək və dini dəyərlərimizə hörmətlə yanaşaq. Bir sözlə, haram əməllərdən uzaq duraq. Yoxsa özümüz də bilmədən dini dəyərlərimizi təhqir etmiş olarıq. Allah qorusun!

Könül Aypara

O.M.