ARAŞDIRMA – “Ağ ev”in qara işləri

ARAŞDIRMA – “Ağ ev”in qara işləri

22 Avqust 2012 21:07
Bəyəndim (0) Bəyənmədim (0)
Corc Buşun prezidentlik vəzifəsi əvvəlcədən təmin olunmasaydı, Ronald Reyqan öldürüləcəkdi

TƏCAVÜZ

1981-ci ilin 30 mart günü ABŞ-ın o vaxtkı prezidenti Ronald Reyqan "Hilton" hotelindən çıxarkən sui-qəsdə məruz qaldı. Belə ki, çoxsaylı adamların arasından Con Hinkli adlı bir şəxs çıxaraq, ona tərəf dalbadal güllə atdı. Qəlpələrin biri prezidentin sinəsinə girərək, ağ ciyərini zədələdi. Digəri isə onun mətbuat katibi olan Ceyms Bredlini yaraladı. Hətta polislərin və mühafizəçilərin də arasında xəsarət alanlar oldu. Yaralıları təcili surətdə yaxınlıqda yerləşən xəstəxanaya çatdırdılar.

ÖLÜMÜ ÖLDÜRMƏK

Bir neçə gündən sonra Reyqan tam sağalaraq, evə buraxıldı. Bununla o, tilsimi sındırmış oldu. Belə ki, indiyədək ABŞ-da sui-qəsdə məruz qalmış prezidentlərin hamısı ölürdü. Məsələn, 1865-ci ildə Avraam Linkoln, 1901-ci ildə Uilyam Mak Kinli, 1963-ci ildə isə Con Kennedi qatil həmləsindən dünyalarını dəyişmişdilər. Tale bu işdə Ronald Reyqanla mülayim davrandı. O, qısa müddət ərzində əmək fəaliyyətini tam bərpa edə bildi. Hadisələri qabaqlayaraq, qeyd edim ki, Reyqan çox sonralar, yəni 90 yaşında uzun sürən patisson xəstəliyindən öləcək. Hələliksə təhlükə onun üçün ötüşmüşdü. Daha dəqiq desək, hadisə yerində yaxalanan 25 yaşlı Con Hinkli müstəntiqlərə izahat verirdi. İlkin istintaq zamanı caninin psixi cəhətdən anormal olduğu müəyyən edildi. Məlum oldu ki, törədilmiş cinayət zamanı o, anlaqsız vəziyyətdə olub. Bu səbəbdən onun özünün verdiyi ifadə əsas götürülmədi. Yalnız hadisə zamanı lentə alınmış kadrlar araşdırıldı. Nəticə çoxları üçün gözlənilməz oldu. Sən demə, tapançadan çıxan qəlpə maşının gövdəsinə dəyərək, bir qədər sürüşdükdən sonra 180 dərəcə istiqamətini dəyişib, 60 sm aşağı düşmüşdü. Beləcə, prezidentin sol çiynini yaralayaraq, ağ ciyərində dayanıb qalmışdı. Rəsmi versiya inandırıcı səslənməsə də, yeganə olaraq qalırdı. Hamı bu fikirlə razılaşmaq məcburiyyətində idi. Ona görə də məhkəmənin qərarı ilə, Con Hinkli yeganə müqəssir sayıldı. O, ömürlük azadlıqdan məhrum edilmə və məcburi müalicə olunma cəzasına məhkum edildi.

AMERİKASAYAĞI HƏQİQƏT

Hadisədən dərhal sonra ABŞ rəsmiləri, o cümlədən Federal Kəşfiyyat İdarəsi (FBI) ümumi mövqeni əks etdirən sənədi açıqladı. Sənəddə deyilirdi: "Prezidentə qarşı sui-qəsddən söhbət gedə bilməz. Cani təkbaşına çalışıb. Onun bu məkrli işində heç bir havadarı olmayıb." Rəsmi mövqenin hadisədən cəmi 5 saat sonra bildirilməsi çoxları kimi jurnalistləri də şübhəyə saldı. Axı istintaq yeni-yeni başlayırdı və əsas faktlar hələ araşdırılmamışdı. Bununla belə, kimsə nəyinsə üstünü örtməyə çalışırdı. Jurnalistlər yaranmış suallara aydınlıq gətirmək məqsədilə müstəqil araşdırma aparmağa başladılar. Tezliklə məlum oldu ki, Con Hinklinin açdığı atəş belə dəqiqliklə hədəfə dəyməməli idi. Axı ən sərrast atıcı da bu cür nişan ala bilməzdi. Xatırladaq ki, rəsmi versiyaya görə, güllə maşına dəyib bir qədər sürüşdükdən sonra azacıq aşağı düşərək, əks tərəfə doğru istiqamət almışdı. Əgər rəsmi mövqe yanlışdırsa, bəs onda həqiqət nədən ibarətdir? Bu suala cavab olaraq, jurnalistlər yeni bir mülahizə irəli sürdülər - Con Hinkli ilə bərabər başqa bir snayper də Ronald Reyqana tərəf atəş açmışdı. Sadəcə, hamı Con Hinklini əlində silah gördüyü üçün o biri adama fikir verən olmamışdı. Bu, o deməkdir ki, kimsə əvvəlcədən bu planı cızıbmış və məqsədinə yetişmək üçün dəli bir adamın xidmətindən istifadə edibmiş.

MÜASİR MƏCNUN

Ümumiyyətlə, Con Hinkli şəxsiyyətini araşdırarkən onun son dərəcə romantik bir adam olduğunu görə bilərik. Onu müasir dövrün Məcnunu adlandıranlar da az deyil. Belə ki, o, populyarlaşmaqda olan gənc aktrisa Codi Fosteri dəlicəsinə sevirdi. Məhz bu qızın qəlbini qazanmaq məqsədilə də prezidenti öldürmək qərarına gəlmişdi. Məhəbbəti etiraf etmək yolunun qeyri-adiliyi bizi təəccübləndirsə də, onu deməliyik ki, Con Hinklini bu addımı atmağa "Taksist" kinosunun ssenarisi vadar etmişdi. Xatırlayırsınızsa, Martin Skorsezin 1976-cı ildə ekranlaşdırdığı həmin filmə 14 yaşlı Codi Foster çəkilmişdi. Baş rolu ifa edən aktrisa yeniyetmə fahişə obrazını yaradırdı. Ssenariyə görə, taksi sürücüsü fahişənin məhəbbətini qazanmaq üçün orijinal addım atır. O, prezidentliyə namizəd olan senatoru öldürmək fikrinə düşür.

QAYIDAQ REAL HƏYATA

Texas neft milyonçusunun oğlu olan Con Hinkli məhəbbəti yolunda hər şeyə hazır idi. O, Codi Fosteri addımbaaddım izləyir, gənc qadını məktub yağışına tuturdu. 1981-ci ilin fevral ayında qələmə aldığı sonuncu məktubunda Con Hinkli yazırdı: "Əzizim Codi! Mən Reyqanı öldürməyə hazırlaşıram. Ola bilər ki, bu, mənim həyatım bahasına başa gələcək. Lakin sevgi qurban tələb edir... Xahiş edirəm səndən, heç olmasa, bircə dəfə qəlbinin dərinliyindəki səsə qulaq as. Mənə ümid ver ki, sənin yolunda atacağım bu addımla sevgini və hörmətini qazana biləcəyəm". Məktubun qeyri-adi məzmunundan göründüyü kimi, Con Hinkli psixi cəhətdən anormal adam idi. Əgər elədirsə, bəs onda bu dəlini sui-qəsdə kim cəlb edə bilmişdi?

"SARAY" ÇƏKİŞMƏLƏRİ

Artıq tarixə məlumdur ki, prezident Reyqanın komandasında müxalif qruplaşmalar yaranmışdı. Bunların birinin başında o vaxtkı vitse-prezident Corc Buş (kiçik Corc Buşun atası), digərində isə dövlət katibi, general Aleksandr Heyq dururdu. Zahirən dost görünən bu insanların hər biri prezidentlik kürsüsünə can atırdı. Onların ətrafında nüfuzlu dövlət xadimləri, vəzifəli şəxslər, iş adamları toplanmışdılar. Təbii ki, rəqiblər "Ağ ev"də daha böyük təsirə malik olmağa çalışırdılar. Məhz bu ağır çəkişmənin nəticəsində, tezliklə qüvvələr balansı Corc Buşun xeyrinə dəyişdi. Başqa sözlə desək, məlum sui-qəsddən cəmi bir neçə həftə əvvəl o, milli təhlükəsizlik bürosunun rəisi vəzifəsinə təyin olundu. Xatırladaq ki, həmin vəzifəyə onun rəqibi Aleksandr Heyq də göz dikmişdi. Artıq Corc Buş prezidentdən sonra ölkədə ikinci şəxs sayılırdı.

BİR BALACA DÜŞÜNƏK

Kiçik bir faktı qeyd edək ki, əslən texaslı olan Corc Buş neft biznesi ilə məşğul olurdu. Reyqanı öldürməyə cəhd etmiş Con Hinklinin də texaslı neft milyonçusunun oğlu olduğunu nəzərə alsaq, bir çox mətləblərə aydınlıq gətirə bilərik. Yeri gəlmişkən, Buş və Henkli ailələrini hər zaman sıx dostluq əlaqələri birləşdirib. Deyilənə görə, onların arasında hətta qohumluq əlaqələri də mövcuddur. Hər halda, qatilin atası "Uorld Vijen" adlı təşkilatın üzvü olmuşdu. Həmin təşkilat isə Corc Buşun bir müddət rəhbərlik etdiyi Mərkəzi Kəşfiyyat İdarəsi ilə birbaşa təmasda çalışıb.

QARA QAN - NEFT

1985-ci ildə cinayətlə bağlı bir neçə məxfi sənəd, nəhayət ki, mətbuata çıxdı. "FBI" rəsmiləri bəzi şahid ifadələrinin dəyişdirildiyini etiraf etməli oldular. Onlar bu kiçik etirafla kifayətlənsələr də, cəmiyyətdə səngimək bilməyən şübhələri artırdılar. Doğrudur, Ronald Reyqanın hər iki prezidentlik dövründə Corc Buş onun ən yaxın silahdaşı oldu. Və sonradan onun yerini tutdu. Bu isə bizə onu deməyə əsas verir ki, "prezidentliyə varislik" məsələsi həll olunmasaydı, hadisələrin inkişafı başqa cür ola bilərdi. Daha dəqiq desək, Ronald Reyqan özündən sonra prezident kürsüsündə Corc Buşu görməyə razılıq verdiyi üçün texaslı "neftçilər" onu sıradan çıxarmaq fikrindən daşındılar. Yadınızdadırsa, mən dünya siyasətinin "neft mafiyası" tərəfindən təyin olunduğu barədə bir neçə məqalə yazmışdım. Orada dəfələrlə vurğulanırdı ki, müasir dövrdə müharibələr yalnız və yalnız karbohidrogen ehtiyatlarını mənimsəmək uğrunda aparılır. Bəli, bu gün dünyada siyasəti müəyyən edən texaslı neft ağaları hələ 80-ci illərin əvvəllərində prezident kürsüsünə can atırdılar. Bəlkə də onda onların qarşısı qətiyyətlə alınsaydı, indi mənasız müharibələr baş verməzdi?

Könül Aypara

O.M.