Dövlətimizin qalib zəfəri, regionun qüdrət və nüfuz sahibliyi

Dövlətimizin qalib zəfəri, regionun qüdrət və nüfuz sahibliyi

1 Dekabr 2022 12:29
Bəyəndim (0) Bəyənmədim (0)

Tarixin tarixi olmayanda tarix özü də əfsanələşir. Elə tarixi şəxsiyyətlər, qüdrətli simalar var ki, onların təkcə tərcümeyi-halı ilə tarix yaranır. Məhz bu cür şəxsiyyətlər tarixin özünə də tarix yazaraq əbədiyyətə qovuşur, bəşəri düha olub daim xatırlanırlar. xxı əsrdə möhtərəm Prezidentimiz bu tarixi şəxsiyyətlərdən biri kimi tarixə tarix yazaraq dövlət və dövlətçiliyimizi bir daha dünyaya sübut edtdi. Tarix yaddaşları silmir, tarix təkrarlanır. Çox da uzaq olmayan tariximizdə Qarabağla bağlı baş verən hadisələr 2020-ci ilin sentyabr ayının 27-dən başlayaraq qısa zaman kəsiyində tarixi proseslərin episentrində tamam başqa məcrada inkişaf edərək haqqımız olan şanlı qələbəmizlə yekunlaşdı. Halbuki, bu illər ərzində Minsk qrupunun həmsədrləri Qarabağla bağlı məsələlərdə qərəzli mövqe nümayiş etdirib bizi pessimist əhval-ruhiyyədə saxlamışdılar. Qarabağ müstəvisində ruhumuz sarsılsa da, ümidimiz ölmədi. Ümid sonda ölür deyirlər. Bəli, biz hər il ümidlərimizlə təskinlik tapdıq və Qarabağ arzularımızın başlıca qibləgahı olaraq qaldı. Möhtərəm Prezidentimiz dəmir iradəsi və uzaqgörən siyasətilə xalqımızın uzun illərdən bəri nakam qalan arzusunu gerçəkləşdirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı ona məxsus olan öz tarixi və haqq torpaqlarını geri alaraq ata-baba yurdlarına qovuşdu. 30 ilə yaxındır ki, işğalda olan əzəli torpaqlarımız, vətənimizin dilbər guşəsi və ayrılmaz tərkib hissəsi olan Qarabağ torpaqları nəhayət ki, düşmən tapdağından azad oldu. Uzun illər Qarabağın düyünə düşən açarının kimlərinsə əlində olduğunu düşünürdük, sən demə elə bu açar öz əlimizdə imiş. Sadəcə olaraq bunun müəyyən zamana və lazım olan məqama ehtiyacı var imiş. Bəli, o zaman yetişdi və biz buna nail olduq.

Təcavüzkar Ermənistanın xof kimi yaratdığı “yenilməz ordu”usu düşüncələri feyk çıxdı. Vətən uğrunda başlanan müharibəmizin elə ilk günlərindən düşmən ordusu ön cəbhədə darmadağın edildi. Ermənilərin dənizdən-dənizə böyük Ermənistan xəyalları elə xəyal olaraq qaldı. Nə Ermənistan, nə də onlara havadar olan dövlətlər Azərbaycanın gücünü düzgün qiymətləndirməmişdilər. İşğala məruz qaldığımız bütün bu illər ərzində nə dünyanın supergüc dövlətləri, nə də ATƏT-in daimi nümayəndələri bizim haqq səsimizi eşitmədilər və ya eşitmək istəmədilər. Əksinə, yalanlar ümmanında öz həqiqət adalarını qurmağa çalışdılar. Bu savaş zamanı və hal-hazırda da Fransanın monoton ermənipərəstsevgisi, qərəzli və birtərəfli mövqeyi bunu deməyə əsas verir. Zatən biz bunu illər öncə də bilirdik, ancaq bu əzəli Vətən müharibəsi 44 gün ərzində Emmanuel Makronun çıxışlarında Fransanın anti Azərbaycan və İslamofobiya mövqeyini aşkaranə surətdə ortaya qoydu. Düzdür, Rusiya bu dəfə müharibə başlayanda rəsmi olaraq müdaxilə etməsə də, ancaq öz vassalı olan Ermənistanı silah-sursatla təmin etməkdə davam etdi. Nəhayət, erməni silahlı birləşmələrinin tükənən ən son nəfəsində Rusiya bu dəfə də onların xilaskarına çevrildi. Bunu möhtərəm prezidentimiz öz çıxışlarında və xarici telekanallara verdiyi müsahibələrində də siyasi motivlərlə dəfələrlə vurğulamışdı. Ermənistan birinci Qarabağ müharibəsində öz havadarları, xüsusən də Rusiyanın dəstəyi ilə torpaqlarımızı işğal etdi, tarixin ən qanlı cinayəti olan Xocalı soyqırımını törətdi. Onlar öz çirkin niyyətlərini, təcavüzkar xislətini daha da artıraraq torpaqlarımızı işğalda saxlayıb, əlavə ərazilərimiz haqqında da yeni-yeni iddialara düşmüşdülər. Ermənistan tərəfi 30 il müddətində Qarabağ məsələsinin münaqişə zəmnini uzadaraq Azərbaycanın digər ərazilərində də daha böyük ambisiyalarını həyata keçirməyə çalışırdılar. Cənab prezidentimiz qan tökmədən işğal olan torpaqlarımızın sülh yolu ilə qaytarılmasını tələb etdikcə onlar bizə zəif və yuxarıdan aşağı baxırdılar. Qarabağla bağlı danışıqlar ildən-ilə bir nəticə vermədikcə, ümidsizlik yarğanına salınsaq da xalqımız son ümidini itirmədi, nə vaxtsa tarixi torpaqlarımıza qayıdışı səbirsizliklə gözlədi. Möhtərəm prezidentimiz İlham Əliyev ötən illər ərzində Qarabağ məsələsini dünya siyasi arenasında hər dəfə gündəmə gətirərək xalqımızda Qarabağla bağlı ümidi ölməyə qoymadı. Bu uzun illər ərzində Qarabağ məsələsinin düyünü açılmadıqca işğal altında olan torpaqlarımızın geri alınacağı məsələsi bəlkə də bir çoxları üçün inandırıcı görünmürdü. Heç ermənilər də və onların havadarları da Azərbaycanın hərbə qatılacağını və ordumuzun şücaətini belə gözləmirdilər. Kim bilə bilərdi ki, möhtərəm prezidentimiz siyasi danışıqlardan əlavə Azərbaycanın hərbi bazasını müasir arsenallarla da artırmışdır. Bu o deməkdir ki, prezidentimiz iqtisadiyyatımızın gəlirindən və dövlət büdcəsindən hərbi strategiyamıza bu günümüz üçün düzgün və lazımlı sərmayə yatırıb. Bu Vətən müharibəsində Azərbaycanın hərbi strategiyası, ordumuzun şücaəti böyük dövlətlər tərəfindən izlənildi və müzakirə olundu. Ali Baş Komandanın rəhbərliyi altında gündən-günə əldə etdiyimiz qələbələr, sonda Ermənistanın kapitulyasiyaya razılıq verməsi, Qarabağımızın işğaldan azad olunması Azərbaycan dövlətinin nə qədər güclü olduğunu bir daha dünyaya sübut etdi.

Azərbaycan bu haqq savaşında 3 cəbhədə müharibə aparırdı. Həm döyüş meydanında, həm siyasi arenada, həm də informasiya sahəsində. Ermənistanın havadarları hər cür variantlara əl ataraq Azərbaycana qarşı təzyiq göstərməyə çalışırdılar. Bununla belə hər 3 cəbhədə qazandığımız qələbəyə mane ola bilmədilər. Azərbaycan tərəfini təxribata çəksələr də, elə qara fikirləri qara qəlblərində də ilişib qaldı. Ali Baş Komandanımız təmkinli və effektiv idarəçiliyi, yüksək siyasəti sayəsində səbir və təmkin göstərərək yorulmadan dünya KİV nümayəndələrinə müsahibələr verdi, radikal, qərəzli və qərəzsiz olan sualları belə siyasi peşəkarlıqla cavablandıraraq dünyaca tanınmış teleaparıcı və jurnalistlərə sanki master-klass keçdi. Döyüşdə müzəffər ordumuz, siyasi arenada Ali Baş Komandanımızın, informasiya sahəsində də həqiqətləri işıqlandıraraq dünyaya çatdırmağımızın qələbə sevincini bu gün də yaşayırıq.

Haqq və şərəf savaşımız olan Vətən müharibəsi bir çox qaranlıq məsələlərə aydınlıq gətirdi. Bizə dost və dost olmayan ölkələri tanıtdırdı, milli ruh yüksəkliyini yenidən özümüzə qaytardı, ən əsası isə qalib və məğlub tərəflərin mövqelərini həm diplomatiyada, həm də döyüş meydanında tamam fərqli situasiyalarda ortaya qoydu. Birincisi, Ermənistan maraq dairəsində olduğu dövlətlərdən güc baxımından istədiyi dəstəyi ala bilmədi. Burada qardaş Türkiyə dövlətinin ilk gündən bizə dəstəyi və güclü hərbi bazaya malik olması faktoru da başlıca amildir. Ermənistan ordusunda hərci-mərcilik, daxili münaqişələr ziddiyyətli şəkildə özünü göstərdi. Hətta, yaranan ümumi qorxu xofu altında erməni əsgərləri və könüllüləri döyüşməkdən belə imtina edərək pərakəndə halında geri çəkildilər. Ermənistan ordusunda ərzaq və geyim çatışmamazlığı, ordu daxilində baş verən rəzalət gün kimi açıq-aşkar göründü. Azərbaycan ordusu isə böyük nizam-intizamla, məğrur və qətiyyətlə irəli getdi, xalqımızın müqəddəs torpaqlarını işğaldan azad edərək geri qaytardı. Azərbaycan ordusu Müdafiə Nazirliyimiz tərəfindən hər cür, istər geyim, istərsə də ərzaqla yüksək səviyyədə təmin olundu və olunmaqdadır. Buna baxmayaraq xalqımız cəbhədə döyüşən əsgərlərimizə əlindən gələn yardımı əsirgəmirdi. Ermənistan hakimiyyətinin özündə də qarşıdurmalar özünü qabarıq şəkildə göstərməkdədir. Müharibə zamanı hər gün öz fikirlərini diametral dərəcədə dəyişən Paşinyan erməni xalqını və müəyyən daxili qüvvələri öz ətrafında birləşdirə bilmədi. Üstəlik, xalqının ona olan inamını itirdi. Azərbaycan xalqı isə öz prezidentinin ətrafında bir yumruq kimi sıx birləşdi. Sıravi vətəndaşından və siyasi mövqeyindən asılı olmayaraq bütün partiyalar və xalqımız Ali Baş Komandanın uğurla apardığı müharibə və siyasətini birmənalı şəkildə dəstəklədilər. Bu, xalqımızın ordu ilə həmrəy olmasından irəli gələn böyük ruh yüksəkliyinin mübariz qələbəsi və zəfəridir.

Lakin Ermənistan dövləti öhdəliyinə götürdüyü kapituliyasiya aktlarını həyata keçirməkdən hər vəhclə yayınır. Təbii ki, bu müstəvidə Ermənistana başda Fransa olmaqla bir çox dövlətlər də öz maraqlarına görə dəstək verirlər. Təəssüflər olsun ki, yaxın qonşumuz olan İran da bu dövlətlərlə bir aradadır. İran və Rus imperiyyası 200 ildən artıq bir zamanda Azərbaycanı necə parçalayıblarsa, indi də o siyəsəti davam etdirirlər. İranda 45 milyona yaxın olan azərbaycanlıların ana dilində məktəbləri və muxtariyyətləri belə yoxdur. Amma çox az sayda bir qövm olan ermənilərin məktəbləri, abidələri və s. var. 30 ilə yaxın işğalda qalan torpaqlarımızda viran olan məscidlərimizi görə-görə haqq olanı demədi, əksinə, ermənilərə hər cəhətdən dəstək verdilər. Bəs Allah qarşısında İslam dövləti beləmi edir? Məgər İran bu torpaqların əzəli kimə məxsus olduğunu bilmirmi?!

Zəngin və qədim tarixə, mədəni irsə, milli dəyərlərə malik olan Azərbaycan dövləti və xalqı əsrlər boyu keşməkeşli və uzun bir yol qət edərək bu günə gəlib çataraq dövlət və dövlətçiliyini daim qoruyub saxlamışdır. Dövlətimiz və xalqımız qonşu dövlətlərlə sərhədlərimiz çərçivəsində sülh və tərəfdaşlıq şəraitində yaşamağa üstünlük versə də, qəsbkar ermənilər öz himayədarları və havadarlarının köməkliyi ilə tarix boyu xalqımıza qarşı qanlı cinayətlər törətmiş, əzəli torpaqlarımıza sahib olmağa çalışmışlar. Halbuki Ermənistan dövləti bütövlükdə Azərbaycan torpaqları üzərində qurulan və Rusiyanın vassalı olan marinet dövlətdir. Hələ çar rusiyası zamanında Türkiyədən və İrandan köçürülən ermənilər Qarabağımızla yanaşı, qədim İrəvanda, Göyçədə, Zəngəzurda və digər bölgələrimizdə yerləşdirilərək məskunlaşmışdılar. 19-cu əsrin əvvəllərində Şərqdə ilk Azərbaycan Demokratik Respublikası yarananda, ermənilərin havadarları bundan istifadə edərək Ermənistan respublikasını yaratdılar. SSRİ dönəmində isə Zəngibasar, Qaraqoyunlu, Zəngəzur və Göyçə mahalları haqsız olaraq Ermənistanın tərkibinə daxil edildi. Bununla belə, çox da uzaq olmayan keçmişimizdə, 1988-ci ildən etibarən ermənilər yenidən torpaq iddiası ilə xalqımıza qarşı savaşa başlayaraq öz məkrli planlarını və qanlı əməllərini həyata keçirdilər.

Nəhayət, 1991-ci ildən başlayaraq ermənilər bu dəfə Qarabağ torpaqlarımıza təcavüz edərək 30 ilə yaxın bir müddətdə vətənimizin dilbər guşəsi olan bu torpaqları işğal altında saxladılar. Dünyəvi və humanizm prinsiplərinə məhəl qoymayan ermənilər dövlətimiz üçün müharibədən başqa çıxış yolu qoymadı. Bu, İrana da gün kimi aydındır. Sadəcə olaraq İranın qarnın ağrı və sancısı başqadır. Birincisi işğalda olan torpaqlarımızda İran çirkli yollarla əldə etdiyi milyonlar əlindən çıxdı. İkinci isə Cənubi Azərbaycanda yaşayan soydaşlarımızla birləşmək qorxusu. Bu səbədən də İran Azərbaycanın müstəqilliyini heç vaxt istəməyən sədaqətsiz qonşumuzdur. Onsuz da gec-tez o tay, bu tay Azərbaycan birləşəcək. Hazırda İranda baş verən hadisələr, vətəndaşlara qarşı zorakılıq hallarına möhtərəm Prezidentimiz İlham Əliyev də münasibət bildirərək söyləmişdir ki, biz İranda yaşayan soydaşlarımızın haqq və hüquqlarının tapdanmasına, onlara qarşı edilən zorakılıqlara biganə qala bilmərik.

Artıq dünyanın siyasi arenası və düzəni dəyişərək daha da qloballaşır. Azərbaycan regionda və Cənubi Qafqazda söz sahibi olaraq dünyada öz nüfuzunu qoruyub saxlamaqdadır. Bu aspektdə istər Qarabağ məsələsində, istərsə də Azərbaycanın digər daxili məsələlərinə qonşu və digər dövlətlərin müdaxilələri yolverilməzdir. Bu Ali Baş Komandanımız da çıxışlarında qətiyyətlə bildirmişdir.

Biz ordumuza, dövlətimizə və Ali Baş Komandanımıza güvənir və bununla qürur hissi duyuruq.

İsa Rəvan