Pensiyalar avtomatlaşdırılsa da, vətəndaş narazılığı var

Pensiyalar avtomatlaşdırılsa da, vətəndaş narazılığı var

25 Noyabr 2022 15:54
Bəyəndim (55) Bəyənmədim (0)

Bu gün əməkdaşımız Əziz Müstafayevin 65 yaşı tamam olur. Əvvəla bütün kollektivimiz adından onu təbrik edirəm və arzulayıram həmişə sağlam olsun ki, yazıb yarada bilsin. Bütün işçilər Əziz müəllimi təmtəraqlı təbrik edərkən, birdən yadıma düşdü ki, axı bu gün onun qanunvericiliklə nəzərdə tutulmuş qaydada pesiya hüququ yaranır. Tezbazar güya Əziz müəllimə bahalı hədiyyə almışam kimi, bu xəbərlə onu muşduluqladım. Əslində qələm əhli üçün indiki zamanda hər ay əlavə pul almaq özü ən böyük hədiyyədir. Tələsik olaraq Əziz müəllimlə birlikdə kompüter arxasına keçib “mygov.az” portalı vasitəsi ilə onun şəxsi kabinetini yoxladıq ki, görək dövlət ona nə qədər pensiya təyin edib. Baxıb gördük heç bir məlumat yoxdur. Pensiyaların qanunla avtomatlaşdırılmasını nəzərə alaraq “142” qaynar xətti ilə əlaqə saxladıq. Əvvala qeyd edək ki, bu sahədə xeyli irəliləyiş var. Çünki əvvəllər “DOST” mərkəzinə edilən zənglər zamanı məsul şəxslərlə danışmaq üçün cağrı mərkəzində ən azı 40-45 dəqiqə gözləməli olurduq. Amma bizim zəngimizə dərhal cavab verərək, bildirdilər ki, gün ərzidə 240 manat pensiya Sizə təyin ediləcək. Ad günü kişinin yadından tamam çıxdı. Çox bərk əsəbləşərək operatora bildirdi ki, “Siz nə danışırsınız mənim 42 il il rəsmi stajım var. Budur mənim əməyimə verdiyiniz qiymət”. Deyəsən bu pensiya məsələsini kişiyə nahaq demişdim. Onun bərk hirsləndiyini görüb tez telefonun dəstəyini aldım ki, məsələni tam araşdıra bilim. Aydın oldu ki, 2006-cı ilə qədər harada işləmisənsə o məlumatlar həmin ildən sonra işlədiyin müəsisə tərəfindən sistemə daxil edilməlidir. Belə başa düşdüm ki, məlumatlar sistemdə tam əks olunmamışdır. Ancaq operator Əziz müəllimin 42 il əmək stajının olmasının ümumi məlumat kimi sistemdə görünməsindən başqa dəqiq bir söz deyə bilmədi. Əlavə olaraq operator bildirdi ki, əgər 2006-cı ilə qədər 25 il stajınız olsaydı Sizə yüksək pensiya təyin edilə bilərdi. Mən ona bildirdim ki, necə yəni bu kişinin 2006-cı ilə qədər 27 il stajı var. Onda bizə məsləhət görüldü ki, bütün sənədləri yığıb Əziz kişi qeydiyyatda olduğu rayonun “DOST” mərkəzinə yaxınlaşsın. Daha bu nə avtomatlaşdırılmış pensiya oldu. Bu kişi indi bu sənədləri yığmaq üçün bir-bir işlədiyi müəsisələrin qapısını döyməlidir? Əmək kitabında hamısı aydın şəkildə göstərilb axı. Bir də ki, sovet vaxtında fəaliyyət göstərmiş müəsisələrin çoxunun artıq hüquqi varisi yoxdur. Bəs bu kişinin işi necə olacaq?

Bizim ölkədə arxiv xidməti təşkilatlarının maddi-texniki təchizatının təkmilləşdirilməsi, elektronlaşdırılması, arxiv xidmətinin lazımi binalarla təmin olunması, mövcud arxiv binalarında təmir və bərpa işlərinin aparılması, arxiv işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması üzrə dövlət proqramı uzun illərdir təsdiq olunub axı. Bunun üçün zaman-zaman büdcədən nə qədər pullar ayrılıb. Bəs bu günə kimi niyə bu arxiv idarələri öz elektron sistemlərini “DOST” mərkəzləri ilə birləşdirmək haqqında fikirləşməyiblər. Bəs indi Əziz müəllim öz haqqını necə bərpa etsin? Məgər bu vəziyyətə düşmüş insanların hamısı öz hüquqlarını bilir? Bəzilərinin heç hansısa idarəyə getməyə belə taqəti yoxdur. Onda bu insanların əmək hüquqları pozulmalıdır? Bizim qanunlarda yazılıb ki, dövlət bizim bütün hüquqlarımızı qoruyur. Təssiflər olsun ki, bu suallara heç kim cavab vermək istəmir. Yəqin qanunlarımız qəbul olunarkən ya bəzi məqamları yaddan çıxardıblar, ya da bəzi məmurlarımız qanunlara riaət etmirlər.

Murad Şahməmmədov