Azərbaycan Ermənistana və havadarlarına sərt şəkildə xəbərdarlıq etdi

Azərbaycan Ermənistana və havadarlarına sərt şəkildə xəbərdarlıq etdi

18 Noyabr 2022 10:50
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın müxtəlif yollarla münaqişənin həllinə mane olmaq istəməsi və buna aparalel olaraq danışıqları uzadaraq vaxtudma siyasətini həyata keçirməsi, üstəlik təhlükəsizlik və insan hüquqlarının təmini adı altında separatçı rejimin status məsələsini gündəmə gətirməyə cəhd etməsi qarşı tərəfin çirkin əməllərindən əl çəkmək niyyətində olmadığını göstərməkdədir. Buna paralel olaraq Rusiyanın öz sülhməramlılarını uzun müddətə Qarabağda saxlamaq niyyətində olması və milyarder Vardanyanı Xankəndinə göndərərək onu separatçıların yeni liderinə çevirmə cəhdləri Bakının səbrini tükəndirməkdədir. Bunu dünən Prezident İlham Əliyevin Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən dedikləri də bir daha təsdiq etməkdədir. Ermənistan rəhbərliyiin əməlləri ilə planlarının ziddiyyət təşkil etdiyini xatırladan Prezident İlham Əliyev qarşı tərəfin sülh istəməyinə şübhə etdiyini söyləyərək bu müstəvidə də təhlükəli ritorikadan əl çəkmələri barədə onlara xəbərdarlıq edib. Prezident xüsusi ilə Ermənistan rəsmilərinin Azərbaycanı İŞİD və “Əl-Qaidə” ilə müqayisə etmələrini çox təhlükəli ritorika adlandırıb:

"Çünki onların dedikləri sözlər etdikləri əməllər və ya planları ilə ziddiyyət təşkil edir. Bununla bağlı, bilmirəm, siz Ermənistan rəhbərliyindən birbaşa cavab almışınız, yoxsa yox. Mən şübhə edirəm, çünki onlar bu ikimənalılığı saxlamaq istəyir və bu isə heç də fayda gətirmir. Eyni zamanda, əgər bu ölkə sülh istəyirsə, onda o, çox təhlükəli ritorikadan əl çəkməlidir. Bu yaxınlarda Ermənistan rəsmiləri Azərbaycanı İŞİD və “Əl-Qaidə” ilə müqayisə etmişdilər. Fikrimcə, bu, çox təhlükəli ritorikadır. Birincisi, onların özləri İŞİD və “Əl-Qaidə” kimi hərəkət etmişdilər. Avropa İttifaqının səfirləri azad edilmiş ərazilərə baş çəkmişdilər. Ermənilər tarixi və dini irsə İŞİD və “Əl-Qaidə”nin eynilə etdiyi kimi yanaşmışdılar. Biz yox. Onlar. Onlar terror aktları törədiblər. Onlar soyqırımı törədiblər. Onlar bizim məscidləri uçurublar. Biz yox. Lakin cənab Paşinyan bu sözləri istifadə edərkən bilməlidir ki, biz bunu eşidirik. O, bizim reaksiyamızın necə olacağı barədə düşünməlidir".

Əslində İlham Əliyevin bu sözləri Ermənistana olduqca ciddi xəbərdarlıqdır. Xatırlaq ki, vaxtı ilə Paşinyanın Şuşada yallı getməsi və "Qarabağ Ermənistandır",-deməsi İkinci Qarabağ savaşının başlamasına gətirib çıxardı və bundan itirən, döyüş meydanında məğlub olaraq kapitulyasiyaya imza atan da məhz Paşinyan oldu. Prezidentin xəbərdarlığı göstərir ki, Paşinyan yenə də eyni taleni yaşaya bilər.

Konkret olaraq Qarabağdakı ermənilərin təhlükəsizliyinin təmini ilə bağlı məsələyə gəlincə, bununla da bağlı Prezident İlham Əliyevin cavabı olduqca konkret və dəqiq olub. Prezident qeyd edib ki, onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq: "Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib. Biz Qarabağda yaşayan və orada yaşamaq istəyən insanlarla söhbətə hazırıq. Biz buna hazırıq. Yeri gəlmişkən, bu proses başlayıb. Əgər elə indicə qeyd etdiyim bəzi ölkələrdən, yəni, kənardan müdaxilə olmasa və həmin prosesi dayandırmaq cəhdləri edilməsə, onda hesab edirəm ki, proses daha dinamik gedə bilərdi. Lakin bunun Paşinyana və onun hökumətinə heç aidiyyəti yoxdur".

Bununla da İlham Əliyev Azərbaycanın mövqeyini bir daha qəti şəkildə ortaya qoyaraq bölgəni müxtəlif adlar altında yenidən müharibə meydanına çevirmək və Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almaq istəyən güclərə xəbərdarlıq etmiş olub.

Əziz Mustafa, Oxuməni.az