Təki balıq olsun

Təki balıq olsun

17 Noyabr 2022 11:24
Bəyəndim (56) Bəyənmədim (0)

Bu gün işimlə əlaqədar olaraq yolumu dəniz kənarından saldım. Səhər saatlarında şəhərdə tıxac olduğu üçün gedəcəyim ünvana Saray bağ massivindən keçməklə hərəkət edirdim. Hələ səhər saatları olmasına baxmayaraq dəniz kənarında ara-sıra balıqçıları görmək olurdu. Özüm də balıq ovunu sevdiyim üçün çox gözəl bilirdim ki, bu ovçuların çoxu balıq tutmaq üçün hətta burada gecələyiblər. Artıq sentyabr ayından ölkəmizdə balıq ovu başlayıb. Bu gün çay və dəniz kənarında yaşayan əhali orada hər gün balıq tutmağa gələn insanları müşahidə edirlər. Çoxları bu soyuq havada bu adamları balıq tutmağa nə vadar etməsi haqqında düşünürlər. Bəziləri də bunu qida ehtiyacı kimi fikirləşirlər. Düzdür, Azərbaycan mətbəxində bu ət məhsulu önəmli bir yer tutur, ancaq ömründə bircə dəfə də olsa balıq ovuna gedən adam bu ləzzətin tamam fərqli hiss olduğunu bilr.

Lakin hər əlinə qarmaq alan balıq tuta bilməz. Bundan ötrü ilk növbədə su hövzələrini yaxşı tanımalı, ov üçün məkanı düzgün seçməli, mümkün qədər səs-küy olan ərazidən uzaq olmağı, hansı balığa nə vaxt hansı yemi vermək lazım olduğunu bilmək lazımdır.

Azərbaycanda ən çox ovlanan balıq növləri kimi sazan, kütüm, sudak, taxta balığı, naxa və sair göstərmək olar. Ümumiyyətlə balıq ovu üçün ən əlverişli vaxt payız və yaz mövsümləri hesab edilir. Yayda isə balıqlar kürü qoyduqları üçün, yəni nəsil artırdıqları üçün balıq ovu ilə məşğul olmaq normal hesab olunmur. Təbii ki, bəzi balıqçılar üçün fəsil fərqi yoxdur. Təki balıq olsun.

Murad Şahməmmədov