ABŞ  və NATO niyə Rusiyanı deyil, Ukraynanı ittiham edir?

ABŞ və NATO niyə Rusiyanı deyil, Ukraynanı ittiham edir?

17 Noyabr 2022 10:28
Bəyəndim (0) Bəyənmədim (0)

Son bir neçə gündə beynəlxalq aləmdə Polşa ərazisinə düşən və iki nəfərin ölümünə səbəb olan "naməlum" raketlə bağlı məsələ əsas müsakirə obyektlərindən biri kimi gündəmdə qalmaqdadır. Ukrayna tərəfi raketin Rusiya tərəfindən ölkənin şəhərlərinə edilən kütləvi hücumlar zamanı atıldığını və Polşa ərazisinə düşdüyünü bildirir. Lakin başda ABŞ olmaqla NATO ölkələri bu məsələdə fərqli mövqe tutaraq raketin Rusiya deyil, Ukrayna tərəfindən yanlışlıq və ya texniki nasazlıq nəticəsində atıldığını bildirirlər. Bununla belə prezident Bayden və NATO Baş katibi Stoltenberq istənilən halda baş verən hadisədə Rusiyanı günahkar hesab edirlər. Buna baxmayaraq prezident Zelenski raketin Rusiya tərəfindən atıldığını bildirməkdə davam edir. Polşa ərazisinə atılan raketlə bağlı diqqəti cəlb edən əsas məsələ ABŞ və NATO rəhbərliyinin müttəfiqləri Ukraynanı deyil, işğalçı Rusiyanı müdafiə etmələridir. Beynəlxalq ekspertlərin fikrncə buna səbəb ABŞ və NATO üzrə müttəfiqlərinin Rusiya ilə birbaşa hərbi qarşıdurmadan çəkinməsidir. Belə ki, Polşa NATO-ya üzv ölkədir və raketin Rusiya tərəfindən atılmasının etiraf edilməsi qarşı tərəfin hücumuna cavab vermək məsələsini gündəmə gətirir. Çünki NATO ona üzv olan ölkələrin təhlükəsizliyini təmin etmək barədə öhdəlik götürüb. Belə ehtimal edilir ki, məhz bu səbəbdən ABŞ və NATO rəhbərliyi raketin Ukrayna tərəfindən atıldığını, səhvən və ya təsadüfən Polşa ərazisinə düşdüyünü gündəmə gətiriblər. Bununla belə Rusiyanın qəsdən Polşa ərazisinə raket zərbəsi endirdiyi və bundan məqsədin Ukraynanı müdafiə edən Varşavaya "dərs" vermək, onu qorxutmaq , həm də məsələyə NATO-nun rekasiyasnın necə olduğu da öyrənmək olduğu vurğulanır. Əgər bu ehtimal doğrudursa, onda belə hesab etmək olar ki, Rusiya istədiyinə nail olub. Çünki NATO adı çəkiən məsələdə Ukraynanı günahlandırmaqla hər hansı üzvünə ediləcək hücumla bağlı Rusiya ilə müharibə etmək niyyətində olmadığını dolayısı yolla bildirmiş oldu. NATO-nun Polşa ərazisinə atılan raketlə bağlı belə bir reaksiyası isə Rusiyanın əl-qolunu açacağı və Polşaya münasibətdə daha aqressiv hərəkət edəcəyi istisna edilmir...

Əziz Mustafa, Oxuməni.az