Tolerantlıq nümunəsi – beynəlmiləl ailələr

Tolerantlıq nümunəsi – beynəlmiləl ailələr

9 Avqust 2012 20:18
Bəyəndim (0) Bəyənmədim (0)
Biz başqasını anlamağı, özümüzü ona anlatmağı bacarırıq

Tarixi uğurun sirri

Hər bir xalqın özünəməxsus milli-mənəvi dəyərləri, adət-ənənələri vardır. Həmin xalq bu mənəvi zənginliyi yaradıb yaşatdığı kimi o da mənsub olduğu xalqı yaşadır. Qədim tarixə malik olan azərbaycanlılar da istisna deyil. Doğrudur, azərbaycanlı kəlməsi bir termin kimi XX əsrdə yaranmışdır, lakin minilliklər boyu bu coğrafiyanı məskunlaşdıran insanlar eyni taleləri, maraqları və tarixləri ilə ortaq mənəvi varlıq formalaşdırmışlar. Bu baxımdan azərbaycanlı dedikdə, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, yüksək insani dəyərləri qoruyub saxlamış, mədəni irsə çevirmiş Azərbaycan vətəndaşları nəzərdə tutulur. O insanlar ki, milli-mənəvi dəyərləri, adət-ənənələri UNESCO və İSESCO kimi mötəbər beynəlxalq təşkilatlar tərəfindən nadir mədəniyyət abidələri kimi qorunub saxlanılır və təbliğ olunur. Bu da təsadüfi deyil. Azərbaycanın uğurlarının önündə daxili hörmət və əməkdaşlıq şəraiti durur. Müasir dildə ona tolerantlıq deyirlər. Lakin bu kəlmədən xəbərsiz olan ulularımız hər zaman bir-birinə əl tutmağı bacarmış, sevincini bölüşmüş, dərdinə şərik çıxmışdı. Bəlkə elə ona görədir ki, bu gün dünya dillərinə "dözümlülük" kimi tərcümə olunan tolerantlıq kəlməsi bizdə qarşılıqlı hörmət və əməkdaşlıq mənasını verir. Bəli, biz başqasını anlamağı, özümüzü ona anlatmağı bacarırıq.

Müasirlik

Biz bunu istəsək də, istəməsək də, tarixin təkamül yolu milli-mənəvi dəyərlərə təsirsiz ötüşmür. Bununla belə, kökləri qədim zamanlara qədər uzanan, zaman-zaman cilalanaraq unikal formaya düşən dəyərlər öz formasını itirmir. Sadəcə, müasirlikdən ilham alaraq, sözün yaxşı mənasında, kamilləşir. Bu baxımdan beynəlmiləl nikahları misal gətirmək olar. Doğrudur, bir zamanlar Azərbaycanda millətlərarası nikahlara ehtiyatla yanaşırdılar, digər millətin nümayəndəsi ilə yalnız kişilər ailə qura bilərdilər, qızların isə bunu ağıllarının ucundan belə keçirməyə ixtiyarları yox idi, lakin illər ötdükcə fikirlər dəyişməyə başladı. Dünya qloballaşdıqca, virtual sərhədlər aradan götürüldükcə, Azərbaycan dünyaya inteqrasiya etdikcə millətlərarası nikahlara olan münasibət də dəyişdi. Bu da təsadüfi deyil. Ölkəmiz müstəqilliyini bərpa etdiyi qısa zaman kəsiyində özünü yaxşı mənada dünya ictimaiyyətinə tanıda və sevdirə bildi. Miqyasları bir qədər kiçiltsək, görərik ki, ailə də dövlətin mikro-modelidir. Deməli, sevgiyə layiq hər bir insan bu məhəbbətin molekulyar hissəciklərini təşkil etmiş olur.

Ümumiyyətlə, beynəlmiləl nikahların mənfi və ya müsbət hal olduğunu demək mümkün deyil. Əlbəttə ki, bu, fərdi məsələdir və hər bir insanın öz seçimindən asılıdır. Ancaq qurulan ailələrin mütləq çoxluğu onu deməyə əsas verir ki, azərbaycanlılar nümunəvi həyat yoldaşları kimi özlərini sübut də biliblər.

Öndə olanlar

"Bəxt üzüyü" filmində biznesmen Rasimin inadkar həyat yoldaşı rolunu ifa etmiş Firəngiz Rəhimbəyovanı kim tanımır ki? Firəngiz yalnız gözəl aktrisa, müğənni, ana və nənə yox, eyni zamanda mükəmməl həyat yoldaşıdır. 15 ilə yaxındır ki, o, amerikalı biznesmen ilə ailə həyatı qurub və "ürəyinin Bakıda qaldığına" baxmayaraq, o gündən bu yana ABŞ-da xoşbəxt həyat sürür. Son müsahibələrinə əsaslanaraq deyə bilərik ki, Firəngiz öz ailə həyatından razıdır və öz amerikalı yoldaşını çox sevir.

Azərbaycan musiqiçisi, məşhur balaban ifaçısı, 1993-cü ildən bu yana Türkiyədə yaşayan və elə orada da öz yuvasını quran Əlixan Səmədovu da xatırlamaq yerinə düşərdi. Bu cütlüyün övladlarının olmadığına baxmayaraq, onlar çox xoşbəxt yaşayırlar.

Bir neçə il öncə Azərbaycan şou-biznesi populyar müğənni Yeganə ilə tanış olmuşdu. Onun Türkiyə vətəndaşı Fatehlə qurduğu ailə də nümunəvi sayıla bilər. Belə ki, şou-biznesin sərt qaydalarını nəzərə alsaq, bu zamana kimi adıçəkilən cütlük barədə heç bir neqativ məlumatın daxil olmamasını göstərici kimi qəbul edə bilərik. Xoşbəxt ailədə Ömər adında oğul övladı böyüyür və Yeganə ilə Fateh geniş, çoxuşaqlı ailə arzuladıqlarını gizlətmirlər.

Bu yerdə biz böyük məmnuniyyətlə Azərbaycanın qüruruna çevrilən insanı xatırlamalı oluruq. Akademik Lütfizadənin adı tətbiqi riyaziyyat, informatika və qeyri-səlis məntiq sahəsində məşhurdur. Lütfizadə 1959-cu ildən bu yana Kaliforniya Universitetində dərs deyir. O, artıq 65 ildir xoşbəxt ailə həyatı yaşadığı yəhudi Fey-zadə ilə evlidir. Lütfizadə hətta həyat yoldaşını sevgilisinin əlindən "aldığını" nəql etməyi də sevir. Onun qızı gənc yaşda həyatdan köçsə də, bu faciə xoşbəxt cütlüyü bir-birinə daha çox bağlayıb.

"Yaprak dökümü" serialından tanıdığımız türkiyəli aktyor Tolqa Karel azərbaycanlı model, "Best Model of Azerbaijan" titulunun sahibi və "Best Model of The World" müsabiqəsində ikinci pillənin sahibliyini qazanmış Günay Musayeva ilə ailə həyatı qurub. Türk saytlarının xəbər verdiyinə görə, Günay evlilik təklifini tanışlıqlarının elə ilk günü alıb. Göründüyü kimi, bu ilk baxışdan məhəbbət imiş. "Mən sevdiyim qadınla ailə qurmuşam. Bu gün həyatımın ən xoşbəxt günüdür", - deyə Karel toy günü jurnalistlərə müsahibə verib.

Təbii ki, "Eurovision– 2011"-in qalibi Nigar Camalı xatırlamamaq mümkün deyil. Ailə arasında sadəcə Niki kimi adlandırılan müğənni 2004 ildə gələcək həyat yoldaşı Luka ilə tanış olub və bir müddət sonra Londona köçüb. 2005 ildə Nigar ana olub – onun dünyaya Jasmin adında qızı göz açıb. Bir il sonra isə gənc ailə ikinci qızları Səidənin dünyaya gəlişini qeyd edib. "Hər bir ailədə çətinlik olur, lakin biz problemin çıxış yolunu axtarırıq və ailəmizi qorumağa çalışırıq. Çalışıram ki, vaxtımın çox hissəsini yaxınlarımla keçirim", - deyə Nigar öz müsahibəsində jurnalistlərə bildirib.

Müasir Azərbaycan cazının layiqli təmsilçisi Ülviyyə Rəhimova iki il əvvəl Ceyk Conson ilə ailə həyatı qurub. Onların tanışlıq tarixçəsi iki il əvvəl Ülviyyənin konsertlərindən birində başlayıb. O zaman Ülviyyə evlilik barədə düşünmürdü. Onlar tez-tez görüşürdülər və günlərin bir günü Ceyk evlilik təklifi edib. İlk əvvəl müğənninin anası fərqli dinlərə ibadət edən insanların birlikdə xoşbəxt ola biləcəklərinə şübhə edirdi. Lakin gələcək həyat yoldaşı artıq 8 il idi ki, Bakıda yaşayırdı, dilimizi və adətlərimizi yaxşı bilirdi. Gənclər tez biz zamanda dil tapdılar. Hal-hazırda cütlük Tiflisdə yaşayır.

Bəstəkar İsa Məlikov milliyyətcə polyak olan gözəl sarışın qadın Paulina Volotkovskaya ilə evlidir. Onun həyat yoldaşı tanınmış aviaşirkət olan Lufthansa-nın əməkdaşıdır. Gənclər uzun müddət ünsiyyətdə idilər. Sonralar İsa anladı ki, Paulina digər qızlardan yalnız qeyri-adi xarici görkəmi ilə seçilmir, eyni zamanda Azərbaycan qızlarına məxsus mühafizəkar dəyərləri ilə fərqlənir. İsa və Paulina birgə yaşayırlar və qərara alıblar ki, münasibətlərini rəsmi şəkildə təsdiq etsinlər. Cütlük iki övlada sahib olmaq arzusundadır – qız və oğlan.

İradə İbrahimova 2009 ildə türk Ceyhun İzzət ilə ailə həyatı qurub. Toyda zövqün zərifliyi hər şeydə hiss edilirdi – gəlinlik libasında, interyerdə, eksteryerdə. Maraqlıdır ki, mərasimi keçirmək üçün gənclər restoran yox, şəhərkənarı konsert meydançasını seçmişdilər. Hazırda İradə öz ailəsində xoşbəxtdir. Yerli telekanallara verdiyi müsahibədə o, tez-tez yoldaşının ailəsi və öz sevgisi barədə söhbət açır. Cavan ailənin İpək adında qız övladı böyüyür. Müğənni Türkiyədə yaşasa da, sıx-sıx Bakıya gəlir.

Siyahını daha da genişləndirmək olar. Lakin buna nə bizim, nə də oxucunun hövsələsi yetər. Odur ki, sıralamanı əməkdar artist, opera müğənnisi Fidan Hacıyeva ilə bitirməli oluruq. Gələcək həyat yoldaşı ilə Fidan 1997 ildə tanış olub. Bu, ilk baxışdan məhəbbət idi. Heç kəs təsəvvürünə belə gətirə bilməzdi ki, emosional və temperamentli "Karmen"in həyat yoldaşı Bakıda işləyən sakit və mülayim ingilis Filipp Neylor olacaq. 2004 ildə cütlük Azərbaycan adətlərinə uyğun olaraq toy çaldırdı. Əcnəbi kürəkən elə ilk andan Fidanın valideynlərinin xoşuna gəldi, gəlin də həmçinin yadellilərin məhəbbətini qazana bildi. Əvvəlcə qızın atası bu izdivaca qarşı idi, hesab edirdi ki, din fərqi ailə səadətinin qarşısında maneə törədəcək. Lakin zaman əksini sübut etdi. Fidan və Filipp tez-tez Londona valideynləri ziyarət etmək üçün gedirlər. Bu gün ailənin orijinal adları olan qızları Corcina-Xəyalə-Siena və oğulları Devid-Davud-Con böyüyür.

Son söz əvəzi

Bugünkü məqalədə biz beynəlmiləl nikahları təbliğ və ya təşviq etmək fikrində olmadıq. Bəli, azərbaycanlılar əcnəbilərlə nikaha girirlər. Əlbəttə ki, bu nikahların bir çoxu uğursuzluğa düçar olur. Ancaq razılaşın ki, hətta qohumlar arasında qurulan ailələr də bəzi hallarda dağılır. Odur ki, biz müsbət nümunələrdən yola çıxaraq, fikrimizi yekunlaşdırmağa çalışırıq: "Azərbaycanlı ilə ailə quran əcnəbi əksər hallarda sadiq həyat yoldaşına və nümunəvi ailəyə sahib olur. Bu isə tarix boyu yaşatdığımız milli-mənəvi dəyərlərimizdən irəli gəlir. O dəyərlərdən ki, özülünü tolerantlıq təşkil edir".

Könül Aypara

O.M.

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.