Ermənilərin “köpünü” almaq üçün bu dəfə Ağdərə azad olunmalıdır...

Ermənilərin “köpünü” almaq üçün bu dəfə Ağdərə azad olunmalıdır...

5 Sentyabr 13:46
269
Bəyəndim (0) Bəyənmədim (0)

Haylar revanşist ideyalarını reallaşdırmaq üçün küylənərək yeni mərhələyə qədəm qoyduqlarını güman edirlər. Əlbəttə bu, əsassız deyil.

Ermənilər çox yaxşı bilirlər ki, üçtərəfli bəyanatın 6-cı bəndindən irəli gələrək yeni yolun istifadəyə verilməsi, Laçının və ona məxsus Zabux, eləcə də Sus kəndlərinin azad olunmasının ardınca rəsmi Bakı 7-ci bəndin icrasının təhlükəsizliyi üçün 4-cü bəndə start verəcək. Bu isə separatçıların tərksilah edilməsi və azərbaycanlı məcburi köçkünlərin hələlik Rusiya “sülhməramlılarının” nəzarətində olan öz evlərinə - Xankəndiyə, həmçinin digər Azərbaycan ərazilərinə qayıtması deməkdir.

Sözsüz ki, üçtərəfli bəyanatın 6-cı bəndinin icrasına zorla, hətta kötək gücünə razılaşan ermənilər indi 4-cü və 7-ci bənlərin icra olunmasına var gücləri ilə müqavimət göstərməyə cəhd edəcəklər. Onlara bu cəhdi etməyə stumul verən və ya küyləndirici amillər isə artıq göz qabağındadır.

Baxın, Laçın şəhəri, Zabux və Sus kəndləri azad olunan kimi Rusiyaya məxsus “Duma TV”də “Dağlıq Qarabağda Azərbaycan ordusu yerləşdirilib” başlıqlı hərbi tarixçi, politoloq Nikita Buranovun təxribatçı açıqlamasının yayılması, Xankəndidə və İrəvanda anti-Rusiya mitinqlərinin keçirilməsi, ardınca “dqr”i “parlament”inin fraksiya liderləri Rusiya “sülhməramlılarının” komandanı Aleksandr Volkovla görüşdən sonra minlərlə sakinin küçələrə çıxıb və 100 metrlik Rusiya bayrağı ilə yürüş etməsi, “Artsaxın müstəqillik günü” münasibətilə “Biz ölkənizi tam dəstəkləyirik”, deyə erməniyönlü ABŞ konqresmenlərinin mesajı, Amerika Konqresində separatçı “diplomat” David Babayanın sentyabrın 19-da nəzərdə tutulan görüşünün təşkili, radikal ermənilərin son mitinqlərdə Azərbaycana Qarabağla bağlı - “Qarabağ Azərbaycan tərkibində ola bilməz”, “Qarabağla Ermənistan arasında daimi koridor olmalıdır”, “Ermənistan Qarabağın təhlükəsizliyində iştirak etməli və silahsızlaşdırma baş verməməlidir”, deyə üç “şərt” irəli sürmələri, yeni yolda “meydan sulayan” əli silahlı separatçı “polislər”, Paşinyanın “Artsaxın müstəqillik günü” münasibətilə separtçılara ünvanladığı məktubda “Dağlıq Qarabağ probleminin mahiyyəti Dağlıq Qarabağ ermənilərinin hüquqlarının qorunacağı təhlükəsiz şəraitdə yaşamağını təmin etməkdir. Artsax ermənilərinin təhlükəsizliyi və hüquqları təmin və Dağlıq Qarabağın statusu müəyyən olunmayana qədər problem həll olunmuş hesab edilə bilməz... Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağda etnik təmizləmə siyasətinin qarşısının alınması üçün səy göstərməyə borcludur”, deməsi və nəhayət, Moskvanın qəflətən yoxdan var edib Xankəndidə zühur etdirdiyi erməni əsilli rusiyalı milyarder Ruben Vardanyanı, erməniləri indi ruhlandırıb, daha doğrusu küyləndirib qoyub dağın başına.

Bu arada, Son Brüssel görüşündən bir gün əvvəl Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın erməni mediasında Qarabağla bağlı baş verənlərə öz mövqeyini ifadə edən “Fatalizm və cahillik: Ermənistanın keçmiş XİN başçısı hakimiyyətin Dağlıq Qarabağla bağlı səhvlərini izah edib” başlıqlı yeni analitik məqalə ilə çıxış etməsi də təsadüfi hesab edilə bilməz. Çünki bu yazıda keçmiş nazir Paşinyanın səhvlərini sadalamaqla yanaşı, hazırki məqamda ona mümkün çıxış yolunu da göstərir.

Məsələn, Oskanyana görə Azərbaycanın Ermənistana ünvanladığı beş təklifə İrəvan cavab olaraq danışıqlar üçün, “Dağlıq Qarabağın gələcək statusu, Şuşa və Hadrutun Dağlıq Qarabağın ayrılmaz hissələri kimi taleyi, erməni vətəndaşlarının Azərbaycan əsirliyindən azad olunması, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın suveren ərazisindən çıxarılması, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların bərpa edilməsi imkanı, sülhməramlı qüvvələrin Dağlıq Qarabağda mövcudluğunun vaxtı” və s. kimi məsələləri qaldırmalıdır. Oskanyan əminliklə bildirir ki, bu mövzularda diplomatik və ya hərbi qarşıdurmaya səbəb ola biləcək heç bir bənd yoxdur və Ermənistanın yanaşmaları vasitəçilər tərəfindən adekvat qəbul edilə bilər.

Görünür elə həm də bunun nəticəsidir ki, Paşinyan Brüsseldən dönən kimi Ermənistan və Azərbaycan arasında münasibətləri tənzimləyən sülh müqaviləsi üzrə irəliləyiş üçün əsaslı işi gücləndirməyə razılaşdığı və Xarici İşlər Nazirlərinə bir ay müddətində mətn layihələri üzərində işləmək üçün görüşmək tapşırığı verildiyi halda, daha çox sülhə zidd olan fikirlər irəli sürmüş oldu.

Ancaq, Xankəndidəki separatçıbaşlara görə Vardanyan sadaladığımız bu küyləndirici amillərin sırasında məhz Moskvadan göndərildiyi üçün daha gözəçarpanı və ümidvericisidir. Ancaq Vardanyanın “dünya erməniliyinin mərkəzi” adlandırdığı “Artsax”a yardım üçün çağırış etdiyi dünya hayları yaxşı dərk etməlidirlər ki, “Artsax” adı ilə göndərəcəkləri vəsait daha çox Moskvaya olunan yardım olacaq. Kim bilir, bəlkə də elə Vardanyanı bu işə təhkim edən Moskva iqtisadiyyatının ağır durumda olması səbəbindən “sülhməramlıları” maddi baxımdan təmin etmək üçün bu varianta əl atıb.

Vardanyanı Moskvanın göndərdiyini təsdiq edən digər bir detal isə onun Rusiya vətəndaşlığından çıxmasını bəyan etməsidir. Əlbəttə, əks təqdirdə onun bu addımı 22 fevral 2022-ci ildə imzalanmış Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin 11-ci - “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar”, bəndinə zidd olardı.

Bütün son olanların fonunda ermənilərin “köpünü” almaq üçün Azərbaycan ordusu növbəti antiterror əməliyyatı keçirərək, bu dəfə ən azı Ağdərəni azad etməli və Azərbaycan torpağında qoca çinara söykənib “xoruzlanan” Vardanyanı kinorejissor Zakaryanın gününə salmalıdır...

Mübariz Azərbaycanlı, müstəqil jurnalist