Səsi sonra çıxacaq kəşfiyyat səfərləri: "Titrəyiş"in episentri isə İrəvan olacaq...

Səsi sonra çıxacaq kəşfiyyat səfərləri: "Titrəyiş"in episentri isə İrəvan olacaq...

20 İyul 2022 00:12
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnsin gözlənilmədən İrəvana səfər etməsi və ölkə rəhbərləri ilə görüşlər keçirməsi diqqətçəkən hadisədir. MKİ rəhbərləri hər saat xarici ölkələrə səfər etmirlər. Maraqlıdır ki, ABŞ kəşfiyyatının şefinin ardınca Rusiya Xarici kəşfiyyat İdarəsinin rəisi Sergey Narışkin İrəvana gəlir və o da bəzi görüşlər keçirir. S.Narışkin gəlişinin Börnsin səfəri ilə bağlı olmadığını, amma Börnisin gəlişinin onun səfəri ilə bağlı olmasının mümkünlüyünü vurğulasa da, aydındır ki, Rusiya MKİ rəhbərinin gəlişindən xeyli narahat olub. Dünyanın aparıcı və üz-üzə dayanan iki kəşfiyyat orqanının bir-birinin ardınca İrəvan səfərləri 70-ci illərin Beyrutunu xatırladır.

Sovet kəşfiyyat orqanları ilə məxvi əməkdaşlıq edən xarici vətəndaşlardan birinin o vaxtkı Beyrut üçün sonralar xatirələrində yazdıqları, indiki İrəvanla eynidir: “ 70-ci illərin əvvəllərində Beyrut dünya casusluğunun mərkəzi idi. Özünə hörmət edən hər bir kəşfiyyat xidməti orda rezidenturasını saxlayırdı. Orada adi insanlar yox idi - yalnız casuslar vardı. Hər şey və hər kəs satılırdı və alınırdı. Orada dünyanın aparıcı ölkələrinin kəşfiyyat xidmətlərinin maraqları üst-üstə düşürdü. Amerikalıların çox güclü mövqeləri var idi. Həmişə olduğu kimi, onlara qarşı sovet kəşfiyyatçıları dayanırdı”

Hazırda belə bir situasiya Ermənistanda mövcuddur. XX -ci əsrin 70-ci illərində Beyrutdakı vəziyyət XXI-ci əsrin iyirminci illərində İrəvanda təkrar olur. Sərhədlərinə nəzarət, vətəndaşlarının giriş-çıxışlarının başqa ölkənin sərhədçiləri tərəfindən yoxlanması, dəmir yoluna bütünlüklə, iqtisadiyatının 40 faizindən çoxuna başqa ölkənin nəzarət etdiyi dövlətin müstəqilliyi formal xarakter daşıyır və belə dövlətlər satellit ölkələr sayılır. Satellit ölkələr xarici kəşfiyyatlar üçün rahat məkan hesab olunur.., İrəvan kimi.

MKİ rəhbəri görüşləri Paşinyan və Armen Qriqoryanla keçirsə də, Narışkin Ermənistan Təhlükəsizlik Xidmətinin şefi Abazyanla görüşür və çox güman ki, amerikalıların guya perspektiv təxribatları barədə ona xəbərdarlıq edib. Həm də yalnız Birləşmiş Ştatların təxribatlarını deyil, eyni zamanda Ermənistanda Kanada səfirliyinin açılması ilə bağlı rəsmi Ottavanın səfirliyin açılmasını Ermənistanı Rusiya təsirindən qorumaq və Kremli çəkindirmək məqsədi daşıdığını bildirməsinə mənfi reaksiyasını çatdırıb. Rəsmi xəbərlərdə kəşfiyyat məlumatlarının mübadiləsi barədə deyilənlər onu təsdiqləyir ki, Ermənistanın xüsusi xidmət orqanları da müstəqil deyil və şimaldan gələn təlimatlar əsasında fəaliyyət göstərib, göstərir və bu istiqamətdə davam edəcək. Narışkinin mətbuat konfransında Ermənistanın kəşfiyyat orqanının yaxın gələcəyə müstəqil qurum kimi fəaliyyət göstərməsinə münasibət bildirərkən - “indiyədək ümumi vəzifələri böyük miqyasda birgə həyata keçirdiklərini” və yeni yaranacaq quruma zəruri metodoloji köməyi əsirgəməyəcəklərini vurğulaması göstərir ki, ermənilərin ən məxvi seyflərinin açarları Rusiyanın əlindədir.

Bu səfərlər bölgədə intensiv ciddi siyasi proseslərin baş verdiyi ərəfədə baş verdi. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması, Tehranda bu gün Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü, Brüsseldə keçirilən Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 18-ci iclası və kəşfiyyat liderlərinin səfəri ərəfəsində də Azərbaycan və Ermənistan XİN rəhbərlərinin vasitəçisiz Tbilisidə ikitərəfli görüşü. Xüsusi olaraq vurğulamq lazımdır ki, Tbilisidəki görüşü olduqca vacib siyasi hadisədir. Ona görə yox ki, görüşdə hansısa razılaşma olub və bu görüş iki ölkə arasında münasibətləri sürətlə normallaşdıracaq. Sadəcə, nə Rusiyanın, nə də Avropanın vasitəçiliyi olmadan ( ən azı rəsmi informasiyalarda və siyasi şərhlərdə kiminsə vasitəçiliyi barədə heç bir məlumat yoxdur) görüşün Tbilisidə keçirilməsi tərəfləri kənar şərt və təsirlərdən azad etmiş olur. Bu kənar təsir tam ortadan götürülməsə də, ikitərəfli görüşlərin nə Moskavada, nə də Brüsseldə baş tutmaması sülh prosesini sürərləndirə biləcək amillərdən biridir. ABŞ və Avropa bu görüşü təqdir edir, Kremldən rəsmi mövqe bildirilməsə də, Rusiya siyasi şərhçiləri narazılıqlarını dilə gətirirlər. Yeri gəlmişkən, delimitasiya üzrə ikitərəfli komissiyanın da Moskvada və Brüsseldə deyil, Qırmızı körpüdə görüşməsinin daha tez real nəticələrə səbəb olacağını əvvəllr də qeyd etmişik.

Sonda qeyd edək ki, iki super dövlətin kəşfiyyat idarələrinin rəhbərləri bir-birinin ardınca İrəvana gəlibsə.., deməli yaxın vaxtlara əhəmiyyətli siyasi, hərbi gedişlərin şahidi ola bilərik. Kəşfiyyatçılar adətən sakit gəlib-gedərlər, amma bu gəlişin səsi sonra çıxır və bu səsin episentri İrəvanda olacaq. Gözləyək. Azərbaycan bu səfərləri nəzərə almalıdır, sürprizlər gözlənilməsə də, hazırlıqlı olmağın faydası var.

İlham İsmayıl