“Ohanyan səddini” dağıdan Ohanyanın səfərinin qarşısını da almalıdır...

“Ohanyan səddini” dağıdan Ohanyanın səfərinin qarşısını da almalıdır...

12 Aprel 2022 15:27
Bəyəndim (0) Bəyənmədim (0)

Jan Jak Russonun belə bir fikri var: “Hər bir müqavilə, həqiqi sülhdən daha çox müvəqqəti möhlətdir”. 17 aydır ki, Azərbaycanla Ermənistan arasında gedən 44 günlük müharibə bitib və nəticədə tərəflər arasında məlum 10 noyabr razılaşması olub. Amma, sülh yoxdur. Sülh olmadığı üçün sülh müqaviləsi də yoxdur. 17 ay ərzində Azərbaycan və Ermənistan dövlət sərhədində, Qarabağda baş verənlərə diqqət edəndə, 10 noyabr 2020 razılaşmasının “sülhdən daha çox müvəqqəti möhlət” olduğu aydın olur. Bu “möhlət” Azərbaycana yox, Ermənistana, həm də Rusiyaya lazım olub.

Düzdür, bu arada sülhə təşəbbüs adı ilə bəzən formal xarakterli müxtəlif görüşlər, danışıqlar aparılıb, bəzən də ciddiliyi ilə fərqlənəni də olub. 6 aprel Brüssel görüşü fərqli oldu. Məqsəd Brüssel görüşünü təhlil etmək deyil, çünki ölkənin siyasi şərhçləri, politoloqları tərəfindən kifayət dərəcədə bu görüşə doğru, bəzən isə yanlış münasibətlər bildirilib. Amma, bütün bu təhlillərin sonunda “tezliklə sülh müqaviləsi olacaq” proqnozunu verməyə heç kim risq etməyib, çünki meydanda iki tərəfdən başqa iki oyunçu da var. Oyunçuların oyunu isə, üzü İkinci Dünya müharibəsindən bəri müxtəlif meydanlarda, bu günlər isə Ukraynada bütün şiddəti ilə davam edir.

Müharibədən sonra Moskvada, Soçidə, Brüsseldə əldə olunan razılaşmalarda qeyd olunan sülh, əməkdaşlıq çağırışları 1994-cü ildən 2020-ci ilin sentyabrın 27-dək Lissabonda, Madriddə, Ki-Uestdə və planetin digər məkanlarında olmuş söhbətlərin taleyinə, daha doğrusu məqsədinə bənzəyir.

Məqsəd də budur ki, münaqişə davam etdikcə hər iki ölkəyə təsir imkanları qalmış olacaq. Münaqişədə alət rolunda Ermənistan siyasi müxalifəti iştirak edir və hakimiyyətə gəlmək üçün bütün təxribatlara əl atır. Brüssel görüşü ərəfəsində və sonra Koçaryan, Sarkisyan tərəfdarlarının, separatçı rejim liderlərinin təxribatları bu gün də davam edir. Ağır iqtisadi böhran yaşayan ölkəni sosial problemlərdən qurtarmağın yollarını axtarmaqdansa, “Artsax” kartını yerli-yersiz ortaya atıb, yalançı vətənpərvərlik libasında ağalarının göstərişlərini yerinə yetirirlər. Keçmiş rəhbərliyin tərəfdarlarının əsas məqsədi isə Moskvanın əli ilə hakimiyyətə qayıtmaqdır. Moskva da hələlik buna nail ola bilmədiyi üçün Qarabağ probleminin həllini, yəni sülh danışıqlarını uzatmaqla uyğun şəraiti formalaşdırmaqla məşğuldur. Bu işin başında isə Qarabağ təxribatları gəlir.

Növbəti təxribat Seyran Ohanyanın başçılığı ilə parlament fraksiyasının Qarabağa səfəridir. Bu gün parlament iclasında Seyran Ohanyan tribunaya əski parçası olan “Artsax bayrağını” taxıb iclasları bu həftə dörd günlüyə boykot etdiyini, fraksiyanın üzvləri ilə Xankəndiyə və sərhəd rayonlarına səfər edəcəklərini elan ediblər. Tribunadan bayrağı hakim partiyanın deputatı Aleksanyan çıxararaq buna ehtiyac olmadığını söyləyib.

Azərbaycana gələn bu “təxribat briqadası”nı çox güman ki, Laçın dəhlizində Rusiya hərbiçiləri qarşılayıb müşayət edəcək, təhlükəsizliklərinə zəmanət verəcəklər. Azərbaycanın Suqovuşandan Kəlbəcərə gedən maşın karvanı guya yerli əhalinin etirazı ilə geri qaytarılır, iki gün əvvəl də bir mülki erməni yenə karvanın qarşısını kəsib havaya güllə atır, rusiyalı hərbiçi isə bu səhnəni təbəssümlə müşayət edir. İndi, Seyran Ohanyanın dəstəsinin Azərbaycana gəlişinə etiraz əlaməti olaraq onların başının üstündən atəş açsaq, “sülhməramlı” hadisəni həmin təbəssümlə müşayət edəcəkmi? Etməyəcək. Amma, bu bizim xəbərdarlıq etməyimizə mane olmamalıdır. Azərbaycana gəlməyə hazırlaşan Ohanyan dəstəsinin səfərini, yüngül ifadə etsək, arzuolunmazlığı barədə Rusiya hərbi kontingentinin komandanlığına xəbərdarlıq etməliyik. Əks halda, onların təhlükəsizliyinə zəmanət verilmədiyi vurğulanmalı və eyni zamanda bu xəbərdarlığın qarşı tərəfə çatdırılmasının zəruriliyini qeyd etmək lazımdır. Sülh danışıqları və aprelin sonunadək ikitərəfli komissiyanın yaradılması ərəfəsində bu səfərin əldə olunan razılığın pozulmasına yönəldiyi xəbərdarlıqda xüsusi qeyd olunmalıdır.

“Ohanyan səddi”ni dağıdan Azərbaycan Ordusu üçün Ohanyan səfərinin qarşısını almaq çətin deyil və diplomatiyamızla birlikdə fəaliyyəti bu səfərin qarşısını ala bilər. Ohanyan və komandasının səfəri proseslərə köklü olaraq təsir edəsi deyil, amma qarşı tərəf Fərruxdan başlamış qətiyyəti, Azərbaycanın bir qarış torpağından belə keçməyəcəyini bir daha dərk edəcək, “Rusiyaya birləşmək” kimi boş xəyallara qapılmayacaq. “Möhlət” dövrü, elə möhlətin zaman məsafəsi qədər olmalıdır, əks halda təxribatlar davamlı olacaq.

İlham İsmayıl