Rusiya Təhlükəsizlik Xidmətində təmizləmələr ... - General-polkovnik ABŞ kəşfiyyatına işləyib?

Rusiya Təhlükəsizlik Xidmətində təmizləmələr ... - General-polkovnik ABŞ kəşfiyyatına işləyib?

9 Aprel 2022 22:53
Bəyəndim (1) Bəyənmədim (0)

Hələ Ukraynaya qarşı işğalın ilk günlərində Rusiya Federal Təhlükəsizlik Xidmətinin(FTX) “5-ci şöbə” kimi tanınan və xarici kəşfiyyata görə cavabdeh olan strukturunun fəaliyyətilə bağlı sualların meydana çıxdığı məlum olmuşdu. Belə ki, Rusiya mətbuatında məhz bu şöbənin Ukraynadakı agentura şəbəkəsinin öz işinin öhdəsindən gələ bilməməsi, Kremlə real durumu təhrif edən hesabatlar verməsi, agentura şəbəkəsinə ayrılan külli miqdarda vəsaitlərin mənimsənilməsi və digər səbəblərdən işğal əməliyyatının uğursuzluğa düçar olduğu iddia edilirdi.

Putinin artıq işğalın ikinci həftəsində, martın 11-də rus dilində “FSB” kimi səslənən FTX-nın 5-ci şöbəsinin rəisi, general-polkovnik Sergey Besedanı vəzifəsindən azad edərək, ev həbsinə göndərdiyi məlum olmuşdu. Bu barədə ilk dəfə Rusiya xüsusi xidmət orqanlarına yaxınlığı ilə tanınan jurnalist Andrey Soldatov məlumat yaymışdı.

Oxuməni.az xəbər verir ki, A.Soldatovun FTX ətrafında baş verən proseslərlə bağlı paylaşdığı yeni materialda bir çox maraqlı məlumatlar yer alır.

Məlumatda deyilir ki, martın 11-də ev dustaqlığına alınan S.Beseda artıq “Lefortovo” həbsxanasına yerləşdirilib. Onunla birgə müavini, general Anatoli Bolyux da həbs olunub.

A.Soldatov qeyd edir ki, məxfiliyi saxlamaq üçün hər iki general həbsxanaya başqa ad və soyadla yerləşdirilib. Rəsmi ittiham isə guya xidmətlə bağlı maliyyə vəsaitlərinin mənimsənilməsidir: “Bu işlə Rusiya İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi məşğul olur”.

Ən maraqlısı isə odur ki, Soldatovun bildirdiyinə görə, əslində bu yüksək vəzifəli generalların işinin araşdırılması və onların dindirilməsi hərbi əks-kəşfiyyat qurumuna tapşırılıb.

Bu qurum isə A.Soldatovun dediyi kimi, adətən satqınların, dövlətə xəyanət edənlərin müəyyən edilərək, həbs olunması, yaxud məhv edilməsilə məşğul olur: “Mümkündür ki, Beseda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə məlumat ötürülməsində şübhəli bilinir”.

Qeyd olunur ki, məhz general Besedanın şöbəsi işğaldan əvvəl Ukraynadakı real durumla bağlı Putinə hesabat verib. Həmin yanlış və təhrif olunmuş hesabat isə zatən reallıq hissini itirmiş Putini işğal üçün bir qədər də ürəkləndirib. Həmçinin, bildirilir ki, Kreml ABŞ kəşfiyyatında Rusiyanın işğal planı və tarixi barədə dəqiq məlumatların olmasından da qeyzlənib və günahkar, satqın ovuna çıxıb. Bu prosesin müharibə başa çatandan sonra daha geniş vüsət alacağı və çoxlu sayda “qurbanlıq keçi” tapılacağı gözlənilir. Hələliksə, əsas diqqət general-polkovnik Sergey Beseda və onun şöbəsinin yüksək rütbəli əməkdaşlarına yönəlib.

Məlumat üçün onu da qeyd edək ki, Besedanın onunla birgə həbs edilən müavini A.Bolyuxun özü əslən ukraynalıdır və hazırda onun Ukraynada qohum-əqrəbası yaşayır. Ümumiyyətlə, Rusiyanın güc strukturlarında ən yüksək vəzifələrdə təmsil olunan bir neçə Ukrayna əsilli general var və onlardan biri də Rusiya ordusunun Baş Qərargah rəisinin müavini Vladimir Alekseyevdir.

A.Soldatov açıqlamasında bir məqama da diqqət yetirməyin vacib olduğunu bildirib. Belə ki, general-polkovnik S.Beseda hələ 2014-cü ildə FTX-nin Ukraynaya görə cavabdeh şəxslərindən biri olub. Beseda 2014-cü ilin Maydan hərəkatı zamanı Kiyevdə olub və onun əsas vəzifəsi əlindəki böyük resurslardan istifadə etməklə o vaxtkı prezident Viktor Yanukoviçin hakimiyyətdə qalmasına nail olmaq idi. Lakin general həmin vaxt da vəzifəsinin öhdəsindən gələ bilməyib.

Ümumilikdə isə təhlilçilər Putinin güc strukturları arasında yeni “razborkalar” və “təmizləmələr” aparacağı qənaətindədirlər. Çünki bütün dünyanın gözü qarşısında baş verən hərbi uğursuzluğun günahı mütləq kimlərinsə üzərinə atılmalıdır.

Putinin “xüsusi əməliyyatı”nda vəziyyətin yaxşı olmadığını təsdiq edən məlumatlardan biri də odur ki, Ukraynadakı rus ordusunun rəhbərliyi dəyişdirilib. Artıq işğala, dinc əhalinin bombalanmasına və digər hərbi cinayətlərə rəhbərlik Suriyada “döyüş təcrübəsi” olan Cənub Hərbi Dairəsinin komandanı, general Aleksandr Dvornikova həvalə olunub.

Bunun hansı nəticə verəcəyi yaxın müddətdə bəlli olacaq. Lakin əksər ekspertlər artıq strateji baxımdan bu savaşı uduzan Kremlin bundan sonrakı addımlarının heç bir ciddi, həlledici effekt verməyəcəyi qənaətindədirlər.AzPolitika.info