“İrəvanın “qırmızı  cizgisi” dəyişib...” - Ermənilər Brüssel görüşündən niyə narazı qalıb?

“İrəvanın “qırmızı cizgisi” dəyişib...” - Ermənilər Brüssel görüşündən niyə narazı qalıb?

8 Aprel 14:56
351
Bəyəndim (0) Bəyənmədim (0)

“Ermənistan üçün təhlükəli proses gedir... Bakı “dağlıq Qarabağ” məsələsini gündəlikdən sıxışdıraraq, “sülh prosesi”ni birinci plana keçirə bilib”

Azərbaycan Prezidenti, Ermənistan Baş naziri və Avropa İttifaqı(Aİ) Şurasının Prezidenti Şarl Mişel arasında aprelin 6-da Brüsseldə keçirilən görüşün nəticələri Ermənistanda heç də birmənalı qarşılanmayıb. İstər Paşinyan hökumətinə müxalifətdə olan Sarqsyan-Koçaryan cütlüyünü təmsil edənlər, istərsə də müstəqil təhlilçilər bu nəticələri və xüsusilə Aİ Prezidentinin görüşdən sonrakı bəyanatını Ermənistanın növbəti diplomatik məğlubiyyəti kimi qələmə verirlər.

Hazırda Ermənistan mətbuatında, xüsusilə də revanşistlərin və Rusiyanın maraqlarına xidmət edən mətbu orqanlarda Brüsseldə başlanan prosesin ilk növbədə Kremlin maraqlarına xidmət etmədiyi və Qarabağdakı ermənilərin “status” məsələsini gündəmdən çıxarmaq üzrə olduğunu vurğulayırlar.

Aprelin 6-da keçirilən üçtərəfli görüşün nəticələrini “Sputnik Armenia”-ya şərh edən tanınmış erməni ekspertlərindən biri olan Ervand Bozoyan Brüsseldə əldə olunan nəticələrin ciddi narahatlıq yaratdığını deyib.

Ekspert hesab edir ki, bu görüşün nəticələri Ermənistana optimizm üçün heç bir əsas vermir: Əgər biz ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınmasından danışırıqsa, deməli artıq öz müqəddəratını təyin etmə və Qarabağ münaqişəsinin tənzimlənməsindən danışmırıq. Bu, o deməkdir ki, Brüssel görüşü Azərbaycanın gündəliyinə xidmət edib”.

Bozoyan Aİ Prezidentinin bəyanatında “artsax” və Minsk Qrupu barədə heç nə deyilməməsinin Ermənistan üçün məyusedici olduğunu vurğulayıb: “Ermənistan üçün təhlükəli proses gedir. Brüsseldə heç bir sənədin imzalanmaması o demək deyil ki, belə bir sənəd daha sonra imzalanmayacaq. Əsas problem ondadır ki, Bakı “dağlıq Qarabağ” məsələsini gündəlikdən sıxışdıraraq, “sülh prosesi”ni birinci plana keçirə bilib... İndiki halda aydın görünür ki, heç bir kompromisdən söhbət getmir və Ermənistan Azərbaycanın ərazi bütövlüyün “artsax”la bir yerdə tanımalıdır”.

Erməni ekspert xüsusi olaraq qeyd edir ki, artıq İrəvan üçün “qırmızı cizgi” dəyişərək, Ermənistanın özünün ərazi bütövlüyündən ibarət olub və “artsax” məsələsi ümumiyyətlə, unudulub! Yəni, Ermənistanı indi daha çox öz ərazi bütövlüyü, təhlükəsizliyi narahat edir, nəinki Qarabağda qalan bir ovuc erməninin “statusu” və orada baş verənlər.

Digər erməni ekspert Anna Karapetyan isə bildirib ki, Paşinyan hökuməti guya Qrabağda qalan ermənilərin məsələsini gündəmdə saxladığını bəyan etsə də, reallıq bunun əksini göstərir.

Belə ki, baş nazir Brüssel görüşü ərəfəsindəki çıxışında Qarabağda qalan ermənilərin təhlükəsizliyinin onlar üçün prioritet təşkil etdiyini bildirsə də, qondarma qurumun statusundan danışmayıb: “Hakimiyyət sadəcə, ““dağlıq Qarabağ” əhalisinin təhlükəsizliyindən” danışır, subyekt olaraq ““dağlıq Qarabağ”ın təhlükəsizliyindən” yox! Lakin ““dağlıq Qarabağ” əhalisinin təhlükəsizliyi” anlayışı həmin əhaliyə Azərbaycanın tərkibində olmaq şərtilə Bakının hansısa təhlükəsizlik təminatları verməsini də nəzərdə tuta bilər”.

Bu isə ekspertin fikrincə də “status” məsələsinin gündəmdən çıxmasından xəbər verir.

Ekspert qeyd edib ki, Aİ bu məsələdə fəallaşaraq, Rusiyanı prosesdən kənarlaşdırmağa çalışır: “Bunu dolayısı olaraq o da təsdiqləyir ki, Şarl Mişel sərhədlərin delimitasiyasıyla bağlı Rusiyanın vasitəçiliyilə keçirilən 2021-ci ilin 11 yanvar və 26 noyabr görüşlərində əldə olunmuş üçtərəfli razılaşmalara ümumiyyətlə istinad etmədi”.

Əslində bu, təkcə yuxarıda adı çəkilən ekspertlərin yox, erməni təhlilçilərinin əksəriyyətinin mövqeyidir. Doğrudan da Azərbaycan Ordusunun və diplomatiyasının səyləri, eləcə də beynəlxalq aləmdə Rusiyanın düşdüyü situasiya ilə bağlı yaranmış məlum durum rəsmi Bakı üçün olduqca əlverişli mühit yaradır.

Öz strateji, coğrafi mövqeyi, 44 günlük müharibədəki qələbəsi, malik olduğu iqtisadi və enerji daşıyıcıları potensialı, Ukraynaya öz imkanları daxilində göstərdiyi dəstək və s. ilə Avropa üçün daha da əhəmiyyətli ölkəyə çevrilən Azərbaycan bu danışıqlarda diqtə edən tərəfə çevrilib və bu da təbiidir. Azpolitika.info