44 günlük müharibə qəhrəmanları: Qazi  Cavadov Qulam  Yusif oğlu

44 günlük müharibə qəhrəmanları: Qazi Cavadov Qulam Yusif oğlu

3 Aprel 10:06
329
Bəyəndim (2) Bəyənmədim (0)

Azərbaycanın hərb tarixinə qızılı hərflərlə yazılmış 44 günlük müharibə Azərbaycan Respublikasının Prezidenti, Alı Baş Komandan İlham Heydər oğlu Əliyevin rəhbərliyi altında işğal altında olan ərazilərimizin mənfur erməni işğalçılarından azad olunmasına gətirib çıxardı. Düşmən üzərində qazanılan tarixi qələbədə Azərbaycan əsgərləri və zabitlərinin dünyanı heyrətə salan qəhrəmanlıqlar, şücaətlər göstərmələri böyük rol oynadı. Düşmən üzərində qazanılan qələbədə özünəməxsus payı olan qəhrəmanlardan biri də "Cəsur döyüşçü" medalı ilə təltif edilən Azərbaycan ordusunun giziri qazi Cavadov Qulam Yusif oğludur. Onun keçdiyi şərəfli döyüş yolu gələcək nəsillərə qəhrəmanlıq nümunəsidir. 1997-ci il dekabr ayının 27-də Sabirabad rayonunun Şəhriyar kəndində anadan olan Cavadov Qulam Yusif oğlu hələ orta məktəbdə oxuduğu illərdə hərbçi olmaq, torpaqlarımızın azad olunması üçün düşmənlə döyüşmək istəyirdi. Həqiqi hərbi xidmətdə olduğu illərdə özünü nümunəvi, qorxmaz və cəsur əsgər kimi göstərərək komandirlərinin sevimlisinə çevrilən Qulam nəhayət ki, öz arzusuna çatdı. O, hərbi xidməti başa vurduqdan və müəyyən hərbi hazırlıq keçdikdən sonra gizir kimi şanlı ordumuzda xidmət etməyə başladı. 2020-ci ilin payızında 44 günlük müharibə başlayan zaman gizir Cavadov Qulam Yusif oğlunun xidmət etdiyi "N" saylı hərbi hissə ön cəbhədə idi. Onların hərbi hissəsi döyüşə atılaraq düşmənə böyük tələfatlar verməyə başladı. Hərbi hissənin hədəfi Gülüstan kəndini düşməndən azad etmək idi. Taqım komandiri gizir Cavadov Qulam Yusif oğlunun komandanlığı altında olan əsgərlər düşmənlə şir kimi vuruşurdular. Bu da tezliklə Gülüstan kəndinin mənfur düşməndən azad olunmasına gətirib çıxardı.

Lakin bu döyüş gəsur gizir üçün son döyüş oldu. Belə ki, 2020-ci il oktyabr ayının 5-də Gülüstan kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəman gizir Cavadov Qulam Yusif oğlu döş qəfəsindən və çiynindən ağır yaralandı. Hərbi hospitalda müayinə zamanı məlum oldu ki, düşmən qəlpəsi onun ağ ciyərində qalıb və onu çıxarmaq olduqca təhlükəlidir. Qəhrəman gizirin sağaldıqdan sonra yenidən döyüşlərə can atmasına baxmayaraq həkimlər belə bir vəziyyətdə onun orduda xidmət edə bilməyəcəyini bildirdilər. O, ikinci qrup əlil kimi ordudan tərxis edildi. Müharibədə göstərdiyi igidliklərə görə "Cəsur döyüşçü" medalı ilə təltif olunan gizir Cavadov Qulam Yusif oğlu ikinci qrup əlil olmasına baxmayaraq lazım gələrsə yenidən düşmənlə döyüşlərdə iştirak etməyə hazır olduğunu qürurla bildirir. Qəhrəman gizir ən böyük arzusunun hazırda müvəqqəti olaraq sülhməramlıların nəzarəti altında olan Xankəndi və digər ərazilərimiz üzərində qələbə bayrağının dalğalanmasını görmək olduğunu söylədi. Qeyd edək ki, gizir Cavadov Qulam Yusif oğlunun qardaşı Cavadov İbrahim Yusif oğlu müddətdən artıq hərbi qulluqçu kimi ordumuzda xidmətini davam etdirir. Biz də öz növbəmizdə "Cəsur döyüşçü" medalı ilə təltif olunan qazi, gizir Cavadov Qulam Yusif oğluna torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə təşəkkür etdik və şirin canlarından keçərək cənnəti qazanan şəhidlərimizin ruhlarına dualar oxuduq.

Murad Şahməmmədov