ÖLÜMLƏRİ İLƏ ÖLÜMSÜZLÜYƏ UCALAN ŞƏHİDLƏR
Vətənimizin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlər qədirbilən xalqımız və dövlətimiz tərəfindən hər zaman hörmətlə yad edilir və ediləcəkdirlər. Şəhidlərimizi heç zaman unutmadıq və bundan sonra da unutmayaçağıq. Dövlətimizin və xalqımızın müqəddəs ziyarətgahı, müqəddəs and yeri olan şəhidlər dünya durduqca qəlbimizdə və xatirələrimizdə əbədi yaşayacaqlar.
Şəhidlər haqqında olan silsilə yazılarımda bu dəfə şəhid Nihad Rzaxanovun qısa, ancaq mənalı ömür yolunun parlaq xatirəsindən bəhs edəcəyəm.
Şəhid Nihad Rzaxanovun anası, İradə Rzaxanovanın 19 yaşlı şəhid oğlu haqda xatirələrindən bir neçə cümlə...
...Məktəbdə cəmi bir-iki dərs oturar, çantasını qoltuğuna vurub, evə qaçardı. Mən işdə olurdum. Nə tapsa yeyər, sonra bir-iki saat yatıb, yenidən işə gedərdi. Burada- “Ağsaray” restoranında ofisiant işləyirdi. Soyuq, yağış demədən, hər gün 5 manatı mənə bütöv gətirsin deyə, avtobusa minməzdi. Otuz qəpiyi özünə qıymırdı balam...
Bir dəfə də, ayaqqabısı su keçirməsin deyə aliminium məftillərlə ketalarını möhkəm-möhkəm sarımışdı. Mən çox zillətlərlə uşaq böyütmüşəm. Nihad, böyük oğul idi deyə bütün ümidlərim ona idi...
Kaş ki, məni incidəydi. Kaş ki, ana-bacı, ailə qayğısı çəkməyəydi... Bu qədər yandırmazdı məni. Amma qürur duyuram balamla. O, bizə göstərdiyi qayğını, vətənə də sübut etdi. Axı əsgəri xidmətinin vaxtı tamam olmuşdu. Artıq 3 gün idi ki, xidmətini başa vurmuşdu. Komandir gəlib deyib ki, 5 əsgər cəbhəyə aparılacaq! Nihad da könüllü şəkildə, 6-cı əsgər olub döyüşə gedənlər içində...
Son danışığımızda soruşdum ki, ay oğul, əsgərliyin bitdi, niyə gəlmədin?!
Dedi ki, ana, müharibə başladı. Müharibə bitsin, gələrəm!..
Məndən kostyum istəmişdi. Ona qara kostyum, ağ köynək, qara ayaqqabı alıb aparmışdım. Deyirlər, elə yatağının başında asılı qalıb. Eybi yox, bütün əsgər balalar, hamısı mənim balamdır... Kimə qismət olacaqsa, halal xoşu olsun.

Bir dəfə, hələ o vaxt balaca idi. Çörək pulum yox idi. Gördüm, qaçıb evin arxasından, torpağı eşələyib, banka çıxartdı. İçindən xırda qəpiklər götürüb, qaçıb evə çörək aldı. Sən demə, məktəbə verdiyim qəpikləri, şüşə bankaya yığıb, torpağa basdırırmış...
Mən yenə də oğlumla fəxr edirəm. Axı torpaqlarımız alındı. Oğlum Şuşada şəhid olub. Mənim ağıllı, qeyrətli balam...
P. S: Hər dəfə şəhid ailələrini dinlədikcə, ölüb-dirilirəm. Allahdan onlara səbir diləməkdən başqa gücüm heç nəyə çatmır.
Bircə təsəllimiz var-Şəhidlər Allahın ən əziz məqamındadırlar.
Şəhadətləri mübarək, ruhları şad olsun...
Şəhidlərin ruhları qarşısında baş əyir, Allahdan onlara rəhmət diləyirik!
Dərdləşdi: Fatimə Əlihüseyn Yıldız
















































.jpg)
.jpg)
.jpg)











































