Ramin Quluzadə Şəkidə vətəndaşları qəbul edib
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Şəkidə vətəndaşları qəbul edib.
Apa-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Şəki şəhərində keçirilən görüşdə nazir Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala və Balakən rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya və poçt xidmətləri, bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı müraciətləri dinləyib.
Telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul kimi məsələləri əhatə edən vətəndaş müraciətlərinin əksəriyyəti yerində həllini tapıb.
Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı edilən müraciətlər də qeydiyyata alınaraq, həmin müraciətlərin aidiyyəti üzrə müvafiq qurumlara göndərilməsi təmin olunacaq.
Nazir digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıq və tövsiyələr verib.
Səfər çərçivəsində R. Quluzadə aidiyyəti rayonların telekommunikasiya qovşaqlarının və poçt filiallarının, eləcə də Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.
Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, xidmət keyfiyyəti, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə sahə üzrə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb.
Toplantıda nazir müvafiq sahə rəhbərlərinə xidmət keyfiyyətinin yüksəldilməsi, mövcud çatışmazlıqların aradan qaldırılması, hər bir vətəndaş müraciətinə fərdi və həssaslıqla yanaşılması barədə tapşırıqlar verib.
Mediainfo.az