Salyandakı 5 saylı cəzaçəkmə müəssisəsində dini mövzuda tədbir keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Penitensiar Xidmətin birgə təşkilatçılığı ilə 5 saylı cəzaçəkmə müəssisəsində "İslam dünyası: təriqətçilikdən vəhdətə doğru" mövzusunda tədbir keçirilib.
Komitədən "Report"a verilən məlumata görə, tədbirdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov iştirak edib.
Dövlət Komitəsinin əməkdaşı Nahid Məmmədov Salyan rayonunda yerləşən 5 saylı cəzaçəkmə müəssisəsində "İslam dünyası: təriqətçilikdən vəhdətə doğru" mövzusunda keçirilən tədbirin mahiyyəti barədə məlumat verib. O, dini zəmində baş verən bütün münaqişələrin kökündə əslində dünya maraqlarının dayandığını, həmçinin bu maraqların siyasi müstəvidə həll edilərkən dindən sadəcə alət kimi istifadə edildiyini, dindarların heysiyyatının istismar edildiyini bildirib.
N.Məmmədovun sözlərinə görə əslində münaqişələrdə dindən istifadə etmək üçün baş vurulan metodlar demək olar dəyişməyib. Bu metodların ən uğurlusu isə məzhəbçilik, təriqətçilik zəminində bölücülüyü dərinləşdirməklə insanların məzhəbi zəmində bir-birilərinə qarşı nifrət hissini oyatmaqdır.
Tədbirdə qeyd olunub ki, vəhdəti qorumaq, münaqişələrdən uzaq olmaq və ən əsası layiqli vətəndaş kimi cəmiyyətə və ailəsinin yanına geri dönmək məhkumların əsas prioriteti olmalıdır.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb və Dövlət Komitəsinin nəşrləri olan müxtəlif ədəbiyyatlar hədiyyə edilib.
Mediainfo.az