Eşq duyğuları
Suda hünər hanı eşqi soyuda,
Eşq odu yandırar soyuq suyu da.
Həyat təkcə sevgi üzərində qurulmayıb, nə də ki, yaşamaq təkcə sevmək üçün deyil. Sadəcə olaraq sevgi həyatı və yaşamağı gözəlləşdirir, insanı qəlbən ruhlandıraraq stimul verir. Sevgi həyatımızın bir hissəsi olaraq qəlbimizi asanlıqla fəth edir. Nə qədər həyat var sevgi də olacaq, nə qədər sevgi var, həyat da davam edəcək.
(055) –79-92 nömrəli telefonun sahibi olan xanım yazır: - Salam, İsa Rəvan. Mən sizin haqqınızda, bizlərə belə böyük dəstək verdiyiniz haqda ilk dəfədir bilirəm. Sizin məsləhətinizə çox ehtiyacım var. 17 yaşım var, nişanlıyam, bir-birimizi sevirik. Mən onu əvvəl o qədər də sevmirdim, o məni sevsə də. Məni sevən başqa bir oğlanla telefonda danışaraq ona xəyanət etdim. Bu bəlkə də bir az yaş dövrüylə əlaqədar çılğınlığımdan irəli gəlirdi. İndi çox peşmanam. Bir gün o bunu bildi, çox utandım. Amma o biləndə mən artıq neçə gün idi ki, o oğlanla danışmırdım. O oğlana zəng etdiyimə görə peşman idim. Çünki nişanlımı indi çox sevirəm, amma neyləyim, o bunu bildi. İndi nişanlımı çox sevirəm, özümü ona bağışlatmaq, onun yenidən mənə güvənməsi üçün necə hərəkət etməliyəm?
Çox sağ olun.
İsa Rəvan: - Sevgi xəyanəti qəbul etmir. Nəinki sevgidə, ümumiyyətlə, həyatda xəyanət yaxşı hal deyil. Sevgi onu qəlbən duyub yaşayandan daha güclü olur. Ağılın dərk etdiyi sevgi ilə, həyatı dərk edib sevməyin arasında fərq çoxdur. 15 yaşında da sevgi ola bilər. Ancaq bu o hissi sadəcə yaşamaqdır. Onun mahiyyətini hələ tam halında dərk edə bilməz. Bu, çılğın dövrün çılğın sevgisi olduğundan ötəri də, ani də ola bilər. Ümumiyyətlə, 11-13, 13-15, 15-17 yaş arası böhran dövrüdür. Bu dövr keçid dövrü də adlanır. Bu yaşda olan yeniyetmə qavradığı çox şeyi edə bilər. Ona görə də xüsusən anaların nəzarət etməsi ikiqat məsuliyyət tələb edir. Sizin nişanlı ola-ola başqa birisi ilə telefonda danışmağınız yaxşı hal olmasa da, bunu keçid dövrünüzlə əlaqələndirmək olar. Bunu xəyanətdən əlavə səhv bir addım kimi də adlandırmaq olar. Çünki 17 yaş hələ tam halında yetkinlik və ya gənclik dövrü deyil. Bu yaş yetkinlik dövrünün astanasıdır. Bu yaş üçün nişanlanmaq, ailə həyatı qurmaq çox tezdir. Həyatı dərk etmədən ailə məsuliyyətini dərk etmək olmaz. Təbii ki, siz də həyatı düşünərək yox, düşüncələrinizdən irəli gələrək hərəkət edəcəksiniz. Əsas odur ki, etdiyin səhvi başa düşüb onu bir daha təkrarlamayasan. Siz də bunu başa düşüb daxilən əzab çəkirsiniz. Daxilən yaşanan gizli sevgi sonradan özünü büruzə verir. O zaman da nişanlınızı indiki kimi sevsəydiniz başqa birisi ilə də danışmazdınız. Çünki qəlbinizi fəth eləyən sevgi sizi özünə də bağlayacaqdı. Hamımız səhv edirik, əsas o səhvimizi başa düşməyimizdir.
Nişanlınızın da bu etdiyinizi sizə bağışlaması sizə olan sevgisindən irəli gələn böyüklüyüdür. O, hər şeyi sevgisinə qurban verərək sizi bağışlayıb. Çünki sizi həqiqətən sevir və sizə hörmət edir. Çalışın siz də o hörmətin qarşılığını davam etdirə biləsiniz. O, sizə inanırsa, bu inamı getdikcə doğruldun. Bəli, sevgidə ilk növbədə inam olmalıdır. Siz bu inamı ona olan sevginiz, hörmətiniz, davranışınız və münasibətiniz, ən başlıcası da səmimiyyətinizlə qazana bilərsiniz. Hərəkət və düşüncələriniz bunu sübut etdirməlidir. İlk növbədə öz qürurunuzu qoruyaraq özünüzə inanın ki, nişanlınız da sizə daha çox güvənsin. Hər şey yaxşı olacaq. Yetər ki, qəlbinizlə deyil, həyatı və gələcəyinizi düşünərək ağılnan hərəkət edəsiniz. Siz artıq sərbəst deyil, nişanlı olaraq məsuliyyət daşıyırsınız. Nişanlı dövrünüzün vüsal dolu şirin anlarını səmimi və mehriban yaşayın. Sizə nişanlınızla birgə xoşbəxtlik arzusuyla.
(055) -51-81 nömrəli mobil telefonun sahibi olan bəy yazır: - Salam, İsa Rəvan. Mən də anlaşılmaz bir məsələ ilə bağlı sizə müraciət edirəm. Bir qızla bir-birimizi sevirik. O da, mən də bir ildən çoxdur ki, bu sevgini qarşılıqlı yaşayırıq. Sevdiyim qızın anası da artıq bunu bilir. Amma bir problemlə üzləşmişik. Problem ondadır ki, qızın atası öz qohumlarından bir nəfərlə öz aralarında gələcəkdə quda olmaq üçün "deyilkli" söhbəti ediblər. Ona görə də atası bu işə razı deyil. Bilmirik nə edək. Hər ikimizin sizin dəyərli məsləhətinizə ehtiyacımız var. Sağ olun.
İsa Rəvan: - Bu haqda dəfələrlə bildirmişik ki, qarşılıqlı olan təmiz sevgiyə valideynlərin yersiz müdaxilələri o sevginin səadətinə xələl gətirir. Valideynlərin öz aralarında deyikli söhbəti etməsi artıq lap çoxdan geridə qalıb. O vaxt ki, valideyn özü çox zaman oğluna qız bəyənərdi və bu qızın da qohumlardan olmağına üstünlük verərdilər. İndi artıq müasir dövrdür. Hər dövr kimi müasir dövrün də öz tələbləri var. Yeniliklərlə dolu olan müasir zamanda gələcək cütlük olan gənclər özləri tanış olaraq bir-birlərini tanıyırlar. Sevgiyə qadağa yoxdur, nə də ki, eşq aləmində qəlbə hökm vermək olmur. Bu baxımdan qızın atası düzgün etmir. Bəlkə danışdığı kişinin oğlu da başqa bir qızı istəyir. Sevgi olmayan yerdə hansı xoşbəxtlikdən, hansı səadətdən söhbət gedə bilər. Bunu keçilməz sədd bilib elə də dərd etməyin. Ailə həyatında övladın öz sevgi və istəyi də nəzərə alınmalıdır. Odur ki, hər ikiniz ruhdan düşmədən mübariz olmalısınız. Qız anasına bu barədə qəti olaraq fikrini bildirməli, ondan xəbərsiz atasının bu seçiminə etiraz etməlidir. Qəlb istəmədiyini məcbur sevdirmək olmaz. İlk növbədə həmin "deyikli" oğlanın da həyatında başqasının olub-olmadığını və bu məsələyə fikrini bilmək lazımdır. Çox güman ki, onun da öz sevdiyi var. Və belə olması sizin xeyrinizədir. Onda qızın atası da şəksiz olaraq fikrini dəyişəcək. Siz də öz sevginizdən dönməz olaraq qızın valideynlərinə onların övladlarını nə qədər xoşbəxt etməyə qadir olduğunuzu sübut etməyə çalışın. Bütün müsbət cəhətlərinizlə onların rəğbətini qazanmağa doğru hərəkət edin.
055 / ... 87 – 11 nömrəli mobil telefonun sahibi olan digər bəy yazır: - Salam, İsa Rəvan. Mənim də sizin məsləhətinizə ehtiyacım var. Mən bir qızla tanış olmuşam, onun 26 yaşı var. Görüşüb söhbət etmişik, mənimlə ailə qurmaq istədiyini deyib. O məni, mən də onu çox sevirəm. Sizcə mən onunla ailə qursam yanılmaram ki? Mümkün qədər mənə bir cavab verin. Əvvəlcədən təşəkkürlər.
İsa Rəvan: - Ailə qurmaq diqqətəlayiqdir. Ancaq bunun üçün hərtərəfli hazır olmalısınız. Təkcə sevmək hər şeyi həll etmir. Qarşılıqlı diqqət, hörmətdən əlavə, xasiyyətlərinizin də düz gəlməsi və bəyənilməsi vacibdir. Siz görüşərək bir-birinizə yaxından bələd olmusunuz və hər şey sizdə normaldırsa niyə də yox?! Əgər seçiminiz düzdürsə, bu sevgini qarşılıqlı hörmət çərçivəsində yaşayırsınızsa niyə də yanılmalısınız? Qız razıdırsa və ilk növbədə siz özünüz ailə qurmağa hazırsınızsa, son qərarı da siz özünüz verməlisiniz. Sizə xoşbəxtlik arzulayıram.
İsa Rəvan.
Əlaqə nömrəsi: (055) 785 84 83














































.jpg)

















































