Hüquq müdafiəçiləri polis şöbələrində və hərbi hissədə monitorinq keçiriblər

Hüquq müdafiəçiləri polis şöbələrində və hərbi hissədə monitorinq keçiriblər

14 Oktyabr 2015 16:52
Bəyəndim (0) Bəyənmədim (0)

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov köməkçisi Rövşən Məmmədovla birlikdə polis şöbələrində və hərbi hissədə monitorinq keçiriblər.

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, Salyan və Neftçala rayon polis şöbələrinin müvəqqəti saxlanma yerinlərinə baş çəkiblər: "Monitorinq zamanı bizə qeyri-insani rəftarla bağlı şikayət edən olmadı. Bəzi xırda nöqsanları nəzərə almasaq ciddi problemlə üzləşmədik. Həmin xırda nöqsanları polis şöbələrinin rəislərinin diqqətinə çatdırdıq, yaxın zamanda onlar həll olunacaq. Neftçala rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yerinin təmirə ehtiyacı var. Biz bununla bağlı daxili işlər naziri Ramil Usubova müraciət edəcəyik".

Elçin Behbudov Müdafiə Nazirliyinin Salyanın Xıdırlı qəsəbəsində yerləşən intizam xarakterli "N" saylı hərbi hissəsində də monitorinq keçirdiklərini bildirib: "Orada məhkəmə qərarı ilə məhkum olunmuş əsgərlər saxlanılır. Saxlanma şəraitindən şikayətləri olmadı, lakin məhkəmə qərarından narazılıq edənlər var. Orada olarkən bizə bildirdilər ki, Zakir Həsənov müdafiə naziri təyin olunduqdan sonra hərbiçilərə milli yeməklər verilir, təmizlik işlərində mülki şəxslər çalışır ".

Hüquq müdafiəçisi əsgərlərin xırda səhvlərə görə həbs edilmələrinin düzgün olmadığını da bildirib: "Bir silləyə, bir söyüşə görə əsgəri həbs etmək məncə düzgün deyil. Biz bu məsələni dəfələrlə qaldırmışıq. Yaxın vaxtlarda respublikanın hərbi prokuroru Xanlar Vəliyevlə də görüşüb bu məsələni müzakirə etməyi düşünürəm".

E. Behbudov hərbi hissədəki monitorinqlə bağlı müdafiə naziri Zakir Həsənova arayışla məlumat verəcəyini də bildirib.

Mediainfo.az