Hüseyn Bağırov Oğuzda vətəndaşları qəbul edib
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Oğuzda vətəndaşların qəbulunu keçirib.
Apa-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Oğuz şəhərindəki Olimpiya İdman Kompleksində keçirilən qəbulda Oğuzla yanaşı Qəbələ və İsmayıllı rayonlarında yaşayan vətəndaşlar da iştirak edib.
Nazir H.Bağırovla birlikdə nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin də iştirak etdiyi görüşdə ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, biomüxtəliflik, hidrometeorologiya, meşələrin qorunması, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı 50-yə yaxın vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb.
Qəbul zamanı vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, onları narahat edən şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb. Müraciətlərin bir hissəsi isə elə yerindəcə öz həllini tapıb. Birbaşa müraciət edən vətəndaşlar da nazir H.Bağırov tərəfindən dinlənilib, müraciətlərin operativ həlli üçün qanunvericiliyə müvafiq tədbirlər görülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Mediainfo.az