Dini komitənin sədri İsrailin yeni səfirini qəbul etdi
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Dan Stavı qəbul edib.
Görüş zamanı komitə sədri Azərbaycan-İsrail münasibətlərinin tarixindən danışıb. Komitə sədri yəhudi icmasından söz açaraq bildirib ki, yəhudilər Azərbaycanda 2500 ildən artıqdır məskunlaşıblar. Onlar ölkəmizdə heç vaxt dini dözümsüzlüyə və ayrı-seçkiliyə məruz qalmayıblar. Ölkədə yəhudilərin sayının 30 minə yaxın olduğunu qeyd edən Mübariz Qurbanlı Quba rayonunda yerləşən Qırmızı Qəsəbənin İsrail istisna olmaqla, dünyada yəhudilərin kompakt şəkildə yaşadıqları yeganə tarixi məkan olduğunu bildirib. 2003-cü və 2012-ci illərdə Bakıda dövlət hesabına dindarlar üçün iki sinaqoqun tikilib istifadəyə verildiyini deyən komitə sədri respublikada fəaliyyət göstərən yəhudi dini icmasına hər il dövlət büdcəsindən maliyyə yardımı ayrıldığını da vurğulayıb.
Azərbaycanda tolerantlığı yüksək dəyərləndirən səfir Dan Stav Azərbaycanla İsrailin dost ölkələr olduğunu, fəaliyyəti dövründə iki ölkə arasındakı yüksək səviyyəli əlaqələrin daha da möhkəmlənməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.
Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda İsrailin yeni səfiri Dan Stav səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.
Mediainfo.az

















































.jpg)














































