Murad Dadaşov: “Cavid İmamverdiyev kimilərinə yazıqlar olsun...”

Murad Dadaşov: “Cavid İmamverdiyev kimilərinə yazıqlar olsun...”

28 Aprel 2015 14:42
Bəyəndim (0) Bəyənmədim (0)

Parni iz Baku" KVN komandasının keçmiş iştirakçısı Cavid İmamverdiyevin erməni "soyqırımı" bağlı bildirdiyi fikirlər ölkədə böyük rezonans yaratdı. Mətbuatda sosial şəbəkələrdə kəskin narazılıqlar ifadə olundu.

Tanınmış şoumen, "Parni iz Baku" KVN komandasının məşhur üzvlərindən biri Murad Dadaşov da məsələyə öz münasibətini bildirib. Bu barədə "Yeni Müsavat"a danışan tanınmış şoumen keçmiş komanda yoldaşı Cavid İmamverdiyevin bu cür mövqeyindən təəssüfləndiyini bildirib:

"Arzulamazdım ki, Cavidin bu cür mövqeyi ortaya çıxsın. Bu günəcən mən onu başqa mövqedə tanımışam, nəinki ermənilərə dəstək verən bir insan kimi. Bu məsələdə ona qətiyyən bəraət qazandırmıram. Bu cür fikirdə olan insanlara yazıqlar olsun.

Ümidvaram ki, Cavid sadəcə fikirlərini düzgün ifadə edə bilməyib. Yəni, buna ümid edirəm. Heç bir Azərbaycan vətəndaşının erməni "soyqırım"ı deyilən yalançı, qondarma bir faktı tanıması barədə cüzi də olsun şansı yoxdur. Bu cür səhvlərə yol vermək olmaz və olmamalıdır.

Ümumi dəyər deyilən bir şey var, vətəni heç nə ilə bağlamaq olmaz. Vətən dostluqdan, ailədən, övladddan belə daha öndə duran anlayışdır.

Bizim komandamız uzun illər azərbaycançılıq ideyalarını mədəniyyət vasitəsilə dünya ictimaiyyətinə çatdırıb. Hər zaman azərbaycanlı olaraq vətənimizin adını yüksəltməyə çalışmışıq və bildiyiniz kimi, bunu bacarmışıq da. Cavidin fikirlərinə görə biz məsuliyyət daşımırıq. O, uşaq deyil, özü öz hərəkətlərinə cavab verməlidir. Şəxsən mən bir azərbaycanlı olaraq onun bu mövqeyini qəbul etmir, yaxşı münasibət bəsləmirəm".

Məsələ ilə bağlı "Parni iz Baku" KVN komandasının digər tanınmış üzvü Bəhram Bağırzadə ilə əlaqə saxladıq. Lakin o, müalicədə olduğunu, komanda yoldaşının mövqeyi ilə bağlı danışmaq istəmədiyini bildirdi.

Qeyd edək ki, Cavid İmamverdiyevin professor atası, sabiq millət vəkili Sudеyif İmаmvеrdiyеv oğlunun mövqeyi ilə bağı "Yeni Müsavat"a şərh verərkən "bütün dünyaya məlumdur ki, soyqırıma məruz qalan azərbaycanlılar çoxdur, nəinki qırılan ermənilər..." sözlərini işlətmişdi.

Xatırladaq ki, bu günlərdə Cavid İmamverdiyev sosial şəbəkədə həmvətənlərinə Türkiyədə "soyqırım"ın olduğunu etiraf etməyin, başsağlığı verməyin və tövbə etməyin lazım olduğunu bildirmişdi.

Mediainfo.az