
Nazir redaktorlarla görüşüb
Azərbaycan Xalça Muzeyində Mətbuat Şurasının təşəbbüsü ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə Şuranın İdarə Heyətinin üzvləri, həmçinin informasiya agentlikləri, qəzetlərin baş redaktorları və jurnalist təşkilatlarının rəhbərləri ilə görüşü keçirilib.
Apa-nın məlumatına görə, görüşdə Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək, qurumun dövlət rəsmiləri ilə mütəmadi olaraq belə görüşlər təşkil etdiyini bildirib. Şura sədri qeyd edib ki, bu cür görüşlər jurnalist-məmur münasibətlərinin daha da sıxlaşmasına, əlaqələrin intensivləşməsinə şərait yaradır.
Tədbirdə nazirlikdə aparılan islahatlar, mətbuat orqanları ilə əməkdaşlığın genişləndirilməsi yolları, III Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq, forumun mediada işıqlandırılması ilə bağlı prioritet tövsiyələr, I Avropa Oyunları ilə əlaqədar nazirliyin vəzifələri, turizm müəssisələrində hazırlığın səviyyəsi kimi mühüm məsələlər müzakirə olunub.
Görüşdə çıxış edən mədəniyyət və turizm naziri Ə. Qarayev son illərdə rəhbərlik etdiyi qurum tərəfindən həyata keçirilən işlərdən, mədəniyyətimizin inkişafı, təbliği istiqamətində reallaşdırılan layihələrdən söz açıb.
Nazir qeyd edib ki, son aylar ərzində Mədəniyyət və Turizm Nazirliyi daxilində aparılan struktur dəyişikliklər ictimaiyyət nümayəndələri və kütləvi informasiya vasitələri ilə işin daha səmərəli qurulmasına, yeni dövrün tələblərinə cavab verən layihələrin reallaşmasına xidmət edir.
Görüşdə "Ədalət" qəzetinin baş redaktoru İradə Tuncay, "APA Holding"in rəhbəri Vüsalə Mahirqızı, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Azvision.az saytının rəhbəri Vüsal Məmmədov, haqqın.az saytının redaktoru Zaur Rəsulzadə çıxış ediblər. Çıxışçılar mədəniyyət və turizm sahəsindən yazan jurnalistlərə treninqlər keçirilməsi, müxtəlif müsabiqələr təşkil edilməsi, mədəniyyət müəssisələrinə jurnalistlərin sərbəst girişinin təmin olunması, Azərbaycanın turizm potensialının xaricdə təbliği, mədəniyyət və turizm obyektlərində Azərbaycan dilinin qorunması və s məsələlər barədə fikirlərini bildirib, təkliflərlə çıxış ediblər.
Mediainfo.az